Azərbaycan gerçəkləri Rusiya mediasında işıqlandırılır
Siyasət

Azərbaycan gerçəkləri Rusiya mediasında işıqlandırılır

Azərbaycan dünya ölkələri ilə münasibətlərini dostluq, qardaşlıq, hörmət əsasında qurmağa üstünlük verir. Ölkəmiz bir çox dövlətlərlə əlaqələr qurub və bu münasibətlər müxtəlif sahələri əhatə edir. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan şimal qonşusu ilə əlaqələrini daim diqqət mərkəzində saxlayır. Dövlətlər arasında müxtəlif sahələri əhatə edən müqavilə və sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mütəmadi olaraq görüşlər keçirir, ikitərəfli və beynəlxalq müstəvidə bir çox mövzular ətrafında müzakirələr aparırlar. Ölkə başçımız dəfələrlə qeyd edib ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Həmçinin ticari-iqtisadi, investisiya, elmi-texniki əlaqələr və vətəndaş cəmiyyəti təsisatları arasında münasibətlər inkişaf edir.

Bu ilin iyul ayında Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxışını geniş işıqlandırıb. Ölkənin bir çox mətbuat orqanında bu barədə yazılar dərc edilib. "Kommersant" qəzetində  dərc olunan məqalədə deyilib ki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını qeyd edib. Yazıda Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər yer alıb:

"Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

"News.ru" İlham Əliyevin Qarabağdakı erməni hərbi birləşmələrinin tərk-silahı ilə bağlı bəyanatına toxunub, dövlət başçısının 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata Ermənistanın əməl etməməsini vurğulayan nitqinə yer verib: "Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir".

"İnterfax.com"da isə Azərbaycan Prezidentinin Birləşmiş Millətlər Təşkilatında köklü islahatların aparılmasının vacibliyi haqqında fikirləri qeyd edilib: "Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq".

Bunlardan başqa, TASS və "Vestnik Kavkaza" agentlikləri, "Lenta.ru", "Moskovskiy komsomolets", "Rusmk.ru", "Voyennoe obozreniye", "Novıye izvestiya", "Regioni Rossii" nəşrləri, "Mir" teleşirkəti və bir sıra digər mətbuat orqanları da Prezident İlham Əliyevin BMT-də islahatlar, Fransanın neokolonializm siyasətinin tənqidi və Ermənistanın üçtərəfli Bəyanata məhəl qoymaması ilə bağlı səslənən fikirlərinə istinad edib, məqalələrdə Azərbaycan liderinin nitqindən sitatlar gətirilib.

Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Dövlət Bayrağını yüksəltməsindən sonra, Rusiyanın TASS agentliyinin binasının girişində "Əliyev Azərbaycan bayrağını Xankəndidə ucaltdı" sözləri qeyd olunub, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu, erməni hərbi ekspert Vladimir Poqosyanı özündən çıxarıb. O, Rusiya agentliyinin belə informasiya təqdim etməsini həzm edə bilməyib və "TASS qanuni hərbi hədəfdir" sözlərini deyib. Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin keçmiş müşaviri işləmiş Poqosyan TASS-a qarşı müharibə "elan edib". TASS agentliyi, həmçinin 20 il əvvəl İlham Əliyevin prezident seçilməsi ilə bağlı xəbər paylaşıb. Burada dövlətimizin başçısının Xankəndidəki çıxışından fikirlərə yer verilib. Agentlik qeyd edir ki, Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. Yazıda dövlətimizin başçısının çıxışından sitat gətirilib: "Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".

"Vedomosti" nəşri də dövlətimizin başçısının Xankəndidə üçrəngli Bayrağımızı ucaltdığını diqqətə çatdırıb. Rusiyanın bir çox xəbər saytı Azərbaycanla bağlı xəbərləri işıqlandırıb. "Vedomosti", Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan hakimiyyətinin nümayəndələri arasında görüş keçirilməsi haqqında yazıb. Burada vurğulanır ki, qondarma qurumun buraxılmasından sonra Azərbaycan Prezidenti regionda sülh müqaviləsinin imzalanması üçün daha münasib şərait yaranıb. "Moskovski komsomolets" nəşri Azərbaycan Prezidentinin rəsmi saytına istinad etməklə, Prezident İlham Əliyevin Ağdərədə də Azərbaycan Bayrağını ucaltdığını yazıb. Rusiya Dövlət Dumasının rəsmi nəşri olan "Parlamentskaya qazeta" Azərbaycan Ordusunun sentyabrın 19-da antiterror tədbirləri keçirməsi nəticəsində sentyabrın 28-də qondarma Qarabağ "respublikası"nın buraxılması barədə sənəd imzalanmasını qeyd edib.    "Arqumentı i faktı" nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltmasını mühüm hadisə kimi qiymətləndirib, qeyd edib ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni əhalisinin reinteqrasiyasının ətraflı planını təqdim edərək, onların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunacağına vəd verib.

Həmçinin, "NTV", "REN TV", "TVTS" kimi telekanallarda, Azərbaycan Prezidenti İlham Əliyev respublikanın üçrəngli Bayrağını Xankəndidə ucaltması haqqında sujetlər yayımlanıb, burada Qarabağ ətrafında baş verən son hadisələr, davam edən danışıqlardan sonra tərəflərin region əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə razılığa gəlinməsi qeyd edilib.

"Veçernyaya Moskva", "Qazeta.ru", "Kommersant", "Rossiyskaya qazeta", "Voennoye delo", "İnterfaks", "Fontanka.ru", "İzvestiya" və bir çox digər Rusiya nəşrləri də Azərbaycan Prezidentinin Xankəndiyə səfəri və çıxışını geniş işıqlandırıb.

Azərbaycan dostluq əlaqələrinə verdiyi dəyər, ədalətli mövqeyi və sülhsevər siyasəti ilə bütün dünyada böyük nüfuza malikdir. Bu gün Azərbaycan uğurlu xarici siyasət yürüdür və bütün gerçəklər dünyaya çatdırılır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".