Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə dəstəklənir
Siyasət

Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə dəstəklənir

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə dövlətimizin gücünü nəinki regionda, hətta beynəlxalq müstəvidə də bir daha təsdiqlədi. İkinci Qarabağ savaşı ölkəmizin yalnız hərb meydanında qələbəsi kimi yadda qalmadı, Azərbaycan həm diplomatik müstəvidə, həm də informasiya aləmində qalib tərəf oldu. Dövlətimizin başçısının siyasi iradəsi, qətiyyəti, ən çətin anlarda düzgün qərar qəbul etmək bacarığı zəfərimizi şərtləndirən əsas amillərdən idi. Vətən müharibəsində təkcə Ermənistan deyil, bütün anti-Azərbaycan dairələri məğlub edildi.

Döyüş meydanında qazandığımız qələbənin ardınca, diplomatik uğurlarımızın məntiqi nəticəsi kimi üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın birgə bəyanat imzalaması ilə düşmən öz kapitulyasiyasını rəsmən təsdiqləmiş oldu. Döyüş meydanında məğlub olan Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa yolu qalmadı.

Bu il aprelin 26-da Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə Laçın sərhəd-buraxılış məntəqəsi qurulub. Məntəqənin qurulması təkcə Azərbaycanın suveren hüquqları çərçivəsində deyil, həmçinin bütün beynəlxalq qaydalara uyğun olaraq reallaşıb. Amma Ermənistan tərəfi hər zaman olduğu kimi, bu məsələyə də bir qulp qoyub. Belə ki, haylar Azərbaycanın Laçın dəhlizində keçid məntəqəsi quraşdırması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Amma Ermənistan unudur ki, məntəqə beynəlxalq hüquq normaları çərçivəsində qurulub. BƏM-dən Ermənistana rədd cavabı gəlməsi bunu bir daha təsdiq edir. Gülünc məqam isə rədd cavabı almasına baxmayaraq, düşmənin yenidən Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsidir. İyulun 6-da BƏM Ermənistanın bu tələbini də rədd edib. Ermənistan tərəfindən danışıqlar aparan Yeqişe Kirakosyan isə dünya ictimaiyyətini aldadaraq guya İrəvanın Azərbaycana qarşı ikinci iddiasının Beynəlxalq Ədalət Məhkəməsində qəbul edilməsi haqqında bəyanat verib. Əslində isə Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarını təsdiqləyib.

Xatırladaq ki, BƏM-in 22 fevral 2023-cü il tarixindəki qərarında Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialar əsaslı faktlar olmadığı üçün rədd edilmişdi. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın Laçında sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratması beynəlxalq aləmdə qəbul edilir və ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi olmayacaq. Çünki beynəlxalq hüquqda ən ali prinsip - ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığı hesab olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".