Silahlanmaq əsas şərt deyil...
Siyasət

Silahlanmaq əsas şərt deyil...

Döyüş meydanından qorxub qaçan ermənilər artıq bunu çoxdan dərk ediblər

"Ermənilik xəstəliyi". Bu sağalmaz mərəz erməni məkrinin ən şiddətli təzahürüdür. Erməni məkrinin mayasında isə ekstremizm, separatizm, terrorizm, vandalizm, faşizm, qəsbkarlıq - istilaçılıq hərisliyi, hiylə, yalan və s. dayanır. Əsrləri keçib gəlsə də "ermənilik xəstəliyi" hələ də yaşayır...

...2000-ci il dekabr ayının 29-da Beyrutda "Ermənistan-Livan-Suriya diasporlarının "Müdafiə birliyi" adlı təşkilat yarandı. Yanvar ayının 16-da isə bu birliyin "Apostol" adlı hərbi qanadı quruldu. Və Azərbaycanla bağlı belə bir qətnamə qəbul etdilər: "... Əgər biz müqavimət göstərməli olsaq, onda hücum edən tərəflər kimi müdafiə olunan tərəflər də birləşməlidirlər...". Erməni katolikosu Birinci Qaregin isə "Kilsə və erməni diasporu" kitabında yazırdı: "... Livanın erməni icması erməni diasporunun ən sanballı hissəsidir. Livan və Suriya Qərb ermənilərinin böyük bir hissəsinin rahatlıq və sığınacaq tapdıqları ölkələrdir...".

Əslində erməni diasporunun yaratdıqları "Müdafiə birliyi" yeni məsələ deyildi, çünki bir qədər əvvəl, hələ 1991-ci ildə Avropada, 1993-cü ildə Afrikada, 1997-ci ildə Amerikada, eləcə də 1998-ci ildə Şərqi Avropada erməni diasporunun "müdafiə birlikləri" yaranmışdı. Bu birliklərin bir qismi rəsmi qaydada xeyriyyə təşkilatları kimi qeydiyyatdan keçmişdi. Xeyriyyəçilik adı altında fəaliyyət göstərən bu hərbi-siyasi, strateji qurumların maliyyə yardımları, proqram və sənədləri, dünyada "diplomatik" çıxışları bilavasitə Erməni Katolik Kilsəsi, Amerikanın Erməni Assambleyası, Erməni Hüquqçular Assosiasiyası, Amerikanın Erməni Milli Komitəsi, Amerikanın Erməni Missioner Assosiasiyası və s. bu kimi erməni diaspor mərkəzləri tərəfindən tənzimlənir. Onu da qeyd edək ki, "Müdafiə birliyi"nin Paris, Beyrut, Tehran, Moskva, Vaşinqton kimi şəhərlərdə bank hesabları açılıb və kifayət qədər məbləğ də toplanıb. Diaspor liderlərindən Talo Şahbazyan 2011-ci ildə Fransada nəşr olunan "Krua" ("Xaç") axşam qəzetinə verdiyi müsahibədə deyib: "... Əqidəsindən və tutduğu mövqedən asılı olmayaraq hər bir erməni hər hansı bir ölkədə gəzərkən o, hiss etməlidir ki, öz həmvətənləri, öz qardaş və bacıları tərəfindən müdafiə olunur... Biz indi "Müdafiə birliyi"nin hərbi qanadlarını yaradırıq...".

T.Şahbazyan deyirdi ki, dünyada, xüsusən də Zaqafqaziyada erməni torpaqlarını azad etmək üçün... cavanlar vuruşmaq, döyüşə atılmaq istəyirlər. Və buna görə də həmin cavanların bir qrupu silahla "işləmək" qaydalarını, döyüş strategiya və taktikalarını öyrənmək üçün "müdafiə birlikləri"nə daxil olacaqlar. Başqa bir strateji məqama toxunan diaspor lideri bunu da deməyi unutmamışdı ki, erməni diasporunun... yəhudi, alman, rus, ingilis, fransız, fars... diasporları ilə, eləcə də MDB ölkələri xalqlarına məxsus diasporlarla əlaqələri qurulmaqda və genişlənməkdədir.

Hələ 90-cı illərin sonunda Ermənistanda "XXI əsr erməni diasporunun siyasi-strateji vəzifələri" mövzusunda keçirilən toplantıda dünyanın 36 ölkəsindən diaspor nümayəndələri, dini birliklərin başçıları iştirak edirdilər. Bu toplantıda erməni millətinin digər millətlərlə yaxınlaşması və yeni əlaqələrin (hərbi, ticarət, mədəni) qurulması strateji baxımdan araşdırılmışdı. Bundan sonra xaricdəki erməni diasporunun üzvləri də hərbi xidmətə cəlb olunurdu. Bu sahədə ilk addımı isə Fransadakı ermənilər atmışdılar.

Digər tərəfdən, keçmiş Dağlıq Qarabağda formalaşan ordu üçün xaricdəki erməni diasporlarının göndərdiyi ianələrin məbləği də gündən-günə artırılırdı. İanə yığılması, köçürülməsi əməliyyatı Ermənistanın "Vətən" cəmiyyətinin Xankəndidəki filialı vasitəsilə həyata keçirilirdi. Fransadakı erməni diasporu Parisdə fəaliyyət göstərən erməni kilsələrinin "böyük və müqəddəs yer" adlı mərkəzləşdirilmiş baş qərargahını yaratmışdılar ki, bu qərargahın da nəzdində "Dağlıq Qarabağ" və "Naxçıvan" qrupları fəaliyyət göstərirdi.

Bəli, bütün bunlar isə özlərinin də dediyi kimi, "güclü erməni ordusu" yaratmağa xidmət edirdi. 2020-ci ilədək illərlə formalaşdırdıqları "basılmaz erməni ordusu" mifi isə cəmi 44 günə yox edildi. Erməni diasporunun da, onun havadarlarının da xərclədiyi vəsait göyə sovruldu. Onların xaricdən gətirdikləri hərbi sursatlar, texnika Azərbaycan oğullarının idarə etdiyi tankların tırtılları altında əzildi, hərbi qənimət kimi götürülüb Bakı küçələrində nümayiş etdirildi, "Hərbi qənimətlər" parkında yerləşdirildi. Bir vaxtlar yurd-yuvalarından zorla qovduqları azərbaycanlılardan qənimət götürdükləri şəxsi avtomobil maşınlarının nömrələrindən ibarət düzəltdikləri böyük stendin nümayiş etdirilməsi 2020-ci ilin dekabrında Bakıda Azadlıq meydanında keçirilən hərbi paradda eyni ssenarilə ermənilərin üzlərinə şapalaq kimi çırpıldı. İllərlə hazırlaşsalar xarici ölkələrdə təlim görsələr də erməni "cavanları" döyüş meydanını qoyub qaçdılar, çünki Vətən müharibəsinin başlandığı ilk anlardan Azərbaycan hərbçiləri onların gözünün odunu almışdı. Elə bu il sentyabrın 19-20-də Qarabağda aparılan antiterror tədbirlərində bir daha Azərbaycan Ordusunun gücünü gördülər. Dövlət başçısının dediyi kimi: "Bir gün ərzində onlar təslim oldular və bayrağımız Xankəndidə ucaldı". Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda deyib: "... biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər. Çünki Ermənistana silah təchiz edən Fransa və Hindistan kimi ölkələr hazırda odun üstünə yağ tökür və Ermənistanda reallıqdan uzaq xülyalar yaradır ki, guya onlar həmin silahlardan istifadə edərək Qarabağı geri ala bilərlər... Lakin hətta əgər çox müasir silahlar olsa belə, onların şansı olmayacaq, çünki müharibə və onun nəticəsi silahla deyil, insanlar və onların əzmkarlığı ilə həll edilir... İkinci Qarabağ müharibəsində... erməni ordusunda 12 min fərari oldu, Azərbaycan Ordusunda isə sıfır".

Bəli, "ermənilik xəstəliyi" sağalmır, özgə torpağında gözü olan Ermənistanın silahlanması da bu xəstəliyin ağrılı bir simptomudur. Deyirlər, hər bir xəstəliyin sağalması üçün düzgün diaqnoz gərəkdir. Ermənilərin xəstəliyinin diaqnozu çoxdan verilib: "ermənilik xəstəliyi". Bu "özünəməxsus" dərdin əlacı da elə onların özündədir...

Zümrüd QURBANQIZI,

"Respublika".