Ədalətsizliyin anatomiyası
Siyasət

Ədalətsizliyin anatomiyası

Ah, demokratiya...

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi qurumun ikiüzlü siyasət yürütməsindən xəbər verir. Amma bu, bizim üçün yeni bir məsələ deyil. AŞPA bundan əvvəl də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməklə yadda qalmışdı. Bu da təəccüblü deyil. Çünki sözügedən qurum Fransa tərəfindən idarə olunur və görünür, bu qüvvələr Almaniyadan olan deputat Frank Şvabeni də öz təsiri altına salıb.

Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı irəli sürdüyü  ittihamlar reallığı əks etdirmir və böhtan xarakterlidir. Belə ki, Azərbaycanın Qarabağdan erməniləri güc yolu ilə çıxardığı iddia olunur. Amma bu bölgəni tərk etmiş erməni sakinlərin özləri də onlara heç bir təzyiqin göstərilmədiyini və könüllü şəkildə Ermənistana getdiklərini bildiriblər. Bu məqamda aydın olur ki, ermənidən çox ermənilik edən Fransanın rəsmi Bakıya qarşı qərəzi AŞPA platfomasında bir daha özünü göstərir.

Digər tərəfdən, AŞPA-nın üzvləri ölkəmizdə siyasi məhbusların olduğunu bildiriblər. Belə bir sual yaranır: siyasi baxışlarını səsləndirdiyi, hökumətə narazılığını dinc şəkildə ifadə etdiyi üçün insanlar nəyə görə Fransanın, Almaniyanın küçələrində polis dəyənəyi altına salınır, üstlərinə vəhşi itlər buraxılır, təpiklənərək zindanlara salınır, onlara min bir işgəncələr verilir? Əlbəttə, kollektiv qərb bu suala cavab verə bilməz. Amma Azərbaycanda müxtəlif cinayətlərə görə saxlanılan şəxsləri siyasi məhbus adlandırmaq, məsələyə belə bir don geyindirmək riyakarlıqdır. Bu, onların əlində ölkəmizə qarşı təzyiq üçün bir alətdir. Bununla belə, hər kəs bilməlidir ki, Azərbaycanı bu yollarla özlərinə tabe edə bilməzlər.

Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsini digər bir əsassız hadisə ilə də əlaqələndiriblər. Bildiriblər ki, 2023-cü ildə AŞPA nümayəndə heyətinin Azərbaycana üç dəfə səfəri baş tutmayıb. Təbii ki, bunun da səbəbi özləridir. Əgər bu qurum ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edərək təzyiq göstərməyə çalışırsa, onun üzvlərinin Bakıya səfər edərək ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışmayacağına kim zəmanət verə bilər? Bu halda Avropa Şurası Parlament Assambleyası heyətinin Azərbaycana səfəri kimə lazımdır? Əgər AŞPA ədaləti dəstəkləyən beynəlxalq təşkilat olsaydı, torpaqlarımız 30 il işğal altında qalmazdı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasına töhfə verərdi. Bu kontekstdə deyə bilərik ki, İkinci Qarabağ müharibəsinin baş verməsinin günahkarlarından biri də məhz Avropa Şurası Parlament Assambleyasıdır.

AŞPA-nın daha bir mənasız səbəbinə gəldikdə isə onlar bildiriblər ki, 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak üçün quruma müraciət ünvanlanmadığından belə bir addım atıblar. Bəli, Avropa Şurası Parlament Assambleyasına dəvət göndərilməyib. Çünki təşkilatın məramı xoş deyil, onun nümayəndələrinin seçki ilə bağlı verəcəyi rəy artıq indidən Brüssel və Parisdə müəyyənləşdirilib. Belə bir halda onların ölkəmizə gəlməsinə nə ehtiyac var? Onsuz da nəticəni əvvəlcədən bilirik. AŞPA ölkəmizdə keçirilən seçkilərlə bağlı heç vaxt müsbət rəy verməyib. İndi də gəlib ancaq təxribatçılıq fəaliyyəti ilə məşğul olacaqlarına görə Avropanın bu təşkilatının seçkilərdə iştirakı barədə belə bir qərar qəbul edilib.

Yekunda qeyd etmək lazımdır ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ilə bağlı qərar birinci mərhələdədir. Növbəti etapda qərar təsdiq olunarsa, sözügedən qurumdakı üzvlərimiz Avropa Şurası Parlament Assambleyasını tərk etməli olacaq. Çünki beynəlxalq təşkilatlar fəaliyyətini ədalətlilik prinsipi üzərində qurmalıdır. Əgər AŞPA ikili standartlar tətbiq edir və qəbul etdiyi qərarlarla Azərbaycanın iradəsinə təsir göstərmək istəyirsə bu, mümkün deyil. Bunun iki səbəbi var: birincisi, ölkəmiz öz haqqını müdafiə edə bilir və ona qarşı destruktiv siyasət yürüdən şəxs, ölkə və təşkilatlara layiqli cavab vermək iqtidarındadır. İkincisi isə odur ki, AŞPA-nın beynəlxalq proseslərə təsir gücü yoxdur və hazırda dəyərli institut kimi tanınmır. Əgər Avropa Şurası Parlament Assambleyası effektiv qurum olsaydı, 30 illik işğal dövründə xalqımıza qarşı törədilmiş soyqırımlarıyla bağlı Ermənistana qarşı hər hansı bir addım atardı. Amma avropalı deputatlar düşünürlər ki, Azərbaycanın torpaqlarını işğal etmək, mədəni irsini məhv etmək, xalqına min bir zülm vermək olar. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etməməlidir. Ermənistan isə bizim torpaqlarımızda at oynada bilər, hətta bu halda onlara hər cür şərait yaradılacaq. Təbii ki, bu yanaşmalar Azərbaycan üçün məqbul deyil. Onlar bizi istəmirlərsə, biz onları dünəndən istəmirik. Çünki işimiz haqq işidir, heç kimə də buna mane olmağa imkan vermərik.

Azər BADAMOV,

Milli Məclisin deputatı.