Ermənistanın ekoloji cinayəti
Ekologiya

Ermənistanın ekoloji cinayəti

Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində ekoloji terror törətməyə hazırlaşır. Belə ki, Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyi planlaşdıran Ermənistan bununla bütün regionun ekoloji durumunu təhlükə altına alır.

Qeyd edək ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyev iyulun 11-də keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ermənistanın beynəlxalq ekoloji normaları kobud şəkildə pozduğunu diqqətə çatdırıb. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana bu ölkənin dağ-mədən sənayesinin Cənubi Qafqazda ekoloji sabitliyi pozması barədə açıq məktub ünvanlayıblar.

Prezident İlham Əliyevin vurğuladığı kimi, xarici QHT-lər də Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri ilə birgə Ermənistanı ekoloji terroru dayandırmağa çağırıb. Məlum olduğu kimi, Ermənistanın ekoloji terror fəaliyyəti haqqında iyunun 29-da dünyanın 20-dən çox ölkəsinin 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı bəyanat yayıb.

QHT-lərin Paşinyana ünvanladığı müraciətdə bildirilib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın şərtlərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Qeyd edək ki, Ermənistan bu addımı ilə yalnız Espo Konvensiyasının deyil, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyasının, BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin və Orhus Konvensiyasının şərtlərini kobud şəkildə pozur. Həmin konvensiyalara görə, təsirə məruz qalmış qonşu dövlətlərlə yanaşı, həmin qonşu ölkədə fəaliyyət göstərən QHT-lərin müstəqil formada həmin ərazilərdə monitorinqlər aparmaq hüququ var. Bu baxımdan, Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri haqlı olaraq, belə bir müraciətlə çıxış ediblər.

Bu təşəbbüslə çıxış edənlərdən biri də "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi olub. QHT sədri Elman Cəfərli bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının, QHT-lərin beynəlxalq təşkilatlara, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyana müraciətində qeyd olunur ki, Ermənistan beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozur, bu ölkənin dağ-mədən sənayesində aparılan işlər ciddi regional və qlobal ekoloji böhrana yol açır: "Vəziyyət həqiqətən də narahatedicidir. Ermənistan beynəlxalq öhdəliklərə əməl etmir. BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri, eyni zamanda BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Ermənistanın müxətlif dağ-mədən sənayesi müəssisələri regionun təbiəti, canlı aləmi, su resursları üçün təhlükə yaradır. Qonşu ölkənin dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir. Bu tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi, çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. Bu sənaye tullantıları həmçinin insanlarda müxtəlif mədə-bağırsaq, dəri, nevroloji və tənəffüs sistemi xəstəliklərinin, o cümlədən sağalmaz xərçəngin yaranmasına səbəb olur. Bu üzdən baş nazirdən tələb etmişik ki, Ermənistan Espo Konvensiyasının tələblərinə əməl etsin. 1991-ci ildə imzalanmış, Ermənistanın da qoşulduğu Espo Konvensiyasına əsasən transərhəd çayı üzərində hər hansı mədən sənayesi müəssisəsi inşa edilərsə, onun ətraf mühitə təsiri öyrənilməli, qonşu ölkələrin səhiyyə və ekologiya sahələri üzrə mütəxəssislərin, habelə yerli sakinlərin iştirakı ilə qiymətləndirmə aparılmalıdır. Lakin Ermənistan bu qaydalara əməl etməyib".

Nuranə DAXİLQIZI,

"Respublika".