Təmizlik, saflıq, ülvilik, gözəllik...
Ekologiya

Təmizlik, saflıq, ülvilik, gözəllik...

Payız bu yerlərə, işğaldan azad edilən ərazilərə başqa bir ovqatda gəlib, havada uçuşan sarı yarpaqlarla, başımızın üstündəki bulud karvanı ilə sanki qol-boyun oluruq, yol qırağındakı böyürtkənin al-qırmızı yanağına şeh düşüb, hər tərəfi bürümüş ilahi rənglərin sehri adamı ovsunlayır. Qızılı payız torpağı, ormanı, dağı, dərəni, yurd yerlərini al-əlvan rəngə boyayıb, xəzəldən toxuduğu xalı ecazkar bir tabloya bənzəyir. O bənzərsiz xalıya ayaq qoymağa qıymırsan.

Torpağının altı da, üstü də sərvətlə zəngin olan Qarabağ və Şərqi Zəngəzurda zirvəsi buludlara dəyən dağların qaş-qabağı açılıb, dəlisov dağ çaylarından sanki zəfər himni süzülüb gəlir, sıldırım qayalar baş-başa verib, cıdır atlarının nəfəsini kəsən düzlər göz işlədikcə uzanıb gedir. Bu yerlərin gözəlliyindən doymaq olmur. İlahi gözəllik ruhumuza hakim kəsilir. Vaxtilə Qarabağ və Şərqi Zəngəzur zəngin meşə örtüyü, qiymətli ağacları, nadir bitkiləri ilə əsl cənnət idi. Təəssüf ki, Ermənistan ordusu öz havadarlarına arxalanaraq həmin əraziləri işğal etdi və təxminən yüz minlərlə hektar meşə fondu qəsbkarların, "vəhşi qəbilə"nin əlinə keçdi. Ermənilər işğal altında saxladıqları torpaqlarda təbiətə amansız zərbələr vurub, bu yerlərin təbii ahəngini pozub, meşələri qırıb, bulaqların gözünü kor qoyublar. Ancaq ağacları nə qədər doğrasalar da, onların kökünü kəsə bilməyiblər, hər il yaz gələndə pöhrələyiblər, sanki təbiət ağacların dili ilə düşməni ittiham edib. Yer üzündə ən axırıncı toplum olan ermənilər ağacların kök hissəsini qumbara ilə partladıb, torpaqları yandırıblar. İnsana və təbiətə qatı nifrət ermənilərin iç üzünü, əsl mahiyyətini göstərir. İkinci Qarabağ müharibəsində və 23 saat davam edən antiterror tədbirlərində şanlı qələbə qazanan Azərbaycan üç ildir ermənilərin dağıtdıqları şəhərləri, kəndləri yenidən qurur, yollar çəkir, hava limanları tikir, yaşayış massivləri salır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında ətraf mühitlə bağlı problemlərin həll edilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. İşğal dövründə təbiətə vurulan ziyanın təsirlərinin minimuma endirilməsi və ekoloji tarazlığın bərpa edilməsi üçün Dövlət Proqramında qeyd olunan istiqamətlərə uyğun şəkildə ardıcıl işlər görülür. Artıq orta və uzunmüddətli perspektivdə yaşıllıqların bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Hazırda Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqların salınması davam etdirilir. Həmçinin zəngin təbiətə və bitki örtüyünə malik Qarabağ və Şərqi Zəngəzur bölgəsində işğal dövründə meşə təsərrüfatına vurulmuş ziyanla da bağlı qiymətləndirmələr aparılır. İlkin hesablamalara görə işğaldan əvvəl həmin bölgədə mövcud olmuş 260 min hektar meşə örtüyünün 54 min hektarı tam məhv edilib. Xüsusilə Şərqi Zəngəzur iqtisadi zonasında, o cümlədən Qubadlı və Zəngilan rayonları ərazisindəki meşələrdə mövcud olan çoxillik ağacların yarısından çoxu qırılıb. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) oduncaq tədarükü üçün kəsilib, eləcə də mebel, çəllək və tüfəng qundağı istehsalı üçün Ermənistana aparılıb. Yeni aşkar edilmiş mədənlərin istismarı ilə əlaqədar minlərlə hektar ərazidə meşələr sıradan çıxarılıb, püstə, dərman stiraksı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pırkal, şümşad, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və digər ağac növləri məhv edilib. Bundan başqa, işğal müddətində ermənilər tərəfindən 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb.

Mütəxəssislərin qənaətinə görə, Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqaz regionunda ekoloji tarazlıq böyük sual altına düşüb. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların kortəbii istismarı bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan olunması nəticəsində ekoloji təxribat baş verib. Qeyd edək ki, bu regionda ətraf mühitin deqradasiyası baş verib. 30 ilə yaxın davam edən işğal dövründə meşə yanğınları, qiymətli ağac növlərinin kütləvi şəkildə qırılması, çayların, göllərin və sututarların kimyəvi tullantılarla çirkləndirilməsi yolu ilə törədilmiş ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün bir neçə istiqamətdə işlər görülür. Xüsusilə Cəbrayıl, Zəngilan, Füzuli, Laçın rayonlarında məhv edilmiş meşələrin yerində yerli iqlim şəraitinə uyğun ağac və kollar əkilir. Bundan başqa, qardaş Türkiyə ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, "Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Dostluq Meşəsi" Kompleksinin yaradılması işlərinə başlanıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon ədəd fidan yetişdiriləcək. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür. Belə ki, tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur. İşğaldan azad olunmuş ərazilərdə meşələrin bərpası tədbirlərində aidiyyəti dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar da fəal iştirak edir. Məsələn, Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, eləcə də bir sıra tanınmış şirkətlərin dəstəyi ilə həyata keçirilən "Zəfərdən dirçəlişə" layihəsi çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağac əkilib. Əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, qlediçiya və şərq çinarından ibarət yaşıllıq zonalarının əhatə dairəsinin bir az da genişləndirilməsi nəzərdə tutulur.

Dağların sinəsinə qonan qartala bənzəyən Laçında bir payız günü həmsöhbət olduğumuz yaşlı bir kişinin sözləri heç yaddan çıxmır. O, ermənilərin təbiətə vurduğu yaraları çox qısa və yığcam ifadə edərək dedi ki, bu yerlərdən quşlar da qaçaq düşüb. Boz sərçəni, kəkilli torağayı, qaratoyuğu, çoban aldadanı, ala sağsağanı, buludları yarıb qıy vuran qartalları gözüm axtarır... Ağsaqqala təsəlli verdik ki, darıxma, yamaclarda, yarğanlarda, qayaların kölgəsində, meşələrdə quşlar yenidən cəh-cəh vuracaq. İnanırıq ki, onlar mütləq bu yerlərə qayıdacaqlar. Qarabağın və Şərqi Zəngəzurun yaralanmış təbiəti yenidən cana gəlir, milyonlarla pöhrə Günəşə sarı boylanır, çaylar öz məcrasına düşür, bu yerlərə təmizlik, saflıq, ülvilik, gözəllik qayıdır, xoşbəxt, asudə bir həyat başlayır.

Salman ALIOĞLU,

"Respublika".