Xalqının əziz qızı gözlərə işıq, nur oldu
Tarixi şəxsiyyətlər

Xalqının əziz qızı gözlərə işıq, nur oldu

Zərifə xanım Əliyevanın doğum günündən 101 il ötür

Fəxri xiyaban... Bu müqəddəs məkanda çox qəbirüstü abidələr var. Əminəm, onların arasında bir abidə diqqəti daha çox cəlb edir. Zərifə xanımın bəyaz rəngli qəbirüstü abidəsi. Heykəltaraş Ömər Eldarovun sənət əsəri. Bu böyük insanın foto, yaxud rəssam tərəfindən işlənmiş portretlərinin zirvəsində dayanır bu abidə. Bu sənət əsərinin müəllifi Ömər Eldarovun xatirələrindən: "Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ulu öndərlə yaradıcılq emalatxanasında görüşdük. Onun vəfalı ömür-gün yoldaşı, mərhum Zərifə xanımın qəbirüstü abidəsi üzərində işləyirdim. Abidəyə diqqətlə baxdı. Bir qədər əvvəl sifətində olan xoş duyğulardan əsər-əlamət qalmadı. Düşündüm ki, yəqin işi bəyənməyib. Nə biləydim ki, son dərəcə kövrək ürəkli şəxsiyyət ötən illəri, həyat yoldaşı ilə birgə ömür sürdükləri anları xatırlayıbmış. Handan-hana: "Sağ ol, Ömər, sən Zərifə xanıma ikinci ömür vermisən" - dedi.

Bəli, Zərifə xanımın bu abidəsini seyr etdikcə canlı insanla şəklin, büstün, heykəlin arasında fərqin nisbiliyini anlayırsan. Sənə elə gəlir ki, insanı heyrətə gətirən büst əslində, heyrətdən daşa dönmüş canlı insandan daha canlıdır...

Zərifə xanımın ölümü o dahi insana ağır zərbə idi. Vəzifədən uzaqlaşdırıldıqdan sonra isə bu yoxluğu daha çox hiss edirdi. Zərifə xanım sağ olsaydı o illərin ağırlığına, ona qarşı edilən haqsızlıqlara dözmək bəlkə də asan olardı. İndi hər şeyi birdən-birə itirmişdi: məhəbbətini, dostunu, işini... Yaxşı ki, övladları yanında idi, Zərifə xanımın yadigarları...

Ömür-gün yoldaşının yoxluğundan sonra ən böyük təsəllini qızı Sevil xanımın sevimli anasına həsr etdiyi mahnılarla tapardı. "Qayıt əzizim", "Ana" mahnılarını dinləyəndə gözləri yaşarardı. Bu möhkəm insan yalnız sevimli həyat yoldaşının yoxluğu qarşısında kövrələrdi.

Zərifə xanım özünə, təbiətinə xas ola

n bir sənət seçmişdi: oftalmoloq. Gözlərə nur, işıq çiləyirdi Zərifə xanım, çünki amalı, eşqi nur, həyatı xalqına bir qürur idi:

O, gözlərə işıq oldu, nur oldu,

El-obaya məhəbbəti gur oldu,

Ürəklərdə sevgi oldu, pir oldu,

Bir xanım var idi, Zərifə xanım.

Şair Dəmir Gədəbəylinin "Ellərin əziz qızı" kitabından götürülmüş bu misralar çoxlarının qəlbində dahi bir insan, kübar qadın, mehriban və qayğıkeş ana kimi əbədi yaşayan Zərifə xanımın portretinə sözlə vurulmuş ən gözəl naxışlardır.

Onu tanıyanların sözləridir bunlar. Olduğu kimi görünən, göründüyü kimi olan nadir insanlardan idi, Zərifə xanım. Görkəmli alim, gözəl qadın, qayğıkeş ana, etibarlı, sədaqətli ömür-gün yoldaşı. Onun bu məziyyətlərinə ümummilli lider Heydər Əliyev də yüksək dəyər verirdi: "...Gənc yaşlarından mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətinin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".

Onu yaxından tanıyanlar yaxşı bilir ki, Zərifə xanım üçün ailə qayğıları birinci yerdə olub. Övladlarına çox bağlı idi. Şəxsiyyətinə yaxından bələd olanlar Zərifə xanımın qızı Sevil xanımla münasibətini xüsusi qeyd edirdilər. Onlar yaxın dost idilər. Elə bu səbəbdən də Zərifə xanımın itkisi Sevil xanıma mənəvi zərbə olmuşdu. O, içinin ağrısını, acısını, kədərini, sevgisini sonralar nota çevirmiş, hamının sevə-sevə dinlədiyi "Ana" mahnısını bəstələmişdi.

Zərifə Əliyeva təkcə Azərbaycanda deyil, həm də bütün Şərq dünyasında qadın fəallarının ən parlaq simalarından biri idi. O, həmin dövrdə tibb elminin ən çətin sahəsində tədqiqatlar aparırdı. Bu tədqiqatlar uğurla bitmiş və o, istədiyinə çatmışdı. 1976-cı ildə Helmholts adına İnstitutun İxtisaslaşmış Elmi Şurasında onun tibb elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün etdiyi dissertasiya müdafiəsi böyük əks-səda doğurmuşdu. Sonralar alimi həmkarları böyük rəğbətlə xatırlayaraq öz xatirələrində qeyd edirdilər ki, əgər əcəl Zərifə xanıma bir neçə il də möhlət versəydi, o, elm aləmində yeni bir istiqamətin yaradıcısı və rəhbəri ola bilərdi. Bu elmi məktəbi isə "peşə oftalmologiyası", yaxud "sosial oftalmologiya" da adlandırmaq mümkün idi.

Azərbaycan səhiyyəsi tarixində traxoma xəstəliyinə qarşı ilk dəfə Zərifə xanım antibiotiklərdən - sintometsindən istifadə edərək müalicə aparmış, bununla keçmiş müalicə üsullarının yanlışlığını isbat etməklə traxomanın aradan qaldırılmasına nail olmuşdu. Bir tədqiqatçı kimi köhnə dərman preparatlarından fərqli olaraq sinometsinin gözün selikli qişasında sorulmasının sürətləndirilməsinin, kirpiklərarası yaraların tez bitişdirilməsinin, gözün mikroflorasının təmizlənməsinin üstün cəhətlərini sübuta yetirmişdi. Alimin qlaukoma göz xəstəliyinin müalicəsinə həsr etdiyi elmi əsərləri də Azərbaycan səhiyyəsində böyük əhəmiyyət kəsb edir.

Kimya sənayesində göz zədələnmələrinin öyrənilməsi və profilaktikasına dair bir sıra qiymətli elmi əsərlərin müəllifi olan Zərifə xanım M.F.Averlax adına mükafata layiq görülən ilk Azərbaycan alimidir. O, həm də pedaqoq kimi uzun illər Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda mühazirələr oxuyub. Tələbələri onu bu gün də övlad sevgisi, hörmətlə xatırlayırlar. Professor Adil Nəcəfov deyir: "Zərifə xanım tələbələrlə, gənc həkimlərlə söhbət edərkən onlara həssaslıq və diqqətlə yanaşardı. Bu isə onlar üçün vətəndaş yetkinliyinin əsl məktəbi demək idi".

Zərifə xanım gözəl ana idi, övladlarının uğuruna sevinir, onlarla qürur duyurdu. Təəssüf ki, həyatdan çox erkən köçdü, sevimli oğlu İlham Əliyevin atasının siyasətini uğurla davam etdirdiyini, xalqının azadlıq simvoluna çevrildiyini görüb, Prezident anası kimi onunla öyünə bilmədi. Ancaq yəqin ki, ruhu duydu bunları...

Qəlbi kövrək, eşqi solmaz bahar olan Zərifə xanım baharda doğulub, baharda dünyasını tərk etsə də həmişəyaşardır...

Zümrüd QURBANQIZI,

"Respublika".