AZƏRBAYCAN TARİXŞÜNASLIĞININ BANİSİ
Tarixi şəxsiyyətlər

AZƏRBAYCAN TARİXŞÜNASLIĞININ BANİSİ

Görkəmli şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanovun bu gün 229-cu ildönümüdür. İki əsrdən çox keçməsinə baxmayaraq, günümüzdə hələ də onun adı yaşadılır, əsərləri dərsliklərdə ən birinci sırada yer alır.

Azərbaycanda tarix elminin əsasını qoyan Abbasqulu ağa Bakıxanov 21 iyun 1794-cü ildə Bakının Xilə, indiki Əmircan kəndində dünyaya göz açıb. Atası Bakı xanları nəslindən II Mirzə Məhəmməd xan, anası isə müsəlmanlığı qəbul etmiş gürcü qızı Sofiya xanım olub. Abbasqulu səkkiz yaşına qədər Bakıda yaşayıb, həyatının bu dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Lakin bundan sonra xanlıq uğrunda gedən mübarizələrdə atası məğlub olduğu üçün vaxtilə dayısı Fətəli xanın ona bağışladığı Qubanın indiki Amsar kəndinə köçüblər. Abbasqulu ağa 25 yaşına qədər burada yaşayıb, yarımçıq qalan təhsilini başa vurub. Amsar kəndində o, ərəb və fars dillərini mükəmməl öyrənib, bu dillərdə yazılan xeyli ədəbiyyatı səlis oxuyub. Bundan sonra general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub və 26 il burada işləyib. Onun dünyagörüşü daha da inkişaf edib. Tiflis mühiti, Avropa, rus şair və yazıçıları ilə görüşlər onun yaradıcılıq həyatında mühüm izlər buraxıb. Buna nümunə olaraq onu deyə bilərik ki, əvvəllər Bakıxanovun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, "Meraci-xəyal" ("Xəyalın uçuşu"), "Məclisi-firəng" ("Firəng məclisi") kimi əsərlərində dini mistikadan əsər-əlamət yoxdur. Həyatda təcrübəsi az olan gənc bir zadəganın sərgüzəştlərindən bəhs edən "Firəng məclisi" poeması Bakıxanovun xüsusi əhəmiyyətə malik əsərlərindən biridir. Sərbəst həyat tərzi sürən, mənasız günlər keçirən gözəl, amma evli bir xanıma aşiq olması ona uğursuz bir məhəbbət macərası yaşadır. Abbasqulu ağa bu əsərində mənəvi şəkildə iztirablarla dolu duyğuları romantik üslubda əks etdirib.

Onun fəaliyyəti çoxsahəlidir. Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərində fəaliyyət göstərib. Öz dəyərli, ziyalı fikirləri ilə cəmiyyəti aydınlatmaq üçün səy göstərib. Xalq və yüksək zümrələr arasındakı hərc-mərclik, fərqliliklər onun daima əsərlərində əsas mövzulardan olub. Abbasqulu ağa "Fazil" təxəllüsü ilə yazdığı "Təbriz əhlinə xitab" şeirində də bunu açıq formada görmək mümkündür:

Axund ilə xana hər tənə eyləsən yaraşır,

Bu müftəxorların əndişəsi şərarətdir.

Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam,

Nə bütpərəst süluki, bular nə millətdir?!

Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya, həmçinin Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanovun "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.

Coğrafiya elminə aid fars dilində "Kəşfül-qəraib" ("Qəribə kəşflər") və "Ümumi coğrafiya" adlı iki kitab ərsəyə gətirib. "Kəşfül-qəraib" iki fəsildən ibarətdir. Əsərdə Amerikanın Xristofor Kolumb tərəfindən kəşf olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs edilir.

Pedaqoji məsələlərdə isə uşaq və gənclərin tərbiyəsi ilə bağlı mülahizələrini "Təhzibül-əxlaq" ("Əxlaqın tərbiyəsi") əsərində qələmə alıb. Cəmiyyət haqqındakı fikirlərini sistemli şəkildə şərh edən Bakıxanov gənclər arasında lazımi əxlaq normalarından söz açıb. "Kitabi-nəsihət" və ya "Nəsihətnamə" isə ədibin ikinci pedaqoji əsəridir. Kiçik əsərdə 102 nəsihət yer alır. Bundan başqa, əsər müəllifin müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Daha sonra dövlət başçısına, ata-anaya, böyüklərə ehtiramın vacibliyindən söz açılır, həyat və məişət məsələləri ilə əlaqədar əxlaqi nəsihətlər verilir.

Abbasqulu ağanın birinci elmi əsəri fars dilinin qrammatikasına aid "Qanuni-Qüdsi", yəni müqəddəs qanunlar kitabıdır. Əsər kiçik, ancaq dərin məzmunlu girişlə başlayır. Bununla yanaşı, əsərdə "Hərflər", "Kəlmələr" və "Cümlə" adlı üç fəsil yer alır. İlk növbədə müəllif dilin yığcam elmi tərifini verib, sonra isə əsəri nə üçün, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığını bildirib.

Bakıxanovun tarix elmimizə bəxş etdiyi ən dəyərli hədiyyəsi isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində 1841-ci ildə ərsəyə gətirdiyi "Gülüstani-İrəm" əsəridir. Məhz bu əsərə görə Abbasqulu ağa Bakıxanov Azərbaycanın ilk tarixçi alimi hesab edilir. Həmçinin o, eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Mənbələrdə qeyd olunur ki, fars dili variantı 1841-ci ildə, rus variantı isə 1844-cü ildə başa çatıb. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən "Gülüstani-İrəm" faktlarla zəngin əsərdir. Bakıxanov əsəri yazarkən bir çox arxeoloji tədqiqatlar aparıb, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edərək ərsəyə gətirib. Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilib, həmçinin qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar xüsusi yer alıb. Abbasqulu ağanın bu şah əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin bağlanmasına qədər olan böyük bir tarixi dövr əsərdə əhatə olunub. Onu da qeyd edək ki, Bakıxanov Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlər yazan Bakıxanov Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin təşkilatçılarından olub.

"Xəyalın uçuşu" poemasında xoşbəxtliyi uzaqlarda deyil, doğma vətəndə axtarmaq qərarına gələn müəllif 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyinə tutularaq vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Qalan ömrü keçirərəm firavan,

Şükr edərəm Allahıma hər zaman.

Qüdsi, xoşdur Əmsar adlı məskənin,

Şəhərlərdən çox üstündür öz kəndin.

Töhfə SƏMƏDOVA,

"Respublika".