Əfsanəvi qəhrəman
Tarixi şəxsiyyətlər

Əfsanəvi qəhrəman

"Son nəfəsimədək vuruşacam, ölsəm də qəhrəmantək öləcəm". Bu sözləri Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan Mehdi Hüseynzadə deyib.

Qəhrəmanlıq tarixinə öz adını qızıl hərflərlə yazan Mehdi 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində dünyaya göz açıb. Onun vaxtilə yaşadığı, böyüyüb başa çatdığı ev indiki Nizami metrosunun yaxınlığında yerləşir. Evin önünə qəhrəmanın xatirə lövhəsi vurulub. Kiçik yaşlarında atasını itirən Mehdi əvvəl anasının, sonra bibisinin himayəsində böyümüşdü. Mehdi uşaqlıqdan qeyri-adi istedadı ilə çoxlarını heyran edirdi. O, bacarıqlı üzgüçü, istedadlı rəssam idi.  1925-ci ildə 77 saylı yeddiillik məktəbə oxumağa başlayan Mehdinin elə həmin illərdə şans üzünə gülmüşdü. İlk müəllimləri görkəmli yazıçı Süleyman Sani Axundov və respublikanın Xalq artisti, tanınmış bəstəkar Səid Rüstəmov olmuşdu. Onda vətənə, xalqa, torpağa, millətə dərin sevgi hisslərini məhz bu böyük şəxsiyyətlər formalaşdırmışlar. Gənc yaşlarından rəsmə, musiqiyə böyük həvəs göstərən Mehdi məktəbi bitirdikdən sonra Azərbaycan Rəssamlıq Məktəbində, ardınca isə Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda -  indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır. O, bu illər ərzində zəhmətkeşliyi, elmə, təhsilə möhkəm bağlılığı ilə yaxınlarının, müəllim və tələbələrin dərin hörmətini qazanır. Mehdi oxumaqla yanaşı, həm də idarələr,  kitabxanalar, nəşriyyatlardan aldığı sifarişləri yerinə yetirər, plakatlar çəkər, şüarlar yazardı. Həmçinin bir sıra əsərlərin, o cümlədən şair Abdulla Faruqun "Döyüş yollarında" kitabının bədii tərtibatını da vermişdi. Poeziya vurğunu olan Mehdi mütaliədən heç vaxt yorulmurdu. Ömər Xəyyam, Molla Pənah Vaqif, Hüseyn Cavidin şeirlərini əzbər bilirdi.

Bəlkə də gələcəyin böyük, görkəmli və dünyaca məşhur rəssamı olacaq Mehdi üçün 1941-ci ilin 22 iyununa qədər günlər beləcə keçib gedirdi. İnsanlığa, bəşəriyyətə qənim kəsilən Hitler faşizminin Sovetlər İttifaqına xaincəsinə hücumu Mehdiyə də dərindən təsir etmişdi. "Ana Vətən çağırır!", "Hər şey cəbhə, hər şey qələbə üçün!" şüarları Mehdinin qəlbini titrədirdi. Minlərlə həmyaşıdı kimi o da könüllü olaraq cəbhəyə yazılır. Yaşayıb-yaratmalı olduğu bir vaxtda o, sadəcə faşist qaniçənlərini məhv etmək barədə düşünür, çağırış vərəqəsinin gəlməsini səbirsizliklə gözləyirdi. 1941-ci ilin avqustunda "Mən gərək ailəmizin, atamızın adını yüksəklərdə tutum" deyən igid döyüşçü doğmaları, dostları ilə görüşüb cəbhəyə yola düşür. Heç düşünmədən ölüm-dirim savaşına atılır. Gənc əsgər əvvəlcə Bakıda, Qusarda hərbi təlimlər keçir. Sonra Tbilisidəki hərbi-piyada məktəbinə göndərilir. Oradan ailəsinə məktublar yollayan Mehdi ürək sızladan sətirlər yazırdı: "Mən oxuduğumuz məktəbi əla qiymətlərlə qurtardım, rütbəm qvardiya leytenantıdır... Məndən nigaran qalmayın. Mən sizin adınızı ucaldacam, mənim haqqımda eşidərsiniz".

O döyüş bölgəsində də ailəsini düşünürdü. Onlar nigaran qalmasın deyə məktublarının ardı-arası kəsilmirdi. 1942-ci ildə müharibənin qızğın vaxtında başı üstündə güllələr uçuşsa da o, yazırdı: "Burada şiddətli vuruşmalar gedir, faşistlərin törətdiyi cinayətlərin həddi yoxdur. Biz hücuma hazırlaşırıq. Söz verirəm ki, son nəfəsimədək vuruşacam...".

Təəssüf ki, cəsurcasına döyüşməsinə baxmayaraq, ağır yaralanan Mehdi əsir alınır. O, ilk günlərdən həbs düşərgəsindən qaçmaq və mübarizəni davam etdirmək əzmi ilə yaşayır. İki dəfə bu niyyətini gerçəkləşdiməyə yaxınlaşsa da, sonda yenə faşistlərin əlinə keçir. Mehdi alman, fransız dillərini təmiz bildiyi üçün onu əldən buraxmaq istəmirdilər. Bu illərdə o partizan Cavad Həkimli ilə tanış olur. Mehdi dostu və başqaları ilə birlikdə necə olursa-olsun, partizanlara qoşulmaq, əsirləri düşərgələrdən çıxarmaq üçün yollar axtarırdı. Onlar sovet əsirlərindən ibarət gizli təşkilat - rus bölüyü yaradırlar. Daha sonra düşərgədəki  23 min əsir arasında möhkəm  təbliğat aparırlar. Təşkilatın rəhbəri Mehdi "Qürbətzadə Mixaylo" imzası ilə Azərbaycan dilində "Hüququnu itirmiş dostuma" sərlövhəli vərəqələr çap edərək onları qrup rəhbərləri və üzvləri vasitəsilə əsirlər arasında yayırdı. Bütün məktublarının sonunda "Faşistlərə ölüm" şüarı yazan Mixaylonun bu vərəqələri düşmənin yaxın vaxtlarda darmadağın olunacağından bəhs edən, əsirləri intiqama səsləyən mübariz bir ittihamnamə idi.

Mehdi mübarizədən əsla əl çəkmir. Daim savaşır, qəhrəmanlıq nümayiş etdirir. Buna görə də faşistlər Mixaylonu ələ keçirən, yaxud öldürən adama 300 min marka məbləğində mükafat vəd etmişdi. Bu rəqəmlər heç də təsadüfi deyildi. Çünki Mehdinin partlatdığı qatarlar, tankerlər, elektrik stansiyaları, kazarmalar faşistlərə min qat bahasına başa gəlirdi. Tədqiqatçılar belə hesab edirlər ki, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin kəşfiyyat  fəaliyyəti nəticəsində əksəriyyəti zabit olmaqla 1000-ə qədər faşist öldürülüb.

Mixaylo növbəti əməliyyatdan qayıdan zaman mənfur düşmənin böyük bir hissəsiylə qarşı-qarşıya gəlir. Qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Partizan dostları onu müsəlman adət-ənənəsinə uyğun olaraq basdırırlar. Qəhrəmanın məzarının üzərində belə bir yazı da həkk olunub: "Azərbaycan xalqının qəhrəman oğlu, əziz dostumuz Mehdi, rahat yat. Sənin azadlıq uğrunda göstərdiyin ölməz qəhrəmanlıq dostlarının qəlbində daim yaşayacaqdır".

Necə deyərlər, igid ölər, adı qalar. 1957-ci il aprelin 11-də  İkinci Dünya müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hüseynzadəyə ölümündən sonra "Sovet İttifaqı Qəhrəmanı" adı verilir. Xalqımız qəhrəman, vətənpərvər oğlunun xatirəsini həmişə əziz tutub, adını əbədiləşdirib. Haqqında şeirlər, poemalar, roman və povestlər yazılıb, "Uzaq sahillərdə", "9-cu korpus", "Təxəllüsü Mixaylo" bədii filmləri çəkilib. Xalq şairi Süleyman Rüstəm "El oğluma" şeirini Mehdi Hüseynzadənin əziz xatirəsinə həsr edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".