O, qəlbən jurnalist idi
Tarixi şəxsiyyətlər

O, qəlbən jurnalist idi

Bağır Seyidzadə müxtəlif vəzifələrdə çalışsa da, heç vaxt mətbuatdan uzaq düşmədi

Bu məmləkətin başı çox bəlalar çəkib, parçalanıb, bölünüb. İnsanları qılıncdan, süngüdən keçirilib, haqları, hüquqları tapdalanıb. Şimala, cənuba, qərbə bölünən qədim torpaqlarımızda yaşayan soydaşlarımız tarixin acı sınağına çəkilib. Ermənilərə pay verilən, əslində zorla əlimizdən alınan İrəvan mahalından onun əsl sakinləri didərgin salınıb, Göyçəsinə, Vedisinə həsrət qalmışıq. İllərin həsrətliləri üzü bu yandan o yana ürək yanğısı ilə boylanır, ahını dağlara, daşlara söyləyir. Bir gün o yerlərə dönəcəyinə inamını itirmir. Bu inam torpağa sevgidən yaranıb. Bu inam 30 illik Qarabağ həsrətinə son qoyan Liderinin məqsədyönlü fəaliyyətindən qaynaqlanır. O yerlərə hökmən dönəcəyik, çünki bizimdir. Yetirdiyi görkəmli şəxsiyyətlərinin narahat ruhlarını sevindirmək mənəvi borcumuzdur. O gün gələcək. Seyidzadələr nəslinin qərib düşmüş məzarlarının qara daşları da göyərəcək o zaman. O gün yaxınlaşır!..

1918-ci ildə erməni millətçilərinin azərbaycanlı əhaliyə qarşı qırğınları başlayanda İrəvan mahalından hara gəldi üz tutan köç karvanında Seyidzadələr ailəsi də vardı. Mirqasım kişi o zaman ailəsini qorumaq üçün Tiflisə köçmüşdü. Onda balaca Bağırın 6 yaşı yenicə tamam olmuşdu. Tale bu azyaşlı körpəyə daha bir sınaq hazırlamışdı. 1924-cü ildə anası Xədicəni itirəndə isə o, 12 yaşındaydı. Bağır günlərini qəbiristanlıqda keçirir: "Bəlkə bir möcüzə baş verdi. Anam ayılanda ətrafda heç kimi görməyib qorxar", - düşüncəsilə anasının məzarından bir addım belə uzaqlaşmırdı. Bütün bunların onun səhhətinə pis təsir edəcəyindən narahat olan Mirqasım kişi 1925-ci ildə Bakıya köçür. Burada Bağırın zəhmətlə, uğurla dolu həyat hekayəsi başlayır. Bu həyatın dolambacları, gözlənilməzlikləri, haqsızlıqları da... yox deyildi...

Bağır Mirqasım oğlu Seyidzadə 1912-ci il avqustun 9-da Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində anadan olub, ömrünün sonuna qədər Bakı şəhərində yaşayıb. 1968-ci il martın 24-də yaratmaq həvəsinin aşıb-daşdığı bir vaxtda dünyasını dəyişib. Cəmi 56 il yaşayıb. Bu illərə çox şey sığışdıra bilib Bağır müəllim.

Zəhmət onun qanında idi, doğulduğu torpağın suyu, havası ilə hopmuşdu canına. Vətənsevərliyi, insanpərvərliyi isə cəmi 6 il laylasını eşitdiyi, qayğısını gördüyü anasının hərdən qulağına pıçıldadığı ibrətamiz nağıllardan, əfsanələrdən, əhvalatlardan çəkmişdi içinə.

Hər bir insanın müəyyən bir sahədə çalışıb özünü təsdiqləməsi, xalqına, ölkəsinə fayda verməsi adi bir haldır. Bəzilərinin ona müxtəlif işlər, vəzifələr tapşırılanda: "Yox, mən onu bacarmaram, elə öz işimdə qalsam, yaxşıdır", - deyə düşünməsində də qeyri-adi heç nə görünmür. Bəs hər şeyi bacarmaq, ona etimad edilən hər işdə özünü mükəmməl şəkildə ifadə etmək, o işdə öz dəst-xəttini qoymaq, ən başlıcası məktəb yaratmaq necə? Möcüzə deyilmi? Bağır müəllim möcüzə yaradırdı. Qısa, lakin mənalı həyat yolu, həyat hekayəsi də onun qeyri-adi istedad sahibi olduğunu təsdiqləyir. Diqqətli oxucumuz səbrini basıb yazımızı sonadək oxusa, onun həyatının ən maraqlı məqamlarını bizimlə birgə izləsə, dediklərimizin gəlişigözəl sözlər olmadığına əmin olacaq.

Əvvəla, onu deyim ki, həyat və fəaliyyəti haqqında dəfələrlə yazılmış insanlar barəsində yazmaq o qədər də asan deyil. Yəni təzə bir fikir söyləmək, yeni nəsə bir şey demək çətin olur. İndi mən də belə bir vəziyyətdəyəm. Bağır Seyidzadə haqqında necə yazım, onu tanımayanlara necə tanıdım? Bəlkə bir jurnalist, bəlkə də bir diplomat, nazir və tərcüməçi kimi təqdim edim. Adlarını çəkdiyimiz və həyatının müəyyən dönəmlərində sevə-sevə icra etdiyi bu peşələrdə bir məktəb yaradıb axı, Bağır müəllim...

Çox erkən yaşlarında H.Z.Tağıyev adına Toxuculuq fabrikində işə düzələn Bağır Seyidzadə paralel olaraq fəhlə fakültəsində də təhsilini davam etdirir. 1930-cu ildə məzun olub "Kəndli" qəzeti redaksiyasında korrektor kimi işə başlayır və işləyə-işləyə sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) verir. 1936-cı ildə "Gənc işçi" qəzetinə redaktor təyin olunur. Onun jurnalistlik fəaliyyəti belə başlayır. O dövrdə Azərbaycanı müstəqil görmək istəyən Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım da Bakıda yaşayırdılar. Onlarla yaxınlıq etməsə də, ictimai-siyasi ab-havanı tezliklə dərk edir, lakin kimlərə rəğbət bəslədiyini bəlli etmir. Yalnız illər sonra Moskvada aspiranturada oxuyan sevimli qızı Dilarəyə o, deyəcəkdi: "Qızım, əgər nə vaxtsa Azərbaycan tarixinin ən şərəfli və vacib dövrünə əsər həsr etsən, mütləq o dövrün mətbuatına diqqət yetir, ələlxüsus da "Füyuzat" jurnalına". Bu, onun illərlə ürəyində gəzdirdiyi bir etiraf idi. Deməli, füyuzatçılara rəğbəti varmış...

Sonralar hansı vəzifədə çalışırsaalışsın Bağır Seyidzadə yazıb-yaratmağa meyilli olub, jurnalistikanı həmişə həyatının əsas işi sayıb. Bu hiss isə onda hələ orta məktəbdə oxuyanda yaranmışdı, istər orta, istərsə də ali məktəbdə çıxardığı divar qəzeti maraqla qarşılanırdı. Kim bilir, jurnalist olmaq hələ o vaxtlar ürəyindən keçirmiş, bəlkə də...

Vaxtilə "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri işləyən Elmira Əliyeva sonralar "Yaxşı ad qoyub gedənlər unudulmur" məqaləsində yazırdı: "Deyilənə görə, jurnalistlik onda Allah vergisi idi... Jurnalist İbrahim Novruzov kitabında yazır ki, Azərbaycanın o vaxtkı rəhbəri M.Bağırov hətta soruşmuşdu: Bu Seyidzadə yazıçıdır?".

Qızı Dilarə Seyidzadə isə deyirdi: "Atamın bütün məktubları, hesabatları təsdiq edir ki, o, əla jurnalist olub. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə işi ilə məşğul olması kömək edirdi. Atam azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, qəlbən jurnalist olaraq qalmışdı".

1963-cü ildə Azərinforma (indiki AzƏrTac) baş direktorun müavini vəzifəsinə təyin edilən Bağır müəllim buradakı işindən sözün əsl mənasında zövq alırdı. Doğmalarının dediyinə görə, hətta səhər saat 4-5-də evə qayıdanda da daxilən işıq saçırmış Bağır müəllim. Ən çox da gənc jurnalistlərin vaxt-vədə demədən zəng vurub nəsə soruşması, öyrənmək istəkləri ona xüsusi zövq verirdi. Bağır Seyidzadə ömrünün son gününə qədər bu işdə çalışdı. Azərinformun baş direktoru Yefim Qurviç onu tərcüməçi yox, "pulemyotçu" deyə çağırırmış. Çünki Bağır Seyidzadə tərcümə zamanı mətni birbaşa, özü də çox sürətlə və yüksək keyfiyyətlə makinaçıya diktə edirmiş.

1941-ci ildə Azərbaycan SSR Ali Sovetinin sədri Əziz Əliyevin başçılıq etdiyi böyük bir qrupla Respublika Komsomolu Mərkəzi Komitəsinin ideologiya katibi işləyən Bağır Seyidzadə də İrana gedir. Qrup üzvlərindən İranda diplomat kimi işləmək üçün kadr seçimində Ə.Əliyev fərdi keyfiyyətləri ilə diqqət çəkən Bağır Seyidzadənin üzərində dayanır. O, Moskva SSRİ Xarici İşlər Nazirliyi nəzdindəki Ali Diplomatiya Məktəbinin altıaylıq kursunda oxuyur. Təhsilini fərqlənmə diplomu ilə başa vuran Bağır Seyidzadə 1944-cü ildə SSRİ diplomatı kimi İrana göndərilir (O, hələ Tiflisdə yaşadığı dövrdə fars dilini mükəmməl öyrənmişdi).

Bir müddət Maku şəhərində işləyir. Təbrizdə vitse-konsul, daha sonra baş konsul təyin edilir. Təbriz şəhərində konsulluq bağlandıqdan sonra Azərbaycana qayıdır. İrandan sonra Moskva onu təcrübəli diplomat kimi Türkiyəyə göndərmək istəyir. Lakin M.Bağırov mərkəzə müraciət edərək onun Bakıda qalmasına nail olur.

Xalq yazıçısı Qılman İlkin xatirələrində yazır: "Biz Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi altında ərəb əlifbası ilə "Vətən yolunda" qəzetini nəşr edirdik. Bağır Seyidzadə isə oraya diplomatik işə göndərilmişdi. Biz tez-tez görüşürdük. Ya biz onun yanına gedir, ya da o özü Təbrizdə bizə baş çəkirdi. Öz işindən maraqla danışırdı. Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasında onun böyük xidməti vardı. Hətta Milli Hökumət onu "21 Azər" medalına da layiq görmüşdü".

Bağır Seyidzadənin 1949-cu ildə Azərbaycan SSR-in kinematoqrafiya naziri təyin olunması bu sahədəki geriliklərin aradan qaldırılmasına təkan olur. Bir sıra sənədli, elmi-kütləvi filmlər çəkilir. Hətta "Sovet Azərbaycanı" sənədli filmi 1951-ci ildə "Kann" kinofestivalında xüsusi mükafata layiq görülür. Bir qədər sonra Bağır Seyidzadə Poliqrafiya və Nəşriyyat İdarəsində işə təyin edilir, idarə 1958-ci ildə respublikanın Mədəniyyət Nazirliyinə birləşdirilir və o, nazir müavini təyin olunur. Bu illərdə tərcümə işi ilə də məşğul olur. "Görkəmli adamların həyatı" silsiləsindən Natalya Muravyovanın "Viktor Hüqo", Leopold İnfeldin "Evarist Qalua", İohan Pestalotsinin "Seçilmiş pedaqoji əsərlər"i kitablarını Azərbaycan dilinə tərcümə edir. Ancaq onun bu uğurları bəzi müasirlərini narahat edir. Mərkəzi Komitəyə anonim məktublar yazılır... Yuxusuz gecələr hesabına tərcümə etdiyi əsərlərin qonorarı ilə ailəsinin ehtiyaclarını ödəyən Bağır müəllim haqsız yerə işdən çıxarılır. Sonralar respublikanın birinci katibi olan Vəli Axundov onun işdən haqsız yerə çıxarıldığını etiraf edir.

Dilarə xanım xatirələrində yazır: "O, nazir müavini vəzifəsindən azad ediləndə, - bunu heç vaxt unutmayacağam, - yaman fikir çəkirdi. Firavan həyatımızı təmin edən yeganə mənbə onun tərcümələri idi. Onu isə "xidməti vəzifəsindən istifadə edərək tərcümələrlə məşğul olduğu" üçün işdən çıxarmışdılar... Atam hətta bütün bunların ədalətsiz olduğu barədə fikrimə tərəfdar çıxmadı".

Bəli, çünki o, xırda, kiçik, gərəksiz hisslərlə yaşamayan, sözün həqiqi mənasında, böyük insan idi. Bir də ki, leksikonunda "bilmirəm, bacarmıram" sözləri olmayan Bağır Seyidzadə "Məni haqsız yerə işdən çıxardılar" sözünü dilə gətirə bilməzdi. Bu etiraf ona çox ağır gələrdi.

Təbiətən sadə, heç vaxt özü haqqında danışmayan, özünü tərifləməyən, əldə etdiyi nailiyyətlərlə öyünməyən Bağır Seyidzadə məhz elə bu müsbət keyfiyyətlərinə və xalqı üçün etdiklərinə görə sevilir, hörmətlə xatırlanır. Biz də bu yazımızla doğum günündə qəlbən həmişə jurnalist olan mərhum həmkarımızın ruhunu bir daha şad etmək istədik...

Zümrüd QURBANQIZI,

"Respublika".