İstiqlal mücahidi – Fətəli Xan Xoyski
Tarixi şəxsiyyətlər

İstiqlal mücahidi – Fətəli Xan Xoyski

"Taxta parçalarından yaranmış gəmini fırtınalı bir gündə elə idarə etmək lazım idi ki, dağa-daşa çarpmadan onu fırtına yatanadək salamat saxlaya biləsən... Bax, Fətəli xan Xoylu bu işi görə bildi". Bu sözləri Üzeyir Hacıbəyov Fətəli Xan Xoyski haqqında deyib.

Müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. Moskvada hüquq fakültəsində oxuyan gənc Fətəli elə həmin vaxtlardan öz hüquqlarını çox yaxşı bilirdi. Millətinin boyunduruq altında qalması isə onun üçün əsl əzab idi. İş həyatında da fəal olan Xoyski 1897-1907-ci illərdə Yelizavetpol, Kutaisi, Yekatirinodar dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışdıqdan sonra Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilmişdir. Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Dumanın iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid etmişdir. Bu illər Xoyskinin ictimai-siyasi fəaliyyətində mühüm mərhələ olmuşdur. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. Daim dövləti və öz hüquqları uğrunda mübarizə aparan Fətəli xan Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb etmişdi.

1917-ci ilə qədər bir sıra dairə məhkəmələrində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. Lakin həmin ildən başlayaraq əsl mübarizənin yeni mərhələsinə qədəm qoymuşdur. 1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra o siyasi və ictimai mübarizəyə daha fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda hərəkatın liderlərindən biri olmuşdur.

Həmin ilin aprelində o, Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanlarının Qurultayında fəal iştirak edir və onun təşkilatçılarından biri olur. Çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noyabr ayında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yaranmışdır. Həmin Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də məhz Fətəli xan Xoyski idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski Qafqaz birliyinin tərəfdarı kimi, hər zaman çar hökumətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxırdı. Fətəli xan dəfələrlə Seymə daxil olan xalqlara müraciət edərək onların ümumi mənafelərinə görə bir-birilə sıx əlaqədə olduqlarını və bu bağın qırılmamalı olduğunu bildirmişdir. O, çıxmaq istəyən hər hansı bir dövlətə Azərbaycanın maneə olmayacağı, lakin atılan bu addımın heç də asan başa gəlməyəcəyini qeyd etmişdi. Təəssüf ki, bu, elə də uzun çəkmir və qısa zamanda Zaqafqaziya Seymi dağıldı. Mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdı. Onların arasında Fətəli xan Xoyski də vardı. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçildi. Hərtərəfli və uzun sürən müzakirədən sonra onlar özlərini Azərbaycan Milli Şurası elan edib. Azərbaycanın idarəçiliyini öz öhdələrinə götürdülər. 1918-ci il mayın 28-də Tiflis şəhərində tərkibi ümumilikdə 26 nəfərdən ibarət olan Azərbaycan Milli Şurası Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul etdi. İstiqlal Bəyannaməsini imzalayan Milli Şuranın 26 deputatından biri də məhz Fətəli xan idi. Milli Şuranın 28 may 1918-ci il tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin təşkili Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu. Professor V.İ.Razumoskinin bundan bir neçə il sonra çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsindən də məlum olur ki, məhz Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

Xoyskinin başçılıq etdiyi I və II müvəqqəti hökumət son dərəcə ağır bir tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, qarşılarına bir çox vəzifələr qoyur və layiqincə yerinə yetirməyə çalışır. Belə ki, məqsəd ölkəmizin siyasi, iqtisadi və mədəni mərkəzi olan Bakı şəhərini 1918-ci ilin iyulunda süqut etmiş Bakı kommunasından sonra bu şəhəri ələ keçirmiş eser-menşevik-daşnak nümayəndələrindən ibarət "Sentrokaspi" diktaturasından təmizləmək idi. Xoyskinin başçılıq etdiyi hökumətin qəbul etdiyi qərarlara əsasən 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradılır. Burada başlıca məqsəd erməni-bolşevik-daşnak qüvvələrinin 1918-ci ilin martında Bakıda, mart- may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın digər müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları ilə bağlı təhqiqat sənədlərinin toplanması və toplanmış sənədlərin dünyanın müxtəlif dillərinə çevirərək nəşr olunması, həmçinin beynəlxalq aləmi Azərbaycanın başına gətirilən misli görünməmiş faciələrlə tanış etmək idi.

Təəssüf ki, Fətəli xan həddindən artıq yorğunluğunu əsas gətirərək istefa vermək qərarına gəlir. Azərbaycan Respublikası Parlamentinin 25 fevral 1919-cu il tarixli 16-cı iclasında Rəsulzadə Xoyskinin məktubuna münasibət bildirərək demişdi: "Böylə bir mühüm zamanda rəisi-vükəla əsəblərinin yorğun və xəstə olub dövlət işlərindən ötrü lazımi qədər işləməyə təhəmmül etmədiyindən dolayı istefa verir. Bu barədə yalnız təəssüf etməlidir ki, böylə mühüm zamanda məmləkətin siyasəti ümumiyyəsi pərişan bir halda ikən rəisi-vükəla səhhətinin pozulmasından dolayı istefa verir ki, bizcə Məclisi-Məbusan bu motivi qəbul etməyə bilməz... Əlbəttə, yeni hökumət təşkilinə qədər indiki hökumət iş başında qalmalıdır".

1919-cu il dekabrın 22-də isə Nəcəf bəy Yusifbəyovun başçılığı ilə Azərbaycanın yeni, V hökuməti təşkil edilən zaman Xoyski bu hökumətdə xarici işlər naziri vəzifəsinə təyin edilmişdi. İstiqlaliyyət məsələsində ən öndə iştirak etdiyinə görə öz sevincini gizləməyən Xoyski 14 yanvar 1920-ci il tarixli Parlament iclasında çıxış edərək bunları deyir: "Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm".

Lakin bu xoş xəbərdən cəmi 1 ay keçməmiş ölkənin başı üzərini qara buludlar almağa başlayır. 1920-ci il yanvarın əvvəllərindən etibarən RSFSR Xarici İşlər üzrə Xalq Komissarı Çiçerin Fətəli xan Xoyskiyə notalar göndərərək Denikinə qarşı mübarizəyə Azərbaycanın da qoşulmasını tələb edir. Fətəli xanın isə bu məsələyə yanaşması bəlli və kəskin idi - Azərbaycan hökuməti Rusiyanın daxili işlərinə qarışmır, həmçinin ölkəmiz hər iki dövlətin suverenliyindən irəli gələn prinsiplər əsasında, danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında qarşılıqlı mehriban qonşuluq əlaqələrinin yaradılmasına hazır olduğunu bildirir. Təəssüf ki, Xoyskinin bu sorğusuna RSFSR Xarici İşlər üzrə Xalq Komissarlığı tərəfindən müsbət cavab verilmir. Bu nota mübadilələri aprel ayına qədər davam edir. Bununla da bir daha təsdiq edilir ki, istiqlal mücahidi Fətəli xan Xoyski son anadək Azərbaycanın müstəqilliyini müdafiə etmiş dövlət xadimlərindən biri olub.

1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını, Azərbaycan sərhədlərini pozaraq Bakıya doğru hücuma keçir. Azərbaycanın Sovet Rusiyasının ordusu tərəfindən işğal edilməsi nəticəsində 23 ay müstəqil dövlət kimi yaşamış Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Aprel işğalından sonra F.Xoyski Tiflisə mühacirət etməyə məcbur olur. İyunun 19-da isə Tiflisdə "Daşnaksütyun"un muzdlu erməni terrorçusu tərəfindən amansızcasına qətlə yetirilir. Fətəli xan indiki Tiflis botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında, M.F.Axundovun yanında dəfn edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".