Dünyanın bir nömrəli beynəlxalq tədbirinə evsahibliyi edəcəyik
Ekologiya

Dünyanın bir nömrəli beynəlxalq tədbirinə evsahibliyi edəcəyik

Prezident İlham Əliyev yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı bildirib ki, proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq. Artıq bir neçə ölkədən əməkdaşlıq təklifi aldığımızı deyən dövlətimizin başçısı qeyd edib: "Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir".

Prezident İlham Əliyev tərəfindən iqlimin dəyişilməsi ilə bağlı konfransın keçirilməsi təklif olunub. Bu təklif bəyənilib və qərar qəbul olunub ki, 2024-cü ildə həmin konfrans Azərbaycanda keçirilsin. Bu nəticə ilk növbədə ölkəmizin uğurlu xarici və daxili siyasətinin, Azərbaycanın, həmçinin də Prezidentimizin yüksək reytinqinin nəticəsidir. Həqiqətən də bu kimi böyük konfransları kiçik ölkələrdə keçirmək olduqca mürəkkəb bir prosesdir. Lakin ölkə başçımız sübut edib ki, Azərbaycan buna hazırdır.

Qeyd etmək lazımdır ki, COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının illik əsasda keçirilən mühüm tədbirlərindən biridir. 10 minlərlə insanın iştirak edəcəyi bu tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim problemi çərçivəsində qlobal səylərə öz töhfəsini verməsi, bu istiqamətdə fəal iştirakı, eyni zamanda Azərbaycanın həyata keçirdiyi, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərə yüksək qiymət verməsi ilə bağlıdır.

Ölkəmizin qlobal emissiyalarda payının cəmi 0,15% olmasına rəğmən Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı il səviyyəsinə nisbətən 35% aşağı salınmasını Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədində hədəf kimi götürüb. Qlobal istiləşmə və iqlim problemləri ölkəmizin prioritet seçdiyi məsələlərdəndir. Azərbaycan qlobal problemin həlli üçün dövlət səviyyəsində işlər həyata keçirir.

Hər kəsə məlumdur ki, ölkəmiz bu gün "yaşıl" enerji zonası, "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı" şəhərlər, "ağıllı" kəndlər kimi yanaşmaları uğurla tətbiq edir. Azərbaycan neft məhsullarını dünya bazarına satır və yüksək gəlir əldə edir. Buna baxmayaraq, dövlətimiz yaşıl energetika ilə bağlı da bir çox layihələr reallaşdırır. Külək, günəş elektrostansiyalarının tikintisi buna nümunədir. Bu proseslərdə işğaldan azad edilmiş ərazilər xüsusilə fərqlənir.

Böyük Qayıdış proqramı bütün cəmiyyət tərəfindən qəbul olunur, dəstəklənir. On illər boyu xarabalığa çevrilmiş Qarabağın gələcəyi artıq işıqlıdır. Burada ağıllı şəhərlər, ağıllı kəndlər, müasir su anbarları, suvarma sistemlərinin tikintisi kimi böyük işlər həyata keçirilir. Bir neçə ildən sonra Qarabağın "yaşıl enerji" zonasına, ətraf mühitin sağlam olduğu bir məkana çevriləcəyinə şübhə yoxdur. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Yaşıl dünya naminə həmrəylik ili" haqqında sərəncamdan da bəlli olur ki, 2024-cü ildə Azərbaycanda bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçiriləcək.

Dubayda bu məsələ ətraflı müzakirə olunub. Lakin lazımi səviyyədə qərar qəbul olunmayıb, qeyd edilib ki, bəşəriyyət bu gün üçün hazırdır. Yaşıl enerjinin inkişafı, yeni mənbələr, təzə texnologiyalar tapmaq və sair kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İqlim problemi üçün konkret maliyyə vəsaiti ayrılması, bunun üçün fond yaradılması qeyd edilib. Daha vacib qərarların isə COP29-da qəbul olunacağı nəzərdə tutulur. Azərbaycanın bu gün nüfuzuna, reytinqinə, görülən işlərə baxsaq, doğrudan da bu, real görünür.

Bu il bütün dünya liderlərinin, bu sahə üzrə mütəxəssislərin Azərbaycanda toplanması, yeni təşəbbüslərin, yeni istiqamətlərin ölkələr tərəfindən bu komissiyanın icra vəziyyətinin qiymətləndirilməsi planlaşdırılır. Ona görə hesab edilir ki, BMT-nin ən böyük miqyaslı tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi bu sahənin ölkəmizdə daha da inkişafına gətirib çıxaracaqdır. Eyni zamanda dünya ölkələrinin Azərbaycanın daha da yaxından tanınmasına, ölkəmizin nəinki bu istiqamətdə, bütün sahələrdə inkişafının dünya ictimaiyyətinin diqqətinə çatdırılması imkanı yaranacaqdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".