Ecazkar və füsunkar:TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar:TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Daşaltı Dövlət Təbiət Yasaqlığı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Şəhər əvvəlcə "Pənahabad", sonralar isə "Şuşa" adlandırılıb. Əsasən dağlıq əraziyə malik olan şəhərin ən yüksək zirvəsi 2725 metr hündürlükdə olan Böyük Kirs dağıdır. Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşa zəngin fauna və florası ilə bütün dünyada məşhurdur. Meşələrdə qonur ayı, canavar, pələng, iti dişli çöl pişiyi, vaşaq, porsuq, bəbir, maral, dağ keçisi, dovşan, oxlu kirpi və başqa canlılar yaşayır. Quşlardan ağacdələn, bayquş, dağ qartalı, qarğa, qaranquş, turac, boz kəklik, bülbül və sığırçın geniş yayılıb. Dağların ətəklərində Şuşa vələsi və Xarıbülbülə rast gəlmək olur.

Şuşanın işğalı nəticəsində ermənilər 600-ə yaxın tarixi memarlıq abidəsini məhv etmiş, tarixi muzeylərimizin fondları qarət olunmuşdur. 30 illik işğal dövründə şəhərin ərazisinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan dəymiş, meşələri qırılmış, təbii ekosistemi məhv edilmiş və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirmişdir. Hazırda bu ərazidə bioloji müxtəlifliyin mövcud vəziyyətinin, fauna və floranın növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin inventarlaşdırılması istiqamətində monitorinqlər aparılır.

Azərbaycanın füsunkar, nadir təbiətinin qorunması məsələlərinə dövlət tərəfindən böyük diqqət və qayğı yetirilir. Bu məqsədlə, ölkəmizdə qoruqlar və yasaqlıqlar yaradılıb. Bununla yanaşı, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində də işlər davam etdirilir, mövcud ərazilər genişləndirilir. Prezident İlham Əliyev çıxışları zamanı bu barədə bildirib ki, azad edilmiş torpaqlarda, vaxtilə dövlət təbiət qoruqları və yasaqlıqlar olub və bunlar işğal dövründə tamamilə məhv edilib, talan olunub. Bütün ağaclar qırılıb, tarixi abidələrimiz dağıdılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının 50 hektardan çoxu da işğal dövründə məhv edilmiş, ekoloji terrora məruz qalmışdır.

Daşaltı Dövlət Təbiət Yasaqlığı 24 noyabr 1981-ci ildə Şuşa və Əsgəran rayonlarının ərazisində təbiət komplekslərini qorumaq üçün yaradılmışdır. Yasaqlığın ümumi sahəsi 450 hektardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin sanki təbii muzeyidir. Nadir təbiət komplekslərini qorumaq üçün təşkil olunmuş Daşaltı Dövlət Təbiət Yasaqlığı Ermənistanın işğalı zamanı tamamilə dağıdılmışdır. Burada uzun illər boyu becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq istehsal sahələrində istifadə edilmişdir.

Yasaqlığın ərazisi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada palıd, vələs, ağcaqayın, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və digər meyvə ağacları da vardır. Ərazidə cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal və onlarla quş növü məskunlaşmışdır.

Əli SADIQOV,

"Respublika".