Bu gün dünyada 50 milyondan artıq soydaşımızın qəlbində sönməz Vətən çırağı yanır
Diaspora

Bu gün dünyada 50 milyondan artıq soydaşımızın qəlbində sönməz Vətən çırağı yanır

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu isə dövlət siyasətində ümummilli mənafelərin reallaşdırılması, milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, Vətən anlayışının inikası kimi qəbul edilmişdir.

Bu gün dünyada gedən qloballaşma prosesinin doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesi dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.

Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi dövlət quruculuğunun əsas vəzifələri kimi meydana çıxdı.

Dünya azərbaycanlılarının birliyi azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və həyata keçirilən bütün tədbirlər məhz bu amala əsaslanır. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır.

31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi daxil olmuşdur. 1991-ci il dekabrın  16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ali Məclis bununla bağlı Qanunvericilik Aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdir. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi.

2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı xarici ölkələrdə yaşayan həmvətənlərimizin həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın həyatında tarixi hadisəyə çevrilmişdir. Əməkdaşımız 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı müxtəlif ölkələrdə yaşayan diaspor rəhbərləri və fəalları ilə görüşüb söhbət etmiş, onların bayramla bağlı ürək sözlərini qələmə almışdır.

Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, "Tərəqqi" medallı:

–Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir. Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman qarşılaşdıqları çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir.

Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın monolit qüvvəyə çevrilməsi üçün azərbaycançılıq ideologiyasını önə çəkmişdir. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini sürətləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.

Ulu öndər Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli birliyin prioritet məsələ olduğunu bəyan etmişdir: "Biz gərək milli mənliyimizi həmişə yüksək saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyimə görə istədiyim yola gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm".

Dünya azərbaycanlılarının 2016-cı ilin iyununda Bakıda keçirilən IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin genişlənməsini, Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsini qürur hissi ilə qeyd etmişdir.

Vurğulamaq lazımdır ki, Kiyev şəhərinin mərkəzi küçələrindən birində ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli ucalır. Həmçinin İrpen şəhərində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adına küçə verilmiş, park salınmış və abidəsi qoyulmuşdur.

Nuran Abdullayev, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent:

–Bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, həmrəyliyinin güclənməsində yeni bir mərhələnin başlandığını söyləmək olar. Hazırda bütün Avropa ölkələrində azərbaycanlı icmaları, milli-mənəvi cəmiyyətlər yaradılmış, onların arasında müəyyən əlaqələr qurulmuşdur.

Milli həmrəylik Vətənin maraqlarından doğan zərurətdir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının, bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edir. Fəxrlə demək olar ki, bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrilmişlər.

Milli dövlətçilik ideyası dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, onları ölkəmizdə reallaşdırılan iqtisadi layihələrə cəlb etməyə və beləliklə də Vətəninə daha sıx bağlamağa imkan verir.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək istiqamətində mühüm işlər görülmüşdür.

Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində apardığı siyasət Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ideya və prinsiplərin konseptual istiqamətlərinə əsaslanır.

2020-ci il dünya azərbaycanlıları üçün sevinc, fərəh gətirmiş, cəmi 44 gün ərzində 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimiz işğaldan azad olunmuş, bu zəfər tariximizə qızıl hərflərlə yazılmışdır.

2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmiş, bu ali məclis milli diasporumuzun təşəkkül tapmasında mühüm rol oynamışdır.

Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Almaniyada da mütəşəkkil diasporumuz mövcuddur. Bu istiqamətdə məqsədyönlü iş aparılır. Bu ilin may ayında Berlində Almaniya Azərbaycanlıları Alyansının təşəbbüsü ilə Qərbi Azərbaycan İcmasının tədbiri keçirilmişdir.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə yer üzərinə səpələnmiş, qürbətdə yaşayan, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımızı təbrik edir, Vətənin maraqlarından irəli gələn vəzifələrin həllində həmvətənlərimizə həmrəylik, bir bayraq altında birləşməyi arzulayıram.

Alim Bayramov ABŞ-ın Boston şəhərindəki Wentwors Texnologiya Universitetinin tələbəsi, diaspor fəalı:

–Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci il may ayının 23-də ümummilli lider Heydər Əliyevin məlum sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşdirilməsinə istiqamətlənmişdir.

Həmin il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycanın tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Yüksək səviyyədə keçən bu mötəbər məclisə soydaşlarımız böyük həvəslə gəlmiş, tarixi Vətən qarşısında hesabatlarla çıxış etmişlər. Qurultay dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir.

Dünya Azərbaycanlılarının Bakıda keçirilən I, II, III, IV və Şuşada keçirilən V qurultayları soydaşlarımızın vahid ideya ətrafında birləşməsinə təkan vermişdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını inkişaf etdirərək soydaşlarımızın tarixi Vətənin ümumi mənafeləri çərçivəsində həmrəyliyinin təmin olunmasında, milli maraqların qorunmasında diasporun imkanlarından daha səmərəli istifadə edilməsinə istiqamətlənmiş siyasət yürüdür. Prezident İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır və dəyərli tövsiyələrini verir.

Vurğulamaq lazımdır ki, ABŞ-ın müxtəlif şəhərlərində çox sayda azərbaycanlı gənclər təhsil alır. Onlar azsaylı xalqlar arasında fərqlənirlər. Mən səkkizillik təhsilimi Bakıda Suraxanı rayonu 275 saylı məktəbdə bitirdim, sonra Xətai rayonundakı Kaspi liseyində oxudum, XI, XII sinifləri isə ABŞ-da bitirdim. Yüksək qiymətlərlə Boston şəhərində Wentwors Texnologiya Universitetinin arxitektor fakültəsinə daxil oldum.

Təhsil aldığım şəhərdə azərbaycanlı gənclərlə sıx əlaqə saxlayır, diaspor fəalları ilə Azərbaycanın milli bayramlarını yaddaqalan tədbirlərlə qeyd edirik. Çalışırıq ki, Azərbaycan həqiqətləri dünya xalqlarına çatdırılsın.

Biz qürur hissi keçiririk ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur, işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.

Natiq Bağırov Belarus Azərbaycanlıları Konqresinin sədri, "Şöhrət" ordenli:

- Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının mənəvi birliyini, Vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm istiqamətləri Heydər Əliyevin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində öz konseptual əksini tapmışdır.

"Azərbaycan mənim ürəyimdir" - deyən Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi həm də onda təzahür edir ki, o, diaspor məsələsini yalnız ölkəmizin siyasi-iqtisadi maraqlarının tərkib hissəsi olaraq deyil, ilk növbədə, milli-mənəvi məsələ kimi irəli sürürdü.

Belarusda yaşayan soydaşlarımız da çevik və mütəşəkkil qüvvəyə çevrilmişlər. Həmvətənlərimizin hər birinin qəlbi Azərbaycan, Vətən eşqi ilə döyünür.

Diaspor təşkilatının səyi nəticəsində yaşadığımız ölkədə ilboyu müxtəlif tədbirlər keçirilir, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə üstünlük verilir.

Həmsədrlərimizin təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi işinin təkmilləşdirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər həyata keçirilir. Həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması, yaşadılması yönündə ardıcıl və məqsədyönlü işlər görülür.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif səpkili tədbirlər, etiraz aksiyaları, mitinqlər, küçə yürüşləri, elmi-praktik konfranslar, simpoziumlar təşkil olunur, foto və rəsm sərgiləri, filmlər nümayiş etdirilir. Vətən müharibəsi dövründə həyata keçirilən etiraz aksiyaları bizi ürəkdən sevindirir.

Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı, tarixi zəfərimizin simvolu sayılan Şuşada keçirildi. Bu da təsadüfi deyil, çünki Şuşa mənəvi baxımdan xalqımız üçün böyük məna daşıyır. Qurultayın məhz Şuşada keçirilməsi bütün dünya azərbaycanlılarına böyük qürur və sevinc hissi yaşatdı.

Belarusdakı həmvətənlərimiz adından xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.

Eyyub Abbasov Rusiya Federasiyası Novosibirsk şəhərində diaspor fəalı:

–Fəxrlə demək olar ki, bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrilmişlər. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının, bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır.

Azərbaycançılıq ideologiyası xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin diasporla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə imkan yaratmışdır.

"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanuna uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılar üçün əlverişli şərait yaradılmışdır.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarını vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət səviyyəsində mühüm işlər görülmüşdür.

2022-ci il aprel ayının 22-də Qarabağın incisi Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı keçirildi. Tarixi Zəfərdən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları toplaşaraq Qarabağda qurultay keçirdi və bu, çox əhəmiyyətli hadisə oldu.

Azərbaycan tarixinə Zəfər Qurultayı kimi düşən bu toplantıda Prezident İlham Əliyev demişdir: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqdan xalqımızı tərpədə bilməz".

Novosibirsk şəhərindəki milli birliyimiz, azərbaycançılıq məfkurəsi müstəqilliyimizə stimul verir. Buradakı həmvətənlərimiz adından xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.

Arif Niftəliyev Özbəkistan Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü:

–1993-cü ilin iyun ayında tarixi zərurət və xalqın tələbi ilə ulu öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən dünya azərbaycanlıları ilə əməkdaşlıq istiqamətində keyfiyyət və mahiyyətcə yeni mərhələ başlamışdır.

Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli liderimiz Heydər Əliyev çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyanı - dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürmüş və uğurla həyata keçirmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin müzakirəsi zəruriliyini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu.

2022-ci ilin aprelində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır.

Vurğulamaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Özbəkistanda da milli diasporumuz mütəşəkkil qüvvəyə çevrilmişdir. Diaspor fəallarının birgə səyi nəticəsində yaşadığımız ölkədə ilboyu silsilə tədbirlər keçirir. Azərbaycan-Özbəkistan dostluğu, əlaqələri yüksələn xətlə inkişaf edir.

Zekeriya Demiral Türkiyənin Kars İş Adamları Dərnəyinin rəhbəri:

–Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Müstəqil, suveren Azərbaycan Respublikası Azərbaycan dövlətçiliyinə, xalqımızın dininə, dilinə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı göstərir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporu ilə bağlı ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

2007-ci ilin may ayında Bakı şəhərində keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatı rəhbərlərinin I Forumu iki qardaş xalqın tarixində mühüm hadisə olmaqla, diasporun həyatında yeni bir səhifə açmışdır. Forumun qəbul etdiyi qərarlar Azərbaycan və türk xalqlarının vahid etnomilli mədəniyyətə və tarixə deyil, həm də ortaq strateji maraqlara malik olduğunun parlaq təsdiqi olmuşdur.

Azərbaycan ilə Türkiyə bütün dünyada əsl qardaş həmrəyliyi nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi, sarsılmaz həmrəyliyimizi bir daha rəsmiləşdirən tarixi sənəddir.

Həmrəylik amalı ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayır. Bu gün dünyanın bir çox ölkələrində yaşayan türk və azərbaycanlıların qəlbində sönməz türk çırağı yanır və ətrafa işıq saçır.

Samir Qarayev Rusiya Federasiyası Ryazan şəhər Azərbaycan Milli Mədəni Muxtariyyət İctimai Birliyinin sədri, siyasi elmlər namizədi, fəxri hüquqşünas:

–Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir.

Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın monolit qüvvəyə çevrilməsi üçün azərbaycançılıq ideologiyasını önə çıxarmışdır. Bu ideologiya bütün azərbaycanlıların vahid ideya ətrafında birləşməsini sürətləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.

Dünya azərbaycanlılarının 2023-cü ildə Şuşada keçirilən V Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Prezident İlham Əliyev Zəfər qurultayında bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artmasını, Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsini qürur hissilə qeyd etmişdir.

Xaricdə yaşayan soydaşlarımız elm, mədəniyyət, səhiyyə və digər sahələrdə öncül yerlərdə gedir, xalqımıza şan-şöhrət gətirirlər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həmvətənlərimizi təbrik edir, onlara birlik, həmrəylik və vahid ideya ətrafında birləşməyi arzulayırıq.

Hazırladı:

Qədir ASLAN,

Əməkdar jurnalist.