Siyasət

"BOZ ZONA":BƏŞƏRIYYƏT ÜÇÜN BÖYÜK TƏHLÜKƏ

Son dövrlər siyasi leksikonda ən çox işlənən ifadələrdən olan “boz zona” məfhumuna dair nümunələr, paralellər gətirməklə, onun anlamı barədə əməkdaşımız A.Asifqızının hazırladığı şərhi təqdim edirik.

Müasir dövrümüzdə "boz zona" ifadəsi bir çox sahələrdə rast gəlinsə də, daha çox siyasi termin kimi istifadə olunur. Belə zonalar dövlət və qeyri-dövlət aktorlarının rəqabət apardığı sülh və müharibə arasında olan məkan kimi xarakterizə edilir. Sadə dillə desək, "ağ" və "qara", "sülh" və "müharibə" arasındakı əraziyə "boz zona" deyilir.

Bu zonalarda hakimiyyət legitim dövlət orqanlarının əlindən çıxaraq siyasi-kriminal qrupların əlinə keçir, hüquqi olaraq bu və ya digər ölkənin ərazisinə beynəlxalq hüquqla məsuliyyət daşıyan ölkə nəzarət edə bilmir. Beləliklə, bu ərazidə fəaliyyət göstərən subyektlər öz təsirlərini genişləndirmək üçün hibrid strategiyalar hazırlayırlar. Belə "dövlətlər" qeyri-dövlət aktorlarından və informasiya texnologiyalarından istifadə edərək öz opponentlərini tabe etməklə regional və beynəlxalq təhlükəsizliyi təhdid edir. Linqvistik, sosioloji və siyasi olaraq təsnif olunan bu termin hərfi mənada "nəzarətsiz ərazi" mənasını daşıyır. "Nəzarətsiz ərazi", "pirat respublikası", "üsyançı dövlət", "tanınmamış respublika", "boz zona", "kvazidövlət", "psevdodövlət", "qismən tanınmış dövlət", "de-fakto dövlət" və s. kimi anlayışlar suveren dövlətlərin ərazisinin qeyri-legitim şəkildə ayrı-ayrı cinayətkar qruplar, milli azlıqlar və anklavlar tərəfindən zəbt olunması nəticəsində yaranır. Bu zonaların özündə əks etdirdiyi təhlükə ciddi böhranlara gətirib çıxarır. Hüquq normalarının şüurlu şəkildə pozulması isə regionda gərginliyin artmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, əslində "boz zona" yeni bir termin deyil. Keçmişdə bu məfhumu təsvir etmək üçün "qaydasız müharibə", "aşağı intensivlikli münaqişə", "asimmetrik müharibə", "müharibə şəraitindən kənar aparılan hərbi əməliyyat", "kiçik müharibə" kimi anlayışlardan istifadə olunurdu. Con Kennedi hakimiyyəti dövründə öz çıxışında bu müharibəni belə şərh edirdi: "Bu sadəcə fərqli müharibə növüdür. İntensivliyi baxımından yeni, lakin mənşəyinə görə köhnə olan bu müharibə partizanlar, təxribatçılar, üsyançılar, qatillər tərəfindən aparılır. Onlar düşməni açıq döyüşdə deyil, onun gücünü zəiflətməklə və onu tükəndirməklə qələbə çalır".

Belə zonalar ciddi tənzimlənmənin tətbiq edildiyi yerlərdə yaranır. Beləliklə, "boz zona" müstəqil bir məfhumdur. Yeni nəslin hərbi münaqişələrinin strategiyalarını müəyyən edən ən mühüm amil kimi "boz zona" konsepsiyası "hibrid müharibə teatrı" kimi meydana çıxır. Ənənəvi müharibə və sülh vəziyyəti arasında mövcud olan "boz zona"da yaranan təhlükəsizlik problemləri beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyət daşıyan digər inkişaf etmiş ölkələrin xarici siyasətinə müasir çağırışları əks etdirir. "Boz zona"nın çoxsaylı problemləri praktiki olaraq heç bir kateqoriyaya və hüquqi qeydiyyata malik olmasa da, hazırda müharibə və sülhü təsvir etmək üçün lüğətlər, doktrinalar və mental modellər işlənib hazırlanır. Ən inkişaf etmiş konsepsiya ABŞ-ın hərbi doktrina sənədlərində yer alan "boz zona"dır. ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının "Ağ Kitabında" "boz zona" problemləri dövlət və qeyri-dövlət aktorları arasında ənənəvi müharibə və sülh dövlətləri arasında baş verən rəqabətli qarşılıqlı əlaqələr kimi müəyyən edilir.

Mütəxəssislərin fikrincə, "boz zona" anlayışı ilk növbədə milli təhlükəsizlik sahəsində maraqlara birbaşa təsir edir və "ağ zona"dan "boz zona"ya keçid həmin zonalardan hər hansı birinin aqressivliyi nəticəsində yaranır. Təbii ki, dövlətlər çox vaxt münaqişəli vəziyyətləri diplomatik yolla həll etməyə çalışırlar, lakin onlar öz milli maraqlarını qorumaq üçün hərbi tədbirlər görmək, bəzən dünya ictimaiyyətinin fikrinə və onun təzyiqinə zidd olaraq hərbi birləşmələrdən istifadə etmək hüququnu həmişə özlərində saxlayırlar.

Vətəndaş müharibəsinə məruz qalan, separatçı birləşmələri və ya ekstremist rejimləri təmsil edən bu cür ərazilər beynəlxalq terror təşkilatlarının bazalarının və təlim düşərgələrinin yerləşməsi üçün hədəfə, narkokartellərin və dəniz quldurlarının fəaliyyət sahəsinə çevrilir. Əgər bu ərazilər əlverişli geosiyasi mövqeyə malikdirsə, bir neçə rayonun qovşağında yerləşirsə və nəqliyyat kommunikasiyalarına çıxışı varsa, o zaman "boz zona"lar çox vaxt narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni silah ticarəti üçün marşrut kimi çıxış edir. Tarixdə "boz zona"nın ilk yüksəlişi Yuqoslaviyanın dağılması dövründə qeydə alınmışdır. "Boz zona"lar hakimiyyət tərəfindən idarə oluna bilməyən Yəməndə, Sudanda, Efiopiyada, həmçinin postsovet məkanı ərazilərindən Dnestriyanı və s. regionlarda da mövcuddur. Bu zonalar əksər hallarda xarici qüvvələr tərəfindən həmin ölkələrin daxili işlərinə müdaxiləsi zamanı öz nüfuzunu ərazidə möhkəmləndirmək məqsədilə yaradılır. Beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan və bütöv bir dövlətin "boz zona"ya çevrilməsinin ən tipik nümunələrindən biri Somalidir. Somalinin nümunəsində göstərildiyi kimi, piratçılıq dünya ictimaiyyətinə böyük iqtisadi ziyan vurur. "Boz zona"nın daha bir bariz nümunəsi də Əfqanıstandır. Müasir dünya nizamını pozan, bir sıra transmilli təhlükələrin hədəfinə çevrilən Əfqanıstan narkotiklərin istehsalı və yayılması sahəsində beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.

60-cı illərdən bəri ölkə hökumətləri ilə sosialist müxalifət arasında davam edən vətəndaş müharibəsi nəticəsində meydana çıxan "boz zona"lar isə Kolumbiyadakı FARC üsyançı hərəkatları, Perudakı "Sendero Luminoso" və Boliviyanın bəzi əraziləridir. Bir vaxtlar Ermənistanın terror-separatçı siyasəti nəticəsində Azərbaycanın dövlət sərhədlərinin pozulmasını, tarixi torpaqlarının işğalını, təbii sərvətlərinin talan edilməsini, mədəniyyət abidələrinin dağıdılmasını, narkotik maddələrin istehsalını, tranzit və ticarətini, silah və insan alverini də misal gətirmək olar.

Nəzərdən keçirilən "boz zona"ların nümunəsinə əsaslanaraq onların əmələ gəlməsini və mövcudluğunu müəyyən edən bir neçə ümumi faktoru vurğulamaq yerinə düşər. Birincisi, "boz zona"ların yaranmasına müəyyən siyasi rejimlərdə və sosial-iqtisadi sistemlərdə baş verən dəyişikliklər səbəb olur. Cəmiyyətdə ideoloji parçalanma və ya ayrı-ayrı ərazilərin separatizmi nəticəsində yaranan daimi vətəndaş müharibəsi "boz zona"ların yaranmasına yol açır. Həmçinin müxtəlif dövlətlərin milli təhlükəsizliyini və sabitliyini pozan amil kimi çıxış edir.

"Boz zona"nın digər mühüm xüsusiyyəti onun bu və ya digər nöqteyi-nəzərdən asılılığıdır. Məsələn, ABŞ, Rusiya və Ukrayna Ukraynanın şərqindəki münaqişəni fərqli başa düşürlər. ABŞ baxımından vəziyyət "ağ zona"ya daha yaxındır və amerikalıların fikrincə, iqtisadi sanksiyalar və diplomatik təzyiqlərin köməyi ilə hərəkət etmək daha məqsədəuyğundur. Xarici alimlər Rusiyanın mövqeyini "qara zona"ya daha yaxın görürlər. Ukrayna bu vəziyyətə öz suverenliyinə birbaşa təhlükə kimi baxır və milli səfərbərliyə haqq qazandırır. Aydındır ki, bu səciyyələndirmə aşağıdakı nəticəyə gətirib çıxarır: maraqları "boz zona"da kəsişən müxtəlif tərəflərin nöqteyi-nəzərinin düzgün qiymətləndirilməsi onların hər birinin öhdəlik səviyyəsini, bu və ya digər tərəfin nə qədər uzaq olduğunu anlamaq üçün vacibdir.

Hazırkı mərhələdə qlobal, regional və milli təhlükəsizliyə təhdidlərin xarakteri kəskin şəkildə dəyişib. Soyuq müharibə dövründə əsas təhlükələr proqnozlaşdırılsa da, son 20 il ərzində qloballaşma şəraitində dünya keyfiyyətcə yeni, gözlənilməz və bütün dövlətlərin vətəndaşları üçün potensial təhlükə yaradan transmilli təhdidlərlə üzləşib. "Boz zona"da istifadə olunan üsul və vasitələr ənənəvi hərbi münaqişələrin xətti modelinin ideyalarına uyğun gəlmir. Bütün bunlar hərəkət və hərəkətsizlik arasında seçim tapşırığını əhəmiyyətli dərəcədə çətinləşdirir: mümkün variantlardan hər biri eyni dərəcədə məsuliyyətli və xoşagəlməz görünür, bu da qarşı tərəfin hazırladığı əks-strategiyalara dağıdıcı təsir göstərir.

Əslində, "boz zona"dan gələn təhlükə problem deyil, yalnız real problemlərin simptomlarıdır. Tibb sahəsində olduğu kimi, simptomların öhdəsindən gəlməyi öyrənmək deyil, həm də xəstəliyin özünü müalicə etmək lazımdır. Beləliklə, ortaya çıxan təhlükəsizlik problemlərinin qarşısını vaxtında almaq daha effektiv hesab edilir. Bunun üçün ilk növbədə əsas problemi müəyyənləşdirmək, daha sonra isə səyləri cəmləşdirərək taktiki strategiya hazırlamaq vacib amillərdən biridir.