BMT-nin Cenevrə bölməsində bərpa edilmiş “Azərbaycan” otağının açılışı olub
Digər xəbərlər

BMT-nin Cenevrə bölməsində bərpa edilmiş “Azərbaycan” otağının açılışı olub

Sentyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib. Açılışda BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Respublika"ya bildiriblər ki, tədbir zamanı çıxış edən nazir Ceyhun Bayramov və baş direktor Tatyana Valovaya BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan” otağının olduqca faydalı töhfə olduğunu vurğulayıblar.

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın təmirinə 2022-ci ildə başlanıb. Ən yüksək texnologiyalar əsasında təmir edilən otaqda çox sayda monitor, kamera, audio-video avadanlıq və aksesuar quraşdırılıb. Otaq, həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.

Otağın tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Otağın girişindən etibarən Azərbaycanın tarixini, zəngin təbiətini əks etdirən fotolar habelə şəbəkə elementləri ilə dizayn edilib. Həmçinin Azərbaycanın memarlığını nümayiş etdirən fotolar xüsusi dizaynla təqdim edilib. Bundan əlavə, Qarabağ xalçası, şəbəkə eksponatı, muğam musiqisi alətləri nümayiş etdirilir.

Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur. Bu baxımdan, belə mötəbər bir binada Azərbaycan otağının fəaliyyəti ölkənin təqdimatı baxımdan yüksək önəm kəsb edir.