BİR DAMCINI QORU Kİ, DƏRYA OLSUN
Ekologiya

BİR DAMCINI QORU Kİ, DƏRYA OLSUN

Respublikamızda əkin sahələrinin vaxtında və itkiyə yol vermədən, səmərəli suvarılması məhsuldarlığın artmasına təkan verir.

Genişmiqyaslı suvarma kanalları, kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, subartezian quyularının istifadəyə verilməsi əkinçilikdə mühüm rol oynayır. 2023-cü il Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi üçün yaddaqalan olub. İdarənin rəisi İsmayıl Əvəzov söhbət zamanı bildirdi ki, meliorasiya və su təsərrüfatında icra edilən infrastruktur layihələrinin önəmi olduqca böyükdür.

İdarənin kollektivi 15210 ha əkin sahəsinə xidmət edir. Bunun 12626 ha öz rayonumuzda, 2205 ha Gəncə, 379 ha Daşkəsən rayonu ərazisində olan əkinəyararlı torpaqlardır. Suvarmada 5 mənbədən - Gəncəçay, Kürəkçay, Qoşqarçay, o cümlədən 296 ədəd subartezian quyusu və 10 ədəd su nasos stansiyasından istifadə olunur. Şəmkirçay Su Anbarının sağ sahil kanalı vasitəsilə ötürülən suvarma suyundan 1294 ha əkin bəhrələnir. Suvarma suyunun itkisiz, səmərəli və qənaətlə istifadə edilməsi üçün idarənin balansında olan kanallarda cari və əsaslı təmir işləri aparılır. Rayon ərazisində sel sularından mühafizə tədbirləri gücləndirilir. Belə ki, sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay, Qoşqarçayın məcraları tənzimlənir, beton bloklarla möhkəmləndirilir.

Məqsəd şəhər, qəsəbə və kənd sakinlərinin fərdi təsərrüfatların, yol infrasturukturunu, körpüləri, suvarma şəbəkələrini, etibarlı şəkildə qorumaqdır. İdarənin balansında olan 302 ədəd subartezian quyusundan 255-i təmir olunub. Ümumiyyətlə, bütün ərazilərin su təminatının yaxşılaşdırılması və istehsalçıların tələbatının ödənilməsi daim diqqət mərkəzində saxlanılır. Fikrimi Türk dünyasının lideri Heydər Əliyevin çox qiymətli sözləri ilə tamamlayıram: "Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır".

Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatına diqqət və qayğısından ruhlanır, daha yaxşı çalışırlar.

Zabit XƏLİLOV,

"Respublika".