Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş konfrans
İqtisadiyyat

Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş konfrans

Aprelin 22-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın panel iclaslarında "Qlobal və Regional Dinamika: Azərbaycan və Çindən baxış", "Kəmər və Yol" təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji", "Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr" mövzusunda məruzələr dinlənilib.

"Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış" adlı panelə moderatorluq edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə direktoru Damyaan Krnyeviç Miskoviç Azərbaycanın mövqeyinin Amerikaya nisbətən Çinin mövqeyi ilə daha yaxın olduğunu deyib: "Azərbaycan və Çinin mövqeyi ondan ibarətdir ki, kənar qüvvələr ölkənin daxili işlərinə müdaxilə etməməlidirlər. Hər iki dövlətin əlaqələrində suverenlik və dövlətçilik prinsipləri əsas götürülür".

Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Soltan Məmmədov qeyd edib ki, iki ölkə arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir. Deputat ölkələrimiz arasındakı mədəni əlaqələrdən də söz açıb: "Sirr deyil ki, iki ölkə arasında münasibətlərin güclənməsində mədəni əlaqələrin rolu böyükdür. Bu əlaqələr tarixi ənənələrə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çinlə əlaqələrə mühüm yer verilib. Azərbaycan hər zaman Çin məsələsində vahid mövqe ifadə edib, bütün platformalarda Çinin ərazi bütövlüyünü tanıyıb. Ölkəmiz Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir. Orta Dəhliz bir sıra ölkələrin diqqətini cəlb edib".

Deputat, həmçinin Heydər Əliyev Fondunun ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfə verdiyini vurğulayıb Fondun dəstəyi ilə həyata keçirilən tədbirlərdən, pandemiya dövründə Çinin Azərbaycana verdiyi dəstəkdən də danışıb.

Çin Sosial Elmlər Akademiyası Rusiya Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Sun Cuanqcı Azərbaycanın dünyada sabit ölkələrdən biri olduğunu deyib: "Çin tərəfi qarşılıqlı əməkdaşlığı hər zaman dəstəkləyir. Bəzi ölkələr dünya üçün təhlükə yaradır. Çin-Azərbaycan dostluq münasibətləri isə sabitlik vəd edir və dayanmadan inkişafdadır. "Bir kəmər, bir yol" layihəsi yüksək bir mərhələyə çatıb. İki ölkənin inkişafına töhfə verən digər layihələrin də sayı artacaq".

Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu dünya iqtisadiyyatının 20 faizini Çin iqtisadiyyatının təşkil etdiyini vurğulayıb: "Bu göstərici dünya iqtisadiyyatına geosiyasi təsir imkanlarının olması deməkdir. Dünya iqtisadiyyatında Çinin rolu həlledicidir. Çin ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirir. Bu gün Azərbaycan da dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin nəqliyyat logistika imkanları hər zaman dəyərləndirilir. Azərbaycanla Çin arasında yeni istiqamət kimi bərpaolunan enerji mənbələrinin yaradılması həm Çinin, həm də Azərbaycanın maraqlarına cavab verir".

Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin direktoru Li Çiquo Qarabağın işğaldan azad edilməsini sevindirici hal kimi qiymətləndirib. O bildirib ki, Ermənistan da artıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. "İstənilən layihənin başlanmasında Çinin böyük rolu vardır. Cənubi Qafqaz ölkələrinin hər birinin Çinlə əlaqələri mövcuddur. Çin-Azərbaycan münasibətlərinə bir neçə istiqamətdən baxmaq lazımdır. Çin şirkətləri investisiya sahəsində böyük nailiyyətlər əldə edib, yatırım məsələsində Avropanı keçib. Ümid edirəm ki, Azərbaycan Hökuməti bizimlə əlaqələri dayanmadan inkişaf etdirəcək", - deyə qonaq vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azərbaycanın proaktiv siyasət həyata keçirdiyini qeyd edib. O, Türk Dövlətləri Təşkilatının (TDT) əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın xarici siyasətində TDT-nin mühüm istiqamətlərdən birinə çevrildiyini diqqətə çatdırıb: "Çin də bu təşkilata böyük önəm verir. TDT regional problemlərin həlli baxımından mühüm rola malik ola bilər. Çünki Çin də Orta Dəhliz vasitəsilə daşımaları dəstəkləyir".

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoyun qeyd edib ki, hazırda beynəlxalq siyasətdə böyük dəyişikliklər baş verməkdədir: "Mürəkkəb beynəlxalq vəziyyətlər yeni nəzəriyyələr ortaya çıxarır. Bəzi ölkələrin fikirləri və düşüncələri fərqlidir. Azərbaycan və Çin bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Biz inkişaf üçün əlimizdən gələni etməliyik. Daşınma və ya logistika, "yaşıl" əməkdaşlıq sahəsində əlaqələrimiz daha da genişləndirilməlidir".

"Kəmər və Yol" təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji" adlı panelə moderatorluq edən Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Çinlə əməkdaşlıq üçün platforma yaranıb. O qeyd edib ki, Çinin bərpaolunan enerji sahəsində təcrübəsi iki ölkə arasında əməkdaşlığa töhfə verəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev qeyd edib ki, iki ölkə arasında inkişaf edən əməkdaşlıq müxtəlif iqtisadi sektorları əhatə edir. "Çin hazırda Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Çin, sadəcə, resurslar baxımından zəngin deyil, eyni zamanda, onun kifayət qədər böyük iqtisadi qüdrəti var. Bizim Çindən öyrənəcəyimiz çox böyük məqamlar var. Azərbaycan "Bir kəmər, bir yol" layihəsinə çox böyük dəstək verir. Azərbaycan Orta Dəhlizdə yerləşən kimi "Bir kəmər, bir yol" layihəsinin mühüm tərəflərindən biri kimi malların təhlükəsiz şəkildə daşınmasına töhfə verməkdədir. Son 20 ildə Azərbaycan nəqliyyat sahəsinə kifayət qədər sərmayələr yatırıb. Bu gün Orta Dəhlizdə kifayət qədər artımlar müşahidə edilib", - deyə şöbə müdiri bildirib.

F.Əliyev, həmçinin elektrobusların Azərbaycanın nəqliyyat sisteminə daxil edilməsi məsələsinə də toxunub. O bildirib ki, Çinin "BYD" şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək.

"Bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusu xəttə buraxılacaq. Azərbaycan bu tip avtobusları nəqliyyat sisteminə daxil edir", - deyə F.Əliyev vurğulayıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat inzibatçısı Yucin Si bütün investisiyaları düzgün yerləşdirməyin vacib olduğunu deyib. O çıxışında alternativ marşrutlara hər zaman ehtiyac olduğunu qeyd edib.

"Bakı Ələt limanı tam gücü ilə işləyir. Ələt limanı Mərkəzi Asiya ölkələri üçün də tranzit rolunu oynayır. Biz limanın ikinci faza modelini də işləyib bitirmişik. Planlaşdırma fazasında maraqlı tərəflər karqolar gətirməklə bu investisiyanın artmasına kömək edə bilər", - deyə inzibatçı qeyd edib.

Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin elmi işçisi Kanq Cie Transxəzər dəhlizinin təkcə Qərb və Şərq dəhlizini yox, eyni zamanda, şimal və cənub dəhlizlərini də birləşdirdiyini qeyd edib: "Bu layihə heç bir vəchlə ölkələri zəiflətməyə deyil, əksinə, regional əməkdaşlığı gücləndirməyə xidmət edir. Transxəzər dəhlizi və "Bir kəmər, bir yol" layihəsi Qərb ölkələrində yeni sənayeləşmə növlərini axtarıb tapmağa kömək edir. Bu, Azərbaycan tərəfindən yeni fiberoptik xətlərin Transxəzər ölkələrinə çəkilməsinə şərait yaradır. Bu xətlərin çəkilməsi ilə Azərbaycan böyük ehtimalla çox mühüm məlumat mərkəzinə çevriləcək. Bu da Azərbaycanda kifayət qədər rəqəmsal infrastrukturun qurulmasına kömək edəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev çıxışında Azərbaycanın 165 illik dənizçilik tarixinə, 144 illik dəmir yolu təcrübəsinə sahib olduğunu bildirib. O, eyni zamanda, Azərbaycanın 8 beynəlxalq hava limanına da sahib olduğunu, bir hava limanın da tikilməkdə olduğunu qeyd edib. Ekspert Azərbaycandan 1980-ci illərdə dəmiryolu xətti vasitəsilə 100 milyon tona yaxın yükün daşındığını xatırladıb. R.Ağamirzəyev bu gün də Azərbaycanın bu sahədə böyük potensialının olduğunu diqqətə çatdırıb.

"Azərbaycan və Çin arasında qarşılıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr" adlı paneldə çıxış edən Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev Azərbaycanla Çin arasında 1992-ci ildən qurulan münasibətlərin yeni fazaya daxil olduğunu və əlaqələrin xalqlarımızın maraqları naminə inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, əməkdaşlıq dövlət başçılarının qətiyyəti nəticəsində yeni münasibətlərin inkişafına təkan verib.

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafik Abbasov bildirib ki, Ulu Öndərin 1992-ci ildə Çinə səfəri Çin üçün Azərbaycanın qapılarını açıb: "Bizim siyasi əməkdaşlığımızın əsas istiqaməti vahid Çin siyasətinin dəstəklənməsidir. Çin də öz növbəsində bu günə kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çin şirkətləri işğaldan azad edilmiş ərazilərə böyük maraq göstərirlər".

Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunun direktoru Vanq Xaoçianq rəhbərlik etdiyi təşkilatın 2011-ci ildə fəaliyyətə başladığını xatırladıb. O bildirib ki, Konfutsi İnstitutunda 13 nəfər fəaliyyət göstərir. İki dövlət arasında əməkdaşlıq gündən-günə inkişaf edir: "Azərbaycanda kiçik yaşlarından etibarən Çin dilinə maraq göstərənlər əvvəlki illərdən çoxdur. Konfutsi institutu açılandan bəri burada 6000 tələbə təhsil alıb. Tərəfimizdən təşkil edilmiş 400-dən artıq tədbirdə çox sayda insan iştirak edib. Hər il 30-a yaxın uşaq Çinə təqaüdlə təhsil almağa göndərilir. Eyni zamanda, hər il 45-ə yaxın uşaq Çində yay məktəbində iştirak edir".

Digər çıxış edən çinli qonaqlar Çin-Azərbaycan münasibətlərinin strateji mərhələdən planlı şəkildə gələcəyə doğru addımladığını bildiriblər. Çinin və Azərbaycanın ortaq istəyinin hərtərəfli əməkdaşlığı inkişaf etdirmək olduğunu bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Onlar, həmçinin Azərbaycanın qədim və müasir tarixindən bəhs ediblər və ölkəmizin çoxillik tarixə malik olduğunu vurğulayıblar, eyni zamanda, Azərbaycanın adının tarixi mənalarına diqqət çəkiblər.