Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ
İqtisadiyyat

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ

Azərbaycanın müasir dirçəlişinin müəllifi olan İlham Əliyev ümummilli lider Heydər Əliyevin irsini inam və qətiyyətlə inkişaf etdirir. Ölkə başçımızın məqsədi Azərbaycanı dünyanın ən sürətli və dinamik inkişaf edən ölkəsinə çevirməkdir. 2003-cü ildən bu yana respublikamız onun rəhbərliyi altında bir çox uğura imza atmışdır. 20 ildən çox vaxt keçib və görülən işlərin miqyası, mahiyyəti ölçüyəgəlməzdir. Ölkənin dünya səviyyəsində inkişafı ilə bağlı proqramlar və onların uğurlu formada icrası bir şəxsiyyət kimi bütün varlığıyla xalqına bağlı olan İlham Əliyevə məxsusdur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişaf modeli günümüzdə dünyada ən çox müzakirə olunan mövzulardandır. Bu modelin memarı və qurucusu ulu öndər Heydər Əliyevdirsə, müasir inkişafının banisi isə İlham Əliyevdir. İqtisadi inkişaf modelinin öyrənilməsi bir çox ölkələr tərəfindən maraqla qarşılanır. Heç şübhəsiz, bu strategiya dövlət başçımızın yeritdiyi siyasi xəttə əsaslanır. İqtisadi cəhətdən lider ölkə olmağımız bu strategiyanın son dərəcə düzgün olduğunu təsdiqləyir və aparılan siyasət ölkə iqtisadiyyatının yüksələn xətlə artımını təmin edir. Bu inkişafın əsas istiqamətləri Prezidentin imzaladığı fərman, sərəncamlarda və Dövlət proqramlarında öz əksini tapıb. Beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub.

Azərbaycanın neft sənayesi güclü inkişaf edib, irihəcmli əsas fondlara malikdir, alimlərimiz, geoloqlarımız, neftçilərimiz quruda və dənizdə yeni-yeni zəngin neft yataqları aşkar ediblər. Bu sərvətlərdən istifadə olunması, şübhəsiz ki, birinci növbədə, Azərbaycan xalqının sosial-iqtisadi inkişafını təmin etmək üçün çox mühüm amildir.

İqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi 2020-ci ildəki tarixi Zəfərimizin əldə olunmasında da çox əhəmiyyətli rol oynayıb. Yəni iqtisadi inkişaf bizi tarixi Zəfərə aparan çox mühüm həlledici amillərdən biri olub. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanması, Böyük Qayıdışın ən yüksək səviyyədə və qısa müddət ərzində təmin olunması Azərbaycan iqtisadiyyatının gücünü əks etdirir.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı sayəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil etmək hədəflənir.

İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bildirmişdi ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Ölkəmiz bu 20 il ərzində deyilənlərin hər birinə nail oldu. Həmin dövrün iqtisadi göstəriciləri ölkədəki yerüstü və yeraltı sərvətin sosial rifaha xidmət etdiyini təsdiqləyir. Qeyd edək ki, Dünya Bankının qiymətləndirmələrinə əsasən Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Həmçinin Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Adambaşına ÜDM 769 dollardan 7798 dollara yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard dollardan 41,1 milyard, ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard dollardan 52,7 milyard dollaracan artıb. İxracın həcmi 2,2 milyard dollardan 38,1 milyard, qeyri-neft məhsullarının ixracı 0,26 milyard dollardan 3,05 milyard dollara, xarici ticarətin profisiti isə 0,5 milyard dollardan 23,6 milyard dollaradək yüksəlib. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə çoxalıb. Ölkəmizin strateji valyuta ehtiyatları da 1,4 milyard dollardan 58,5 milyard dollara çatıb.

Bütün bu statistik rəqəmlər onu göstərir ki, bu illər ərzində xalq-dövlət birliyi yüksək səviyyədə olub. Çünki bu olmasa, inkişaf olmaz. Həmin göstəricilərin məntiqi davamını elə Prezident İlham Əliyevin söylədiyi fikirlərdə də görmək mümkündür: "Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri".

Röya RÜSTƏMLİ,

"Respublika".