AZƏRBAYCANDAN AVROPAYA
İQTİSADİYYAT

AZƏRBAYCANDAN AVROPAYA "YAŞIL" KÖRPÜ

Enerji təhlükəsizliyi hər bir ölkənin sosial-iqtisadi inkişafı və milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dayanıqlı enerji strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələbləri və müasir texnoloji inkişaf reallıqları nəzərə alınaraq uğurla davam etdirilir. Azərbaycan dünyada güclü enerji potensialına malik ölkə kimi tanınır.

Etibarlı tərəfdaş

Möhtərəm Prezidentimizin müəllifi olduğu Cənub Qaz Dəhlizi dövlətimizin yeni enerji siyasətinin parlaq uğurlarından biridir. Layihənin təməli 2014-cü il sentyabr ayının 20-də qoyulub. Ümumi dəyəri təxminən 40 milyard ABŞ dollarıdır. Dəhlizin mühüm tərkib hissəsi olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin çəkilişi Azərbaycan qazının qardaş Türkiyəyə və Avropaya nəqlinə geniş imkanlar açıb.

Artıq iki ildir ki, Azərbaycan öz təbii qaz resurslarını Avropa İttifaqı məkanına çatdırır. Uzunluğu 3500 kilometr olan boru kəmərləri vasitəsilə 2021-ci ildə 8,1 milyard kubmetr, ötən il isə 11,4 milyard kubmetr Azərbaycan qazı Avropaya daxil olub. Cari ildə bu həcmin 11,6 milyard kubmetr olacağı gözlənilir.

Keçən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması səbəbindən Avropa enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycana üz tutdu. Nəticədə ölkəmiz qaz ixracının coğrafiyasını Avropaya qədər genişləndirdi. Bu gün Azərbaycan Avropa İttifaqı məkanında etibarlı enerji tərəfdaşına çevrilib.

Bu günlərdə Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu. Toplantıda dövlətimizin başçısı cənab İlham Əliyevin dərin məzmunlu, əhatəli çıxışı ölkəmizin hər yerində böyük rəğbətlə, sonsuz maraqla qarşılandı. Lənkəran Dövlət Universitetinin maliyyə idarəetməsi və audit kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Əlixan Bədəlov toplantıda müzakirə edilən məsələlərin əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin perspektivlərindən söhbət açaraq dedi:

- Möhtərəm Prezidentimizin çıxışında qeyd olunduğu kimi, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti getdikcə artır. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi qədər mühüm önəm daşıyır. Cənub Qaz Dəhlizi layihəsi iki ildən artıqdır ki, həyata keçirilir. Toplantıda onun genişləndirilməsi barədə geniş müzakirələr aparılıb. TANAP-ın həcminin 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilib.

Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi nəticəsində Bolqarıstana Azərbaycan qazı ixrac olunur. Rumıniya da iştirakçı ölkələr sırasına qoşulub. Yaxın vaxtlarda bu ölkəyə də qaz veriləcək. Macarıstan da qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalayıb. Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan ən yaxın tərəfdaş ölkələrdir.

Toplantıda iştirak edən Rumıniya dövlətinin başçısı Klaus Yohannis Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıdığını, Azərbaycanın etibarlı tərəfdaş kimi Rumıniyada təşviq edildiyini bildirdi. Rumıniya həmçinin, Avropanın enerji tələbatlarının qarşılanmasına, Cənub Qaz Dəhlizinin genişləndirilməsinə mühüm töhfələr verir. Səmərəli əməkdaşlıq nəticəsində dəhliz Mərkəzi və Cənub Şərqi Avropada yeni bazarlara doğru genişlənir.

Bu, əslində hər iki tərəf üçün sərfəlidir. Azərbaycan təbii qazın ixracını şaxələndirir, Avropa isə özünün qaz təchizatını yaxşılaşdırır və enerji təhlükəsizliyini gücləndirir. Toplantıda Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson haqlı olaraq Cənub Qaz Dəhlizinin enerji böhranı zamanı Avropaya misli görünməmiş köməklik etdiyini vurğuladı.

Prezident İlham Əliyev bu barədə deyib: "Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş".

"Yaşıl iqtisadiyyat"a keçid

Azərbaycan həm də yaşıl enerji potensialına malikdir. Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikinci yerdədir. Xəzər dənizində külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27, işğaldan azad edilmiş torpaqlarda 10 qiqavata yaxındır.

Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyasının tikilməsi nəzərdə tutulub. Artıq onların 5-i tikilib istifadəyə verilib. Cəbrayıl rayonunun ərazisində 240 meqavatlıq elektrik stansiyası inşa ediləcəkdir.

Ölkəmizdə "Masdar" və "ACWA Power" kimi investorlarla günəş və külək enerjisinin istehsalı ilə bağlı iki layihə həyata keçirilir. Layihələrin ümumi həcmi 470 meqavatdır. Naxçıvan Muxtar Respublikasında 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar danışıqlar aparılır. Təxminən 1-1,5 il ərzində bərpaolunan enerji istehsalı yüz milyonlarla kubmetr qaza qənaət etməyə imkan verəcəkdir.

Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerjiyə tələbatın məhdudlaşdırılması və bərpaolunan enerjinin artırılması üzərində intensiv şəkildə çalışırlar. Təbii qazdan başqa, digər enerji mənbələri ilə əlaqədar əməkdaşlıq genişlənir. Keçən il dekabr ayının 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin istehsalı və onun nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında razılaşma memorandumu imzalanmışdır. Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması bu sahədə mühüm addım sayıla bilər.

Azərbaycan bərpaolunan enerji mənbələrinin tətbiqinin sürətləndirilməsinə və iqtisadiyyatın karbonsuzlaşdırılmasına xüsusi önəm verir. Yaxın gələcəkdə ölkəmiz həm də Avropa İttifaqı məkanında bərpaolunan enerji və hidrogen ixracatçısına çevriləcəkdir.

Müstəqil Azərbaycanın indiyə kimi müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Cənub Qaz Dəhlizi layihələri ölkəmizin enerji sahəsində ən etibarlı tərəfdaş olduğunu təsdiqləmişdir.

Göründüyü kimi, Avropa İttifaqı və onun üzv dövlətləri ilə Azərbaycan arasında enerji əməkdaşlığının əhəmiyyətli dərəcədə strateji prioritetləri vardır. Avropa qitəsində həm təbii qaz, həm də yaşıl enerji istehsalı ilə bağlı layihələr ölkəmizin enerji sahəsində uğurlu perspektivlərindən xəbər verir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".