Azərbaycanda qanunvericilik bazalarının yaradılmasına xüsusi önəm verilir
İQTİSADİYYAT

Azərbaycanda qanunvericilik bazalarının yaradılmasına xüsusi önəm verilir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 6-da "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Həmin fərmanla quruma investisiya pul nişanlarının satışı qaydası, ödəniş xidmətləri təchizatçıları tərəfindən əməliyyatların aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu və s. kimi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verilməsi nəzərdə tutulub.

Məsələyə münasibət bildirən iqtisadçı Asif İbrahimov "Respublika"ya açıqlamasında qeyd edib ki, Azərbaycanda qanunvericilik bazalarının yaradılmasına xüsusi önəm verilir.

O, həmçinin mövcud boşluqları aradan qaldırmaq üçün bu dəyişikliyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Qanuna edilən dəyişiklik beynəlxalq prinsiplərə uyğunlaşma baxımından vacibdir. Məsələn, Azərbaycan sahibkarları hazırda Rusiya bazarına üz tuturlar. Çünki onların ABŞ bazarlarına çıxışı məhduddur. Qanundakı dəyişikliyin beynəlxalq standardlara uyğun olması bu problemi gələcəkdə aradan qaldıra bilər".

Ekspert bank sahəsində olan problemlərin də aradan qaldırılmasında bu dəyişikliyin müstəsna rolunu qeyd edib:

"Mən Azərbaycanda bank sektorunun inkişafını üç hissəyə bölərdim. Birincisi, 1990-cı ildən 2008-ci ilədək, ikinci mərhələ 2008-dən 2015-ci ilə qədər, üçüncüsü isə 2015-ci ildən bugünədək olan zamanı əhatə edir. Digər dövrlərlə müqayisədə, 2015-ci ildən etibarən bu sahəyə diqqət daha çox artdı, Mərkəzi Bank tərəfindən bir sıra qaydaların tətbiqi həyata keçirilməyə başlandı. Bu qaydaların tətbiqi də beynəlxalq standardların tələblərinə uyğun olaraq formalaşdırıldı. Məsələn, risklərin idarə olunmasında "ISO 31000" standardı mövcuddur. Prezident İlham Əliyevin "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı imzaladığı Fərman bank sektorunun daha effektiv işləməsini təmin edə biləcək".

Nəzrin ELDARQIZI,
"Respublika".