Azərbaycanda audit: təşəkkülü, inkişafı və perspektivləri
İQTİSADİYYAT

Azərbaycanda audit: təşəkkülü, inkişafı və perspektivləri

Ölkəmizdə 90-cı illərin ortalarından həyata keçirilən iqtisadi islahatlar və idarəetmənin təkmilləşdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə və digər mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş, iqtisadi sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin məhdudlaşdırılması və yoxlamalarla məşğul olan müvafiq qurumların ləğv edilməsi, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan yoxlamalar aparılmasının qadağan olunması, eləcə də bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin qurulması və inkişafı üçün zəruri şərait yaradırdı.

Bununla da maliyyə nəzarətinin geniş yayılmış və mütərəqqi forması olan auditin (auditor xidmətinin), dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da tətbiqi həyati tələbata döndü. Audit, hər şeydən əvvəl müstəqil (kənar) nəzarət olduğu üçün auditor yoxlamasının nəticələrindən asılı olanların heç bir müdaxiləsi və ya təzyiqi olmadan təsərrüfat subyektlərində maliyyə hesabatlarının mötəbərliyini daha obyektiv və düzgün müəyyənləşdirməyə, bunun əsasında isə cəmiyyətdə maliyyə şəffaflığını təmin etməyə, tərəflər arasında maliyyə münasibətlərini və vergiqoymanı düzgün qurmağa imkan verir. Məhz buna görə də cəmiyyətdə peşəkar auditə tələbat durmadan artır və bu, bir tərəfdən, sahibkarlığın və kapital bazarının özünütənzimləmə meylinin inkişafı ilə bağlıdırsa, digər tərəfdən isə dövlətin özünün də auditdə marağının olması ilə əlaqədardır.

1993-cü ildə ölkədə hərbi-siyasi vəziyyətin o qədər də ürəkaçan olmadığı, iqtisadiyyatda hökm sürən tənəzzülün qarşısını almaq və onun inkişafını dövlət başçısının qətiyyətlə bəyan etdiyi bazar münasibətləri müstəvisinə keçirmək üçün ilkin-müqəddəm şərtlərin, bütövlükdə isə siyasi-iqtisadi sabitliyin hələ tam təmin edilmədiyi bir vaxtda "Auditor xidməti haqqında" Qanun layihəsi parlamentin müzakirəsinə çıxarılaraq qəbul olundu. 1994-cü il sentyabrın 16-da Qanunun ölkə Prezidenti tərəfindən imzalanması ümummilli liderimiz Heydər Əliyevin demokratik dünya dəyərlərinə sadiqliyinin, bazar iqtisadiyyatına keçidin reallaşdırılması istiqamətində rəhbər qətiyyətinin və bazar infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürü idi.

1996-cı il aprelin 4-dən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Auditorlar Palatası da ötən illər ərzində milli audit sisteminin normativ-hüquqi bazasının formalaşması sahəsində xeyli iş görmüşdür. Beləliklə, iyirmi yeddi il ərzində Azərbaycanda auditor xidmətini mütərəqqi dünya təcrübəsinə uyğun şəkildə təşkil etmək və tənzimləmək, milli audit sisteminin perspektiv inkişafını təmin etmək üçün mükəmməl qanunvericilik və normativ-hüquqi baza yaratmağa nail olunmuşdur.

Ölkə qanunvericiliyinə görə, auditor fəaliyyəti sahibkarlığın xüsusi razılıq (icazə) tələb edən bir növüdür və Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti göstərmək üçün icazənin verilməsi Auditorlar Palatasının səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa görə, auditor adı almaq, yəni auditor fəaliyyəti göstərmək hüququ verən icazəni əldə etmək üçün fiziki şəxslər müəyyən olunmuş qaydada imtahan verməlidirlər.

Auditorlar Palatası auditor adı almaq üçün imtahanların təşkili və keçirilməsinə kadr hazırlığı sahəsində fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi baxır. Yeri gəlmişkən, burada "hazırlıq" ifadəsi o mənada işlədilir ki, auditor adı almaq üçün imtahanların təşkili və keçirilməsi, sadəcə olaraq, müəyyən sayda iddiaçıdan ərizələr toplandıqdan sonra, təyin olunmuş vaxtda imtahan komissiyasının üzvləri ilə imtahan verənlərin üz-üzə oturub konkret mövzular ətrafında sual-cavab etməsi və yekunda cavabların qiymətləndirilməsi prosesindən ibarət olmur. Ümumiyyətlə, praktikada belə bir yanaşma da əsla mümkün deyildir. Səbəbi də budur ki, əvvəla, ölkənin ali təhsil müəssisələrində müvafiq ixtisasa yiyələnənlərin səviyyəsi yenidən hazırlıq keçmədən auditor fəaliyyəti ilə məşğul olmaq üçün praktik tələblərə cavab vermir, digər tərəfdən isə qanunvericiliyə görə, auditor hüququnu əldə etmək üçün sadəcə, ali təhsil diplomuna malik olmaq yox, mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisaslarından biri üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmaq tələb edilir.

Palata, həmçinin auditor kadrlarının peşə-ixtisas səviyyəsinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır və bu sahədə işin ən müxtəlif forma və metodlarından istifadə edir. O cümlədən Palatanın özündə xüsusi proqram əsasında auditorlar üçün ixtisasartırma kursları təşkil olunur, beynəlxalq və regional təşkilatların humanitar yardım proqramları çərçivəsində Azərbaycandan və onun hüdudlarından kənarda, habelə beynəlxalq və regional audit qurumlarının dünyanın müxtəlif guşələrində keçirdiyi təlim kurslarında auditorların və audit mütəxəssislərinin iştirakı təmin olunur.

Auditorlar Palatası özünün beynəlxalq əlaqələr üzrə fəaliyyətinə - beynəlxalq və regional peşə qurumlarında təmsilçiliyə, ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə də məhz mütərəqqi xarici audit təcrübəsinin öyrənilməsi, milli kadrlara çatdırılması və yerli xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə tətbiq edilməsi baxımından yanaşır. Auditorlar Palatası 40-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamış və bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFFA) kimi nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tamhüquqlu üzv qəbul olunmuşdur. Eyni zamanda, Avrasiya regionu ölkələrinin peşəkar mühasibatlıq və audit qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, onların fəaliyyətlərinin koordinasiyası, mühasib və auditor peşəsinə olan ictimai etimadın yüksəldilməsi məqsədilə 2021-ci ildə yaradılmış, ictimai əsaslarla fəaliyyət göstərən "Avrasiya Mühasiblər və Auditorlar Qrupu"na Azərbaycan Respublikasının Auditorlar Palatası üzv qəbul edilmişdir. Sevindirici haldır ki, 2023-cü il fevralın 14-də Rusiya Federasiyasının "Sodrujestvo" Auditor Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə onlayn formatda baş tutan tədbirdə yekdilliklə Auditorlar Palatasının sədri Avrasiya Mühasiblər və Auditorlar Qrupunun sədri seçilmişdir.

Palata yerli qurumlarla da səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin 20-dən artıq dövlət qurumları, təhsil müəssisələri və peşəkar qurumları ilə əməkdaşlıq haqqında saziş, protokol və anlaşma memorandumu imzalanmış, onların iştirakı ilə mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq elmi-praktik konfranslar, regional seminar-müşavirələr və simpoziumlar keçirilmişdir.

Auditorlar Palatasının təşəbbüsçüsü və təşkilatçılarından biri olaraq 1996-2022-ci illərdə ölkə daxilində və beynəlxalq əhəmiyyətli çoxsaylı mötəbər tədbirlər keçirilmişdir.

Azərbaycanda auditor xidmətləri bazarının inkişafı ölkədə bazar münasibətlərinə keçidin əsaslarını müəyyən edən və iqtisadi-maliyyə fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, iqtisadi həyatın ayrı-ayrı sahələrini əhatə edən düşünülmüş islahatların və struktur dəyişikliklərinin reallaşdırılması azad sahibkarlığa və vətəndaş təşəbbüskarlığına geniş meydan verilməsi, investisiya fəallığının gücləndirilməsi üçün dövlət səviyyəsində ardıcıl tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə başlanmışdır. Auditorlar Palatasının yaradılması, auditor fəaliyyəti ilə məşğul olan sərbəst auditorların və auditor təşkilatlarının, xarici auditor təşkilatları filial və ya nümayəndəliklərinin Auditorlar Palatasından icazə alaraq fəaliyyətə başlaması da məhz bu dövrə təsadüf etmişdir. Fəaliyyətinin ilk dövründə Auditorlar Palatası Əsasnaməsində göstərildiyi kimi, auditor xidmətlərinin göstərilməsi ilə məşğul olmuş, respublika ərazisində auditor fəaliyyətinin daha rəvan inkişafına nail olmaq və bölgələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərini də auditor xidmətləri ilə əhatə etmək məqsədilə, Bakı şəhəri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində, Kürdəmir, Zərdab, Şəmkir və Quba rayonlarında da auditor təşkilatları təsis etmişdir. Lakin sonrakı illərdə - artıq regional inkişafın sürətlənməsi, sahibkarlıq mühitinin daha əlverişli xarakter alması və buna müvafiq olaraq, auditə tələbatın, auditor peşəsinə, fəaliyyətinin genişləndirilməsinə ictimai marağın artması ilə əlaqədar Auditorlar Palatası bilavasitə auditor xidməti göstərməklə bağlı fəaliyyətini dayandırmış, auditor təşkilatları təsis etmək praktikasından imtina etmiş və hətta təsisçisi olduğu, maliyyə-təsərrüfat göstəriciləri baxımından özünü doğrultmayan bəzi təşkilatların fəaliyyətinə də xitam vermişdir.

Audit sisteminin təşkilində əsas məsələlərdən biri müxtəlif səviyyəli auditlərin (dövlət auditi, kənar audit və daxili audit) funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi və onlar arasında əlaqələrin tənzimlənməsidir. Auditin hər üç qolu sərbəst və müstəqil maliyyə nəzarəti qurumları olsalar da, iqtisadiyyatdakı mövcud maliyyə sistemlərinin qarşılıqlı əlaqə durumu onlar arasında sıx əməkdaşlıq qurulmasını şərtləndirir.

Kənar (müstəqil) auditlə daxili audit arasında da əlaqələrin genişlənməsinə xüsusi fikir verilməlidir. O cümlədən sifarişçi təsərrüfat subyektlərinin illik mühasibat (maliyyə) hesabatlarının auditi və başqa auditlər aparılarkən daxili auditorların yoxlamalarının nəticələrindən kənar auditorların istifadə etməsi məqsədəuyğun olardı.

Hesablama Palatası ilə Auditorlar Palatası arasında əməkdaşlığın və qarşılıqlı əlaqənin qurulması xüsusi əhəmiyyət daşıyır. Bu mənada, Hesablama Palatası təsərrüfat subyektlərində aparılacaq müxtəlif auditlərin Auditorlar Palatasına sifariş edilməsini, Auditorlar Palatası isə bunların öz üzvləri vasitəsilə araşdırmasını təmin etməlidir.

Beləliklə, audit müstəqil Azərbaycan Respublikasının bazaryönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutmuş, özünü əsl mənada, müstəqil, qərəzsiz maliyyə nəzarəti sistemi kimi təsdiqləmiş, Auditorlar Palatasının fəaliyyət göstərdiyi müddət ərzində auditor xidməti sahəsində ölkədə maliyyə şəffaflığının təmin edilməsinə nail olmaq istiqamətində xeyli iş görmüşdür. Bununla birlikdə müasir mərhələdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən, dövlət idarəetmə sistemində və bazar iqtisadiyyatına keçid vəzifələrinin uğurlu həlli habelə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, kölgə iqtisadiyyatının aradan qaldırılması, maliyyə hesabatlılığının təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr elə bir audit sistemi qurulmasını tələb edir ki, bu sistem daha çox iqtisadi inkişafın perspektivlərini aşkarlamağa yönəlsin.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi daxili, xarici siyasəti birmənalı şəkildə qəbul edən, bu siyasətə fəal surətdə dəstək verən ölkə auditorları bütün qüvvə və səylərini, bilik və bacarıqlarını qarşıda duran dövlət əhəmiyyətli vacib vəzifələrin həllinə sərf edəcəklər.

Səbuhi GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının icraçı direktoru.