Azərbaycan turizminin təbliği üçün beynəlxalq platforma
İQTİSADİYYAT

Azərbaycan turizminin təbliği üçün beynəlxalq platforma

Azərbaycan Turizm Bürosu aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən, dünyaca məşhur “Expedia” platforması ilə rəqəmsal əməkdaşlığa başlayıb.

Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilir ki, əməkdaşlıq çərçivəsində “expedia.com” və “hotels.com” saytlarında Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ətraflı məlumatlar yerləşdirilib. Yerləşdirilən məlumatların hədəf auditoriyası Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, Rusiya və İsrail olaraq seçilib. Səyahət etmək üçün yeni ölkə axtarışında olanları Azərbaycanı kəşf etməyə çağıran kampaniya istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək.

Beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyalarının əhəmiyyətindən danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın beynəlxalq bazarlardakı fəaliyyətini tədricən bərpa etdiyini qeyd edib.  Belə ki, “Expedia” ilə yanaşı, “Skyscanner”, “Wego”, “Aviasales” platformaları ilə də əməkdaşlıq edilir, beynəlxalq media platformaları vasitəsilə Azərbaycanın turizm imkanlarının daha geniş kütləyə çatdırılması istiqamətində isə işlər davam etdirilir.

Qeyd edək ki, onlayn səyahət agentliyi xarakteri daşıyan “Expedia” platformasının əsası 1996-cı ildə ABŞ-da qoyulub. Platformanın tərkibində ümumilikdə 112 milyondan çox aylıq unikal ziyarətçi sayına malik olan 200-dən artıq vebsayt fəaliyyət göstərir. “Expedia.com” və “hotels.com” vebsaytlarının aylıq unikal ziyarətçi sayı isə müvafiq olaraq təqribən 48 və 30 milyon təşkil edir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.