Gündəm

"Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək"

Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində müzakirə obyekti olmayacaq. Çünki İkinci Qarabağ müharibəsində qazanılan Şanlı Zəfər və bu il aprelin 23-də Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüz bərpa edilib. Ermənistan tərəfi sözdə bu reallığı təsdiqləsə də, sonrakı proseslər bizə onu göstərdi ki, düşmən digər xain planlar üzərində çalışıb. Bu Qarabağda yaşayan erməni əsilli vətəndaşlar üzərindən qurulan oyun oldu. Belə ki, Azərbaycana qarşı torpaq iddiaları etməklə haqsız durumda olduğunu bilən İrəvan rəhbərliyi bu dəfə "insan hüquqları" terminindən yararlanmaq niyyətində idi. Bununla da Ermənistan qondarma bəyanatlar verərək Azərbaycana qarşı təzyiqləri artırmağa cəhd etdi.

Qarabağ ətrafında son aylar hadisələrin daha da intensivləşməsi və Ermənistanın "genosid", "humanitar böhran", "blokada" kimi ağır ittihamlarla Azərbaycanı günahlandırması 2022-ci ilin dekabr ayından başlayıb. Ermənistan rəhbərliyinin bu hərəkətinin tək bir açıqlaması var ki, o da hayların işlətdikləri sözlərin mənasını dərk etməməsidir. Hətta ermənipərəst Emmanuel Makron da jurnalistlərə verdiyi açıqlamada belə ifadələrə yer verməmişdi. Çünki hər hansı bir ölkəni genosid etməkdə günahlandırmaq dəlil və sübut tələb edir.

Əslində ermənilərin Qarabağ ətrafında saxta gündəm yaratmağının əsl səbəbi məlumdur. Burada söhbət qətiyyən erməni əsilli vətəndaşların taleyindən getmir. Əsl məqsəd 30 il ərzində olduğu kimi, Laçın-Xankəndi yolundan boz zona kimi istifadə olunması və separatçı rejimi silah-sursatla təmin etməkdir. Lakin bu məsələ ilə bağlı dövlətimizin mövqeyi dəyişməz olaraq qalır.

"Azərbaycan öz ərazisində hansısa boz zonanın olmasını qəbul etməyəcək". Bu sözləri avqustun 31-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Hikmət Hacıyev, həmçinin qeyd edib ki, kimlərsə düşünürlər ki, mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir: "Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər".

Son günlərdə baş verən hadisələr bir daha onu göstərir ki, Qarabağdakı ermənilərin "humanitar böhran" yaşaması iddiaları Azərbaycanla reinteqrasiya prosesinə mane olmaqdır. Əgər həqiqətən də Qarabağda bir böhran varsa, Qızıl Aypara Cəmiyyətinin apardığı humanitar yük Ağdam-Xankəndi yolunda gözlədilməzdi.

Azərbaycan dövlətinin Laçın-Xankəndi yolu üzərində qurduğu nəzarət-buraxılış məntəqəsi separatçıların yavaş-yavaş məhvinə gətirir. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi xunta rejimində ard-arda istefaların verilməsinə səbəb olub. Artıq qondarma rejimin rəhbəri Araik Arutyunyan da "mübarizəsini" dayandırıb. Bununla yanaşı, "dövlət naziri" Qurgen Nersisyan, "dövlət nazirinin müşaviri" Artak Beqlaryan da istefa verənlər siyahısındadır. Hətta siyahının bununla bitməyəcəyi də gözləniləndir. Bəlkə də separatçıların keçmiş rəhbəri Araikin bu addımı atması reinteqrasiya prosesinə mane ola bilməməsindən irəli gəlir. O bu addımı atmaqla "dövlət" süqut etdikdə separatçıların sonuncu məğlub rəhbəri kimi tarixə qovuşmaq istəmir. Buna əsas verən digər bir məsələ isə Araikdən fərqli olaraq Azərbaycanla dialoq quran Samvel Şahramanyanın "daha geniş səlahiyyətlərə malik olmaqla" Təhlükəsizlik Şurasının başçısı elan olunmasıdır. Araikin "vəzifə"sindən getməsi artıq Qarabağda ikinci səs-küy yaradan istefadır. 2023-cü ilin əvvəlində Moskvadan eksport edilmiş Ruben Vardanyan "baş nazir" postundan getmişdi. Artıq Qarabağda yaşayan ermənilərin bu cür şəxslərin boğazdan yuxarı vədlərinə də etibarı qalmayıb. Ermənistan və digər kənar yerlərdən gələn yardımları çox asanlıqla mənimsəyən, aralarında bölüşdürən bir rejimin sadə erməni vətəndaşlara bundan sonra nəsə bir yaxşı güzaran verə bilməsi real görünmür.

Beləliklə, baş verən son hadisələr bir daha onu göstərir ki, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin rifahını ən çox düşünən Azərbaycan dövlətidir və reinteqrasiya prosesi qaçılmazdır. Çünki dövlətimiz Ermənistan və onun havadarlarından fərqli olaraq heç bir etnik qrupun üzərindən siyasi gedişlər həyata keçirmir.

Musa BAĞIRLI,

"Respublika".