Azərbaycan COP29-a ev sahibi kimi körpülər yaradacaq
Ekologiya

Azərbaycan COP29-a ev sahibi kimi körpülər yaradacaq

"Sizə COP29-la bağlı Azərbaycana göstərdiyiniz dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı Almaniyanın  kansleri Olaf Şoltsla birgə mətbuata bəyanatında deyib. Dövlət başçısı, həmçinin 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyasının işə salınacağını, onların enerji potensialının 2 qiqavat təşkil etdiyini, 2030-cu ilədək isə əlavə 10 külək və günəş elektrik stansiyasının  istismara veriləcəyini və onun da potensialının 5 qiqavata bərabər olduğunu diqqətə çatdırıb: "Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır".

Ötən hər gün bizi Azərbaycanda keçiriləcək COP29 konfransına bir az da yaxınlaşdırır. Bununla bağlı ölkəmizdə hazırlıq işləri intensivləşdirilib. İndi Azərbaycan həmişəkindən daha çox dünyanın diqqət mərkəzindədir. Hazırlıq məqsədilə keçirilən tədbirlərin də əsas məqsədi fikirləri öyrənmək,   təklifləri eşitmək və beynəlxalq qurumlarla  güclü tərəfdaşlıq qurmaq, iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfələr verməkdir.

COP28-lə bağlı səsləndirilən  fikirlər göstərir ki, bu konfrasda maliyyə, uyğunlaşma və iqlimlə əlaqədar yaranan itki və zərərlərin aradan qaldırılması istiqamətində əldə edilmiş irəliləyişlər müzakirə olunsa da, qarşıda görüləsi işlər çoxdur.  Belə ki, inkişafa yönəlmiş ənənəvi dəstək iqlimlə bağlı fəaliyyətin artan maliyyə tələblərini ödəmək üçün kifayət etmir. Beynəlxalq birlik iqlimlə bağlı çağırışların səmərəli həlli üçün yanaşma və düşüncə tərzimizdə əsaslı dəyişikliklərin edilməsinə çalışmalıdır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Dövlət başçısı tərəfindən belə bir qərarın verilməsi ölkəmizin bu qlobal mübarizəyə sadiqliyini göstərməklə yanaşı, həm də diqqətimizi milli, regional və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə fokuslayır.

Azərbaycanın konfransla bağlı danışıqlar üzrə komandası kollektiv fəaliyyətin uğur qazanması üçün müxtəlif tərəfdaşlar, qruplar ilə fəal şəkildə əməkdaşlıq edir. Komanda öz fəaliyyətində, ilk növbədə,  Qlobal Cənub və Qlobal Qərb arasında fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. Məqsəd tarixən öz aralarında o qədər də güclü əlaqələr yaratmayan, tərəfdaşlıq etməyən ölkələri bir araya gətirməklə effektivliyi artırmaqdır. Azərbaycanın Keniya ilə inkişaf edən tərəfdaşlıq münasibətləri buna nümunədir.

Ümumiyyətlə, Azərbaycanla tərəfdaş ölkələr COP29-un uğurla həyata keçirilməsində ölkəmizə dəstəklərini ifadə edirlər.  Bir neçə gün əvvəl Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bununla bağlı deyib: "Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam... O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. Yaşıl enerji layihələri bunun bariz nümunəsidir... Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman  Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik... Öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq".

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq  Dar ilə görüşüb. Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda  ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb, cari ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29-un yaşıl enerji sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında da konfransa hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda  COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verilib. Bildirilib ki, COP29 "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı altında keçiriləcək.

Bu gün COP konfranslarının hansı ölkələrdə keçirilməsinin mümkünlüyü barədə söylənən fikirlər də təzadlıdır. Məsələn, "15-ci Petersberq İqlim Dialoqonun Yüksək Səviyyəli Seqmentində Almaniya kansleri Olaf Şoltsla Prezident İlham Əliyevin mətbuat konfransında COP-la bağlı verilən sualda bu fərqli yanaşma açıq duyulurdu. Belə ki, müxbirin: "İkinci dəfədir ki, beynəlxalq İqlim Konfransına o ölkələr tərəfindən ev sahibliyi edilir ki, onlar qazıntı enerjisi istehsal edirlər. Bu nəyə görə belədir?" sualına: "...mən qalıq enerjisi istehsal edən ölkələrin iqlim konfransına ev sahibliyi etməsinə şans kimi baxıram", - deyə cavab verən kansler qalıq enerjinin miqdarını azaltmağın da bir iqlim mühafizəsi kontekstində olduğunu, həmçinin enerji təhlükəsizliyi məsələsinin nəzərə alınmasının vacibliyini, bununla yanaşı, bərpa olunan enerji məsələlərini də diqqət mərkəzində saxlamağın zəruriliyini bildirib: "COP28 kimi, COP29-un da çox gözəl keçəcəyini düşünürəm".

Dövlət başçısı isə neftlə, qazla zəngin ölkələrin qınaq obyektinə çevrilməsinin yolverilməz olduğunu, bu məsələ ilə bağlı dünyada diskriminasiya aparılmamasının vacibliyini diqqətə çatdırıb: "...bizdən əvvəl COP-u keçirmiş Misir və Birləşmiş Ərəb Əmirlikləri iqlim məsələlərinin  həlli üçün çox böyük səylər göstərmişdir... COP29-da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq...".

Son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kontekstində ekologiya sahəsi xüsusi nəzarətə götürülüb ki, bu da məhz ölkənin iqlim dəyişmələri çərçivəsində yeni çağırışlara hazır olmasını özündə ehtiva edir. Ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi Azərbaycanın COP29-a ev sahibi seçilməsinə böyük haqq qazandırır.

Zümrüd QURBANQIZI,

"Respublika".