Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.
Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.
Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.
Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.
Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Palçıq vulkanları Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.
"Respublika".
Palçıq vulkanları Dövlət Təbiət Qoruğu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 15 avqust tarixli Sərəncamı ilə Bakı və Abşeron yarımadasının ərazisində Palçıq vulkanları Dövlət Təbiət Qoruğu yaradılmışdır.
Qoruğun yaradılmasının əsas məqsədi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısının alınmasıdır.
Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Qobustan qəsəbəsində Böyük Kənizdağ, Ayrantökən və Daşgil, Lökbatanda Lökbatan palçıq vulkanlarına təbiət abidəsi statusu verilmişdi. Bundan əlavə, təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə daha 23 palçıq vulkanına təbiət abidəsi statusu verilmiş, onların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə "Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası" yaradılmışdır.
Ölkəmizdə 400-dən çox palçıq vulkanı vardır. Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 12322,84 hektar sahədə 43 palçıq vulkanın ərazisi qoruq elan edilmişdir. Vulkanlar öz müxtəlifliyi ilə fərqlənir. Buradakı hər növ palçıq vulkanlarına (aktiv fəaliyyət göstərən, sönmüş, gömülmüş, sualtı, ada, bol neft ifraz edən) rast gəlinir. Qobustanda Qoturdağ vulkanı ara vermədən püskürür. Bura Abşeron yarımadası, Şamaxı-Qobustan regionu, Aşağı Kür çökəkliyi və Bakı arxipelaqı da daxildir. Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı vardır. Onların 40-a yaxınının səthinə neft çıxır.
Böyük Kənizdağ vulkanı Azərbaycanın ən iri palçıq vulkanlarından biridir. Vulkanın mütləq yüksəkliyi 399,4 metr olub, şərqdə Ceyrankeçməz çayı dərəsindəki düzənlikdən 375 metr, qərbdə isə geniş dəniz terrasi düzənliklərindən 100 metrə qədər ucalır. Dünyanın ən böyük palçıq vulkanı olan Torağay da bu qoruq ərazisində mühafizə olunur. Vulkan Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir və 402 metr hündürlüyə malikdir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkanın fəaliyyəti 1841-ci ildən qeydə alınmış və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir. Vulkanın bünövrəsinin sahəsi 10 kvadratkilometr, palçıq brekçiyasının orta qalınlığı, püskürmə məhsulunun ümumi həcmi 350 milyon kubmetrə çatır.
Xəzər dənizinin cənubunda 200-dən çox sualtı palçıq vulkanın 120-si Azərbaycan sektorunda yerləşir. Bakı arxipelaqında vulkan mənşəli 8 ada vardır. Hər il orta hesabla Azərbaycanda 3-5 və daha çox palçıq vulkanı püskürür. Son 200 ildə 96 vulkanda 400-ə qədər püskürmə qeydə alınmışdır. Aktiv fəaliyyətdə olan vulkanlardan Lökbatan 24, Şıxzəyirli 22, Keyrəki 17, Quşçu 12, Xara-Zirə 13 dəfə püskürüb.
Güzdək Bozdağı palçıq vulkanı Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Vulkanın təpəsi yastı, səthi konus şəklindədir. Keçən əsrdə vulkanın püskürməsi nəticəsində 6 çoban və 2000-dən çox mal-qara həlak olmuşdur. 1995-ci ilin may ayında vulkanın püskürməsi nəticəsində alov sütununun hündürlüyü 50 metr, çınqıl və qırıntı örtüyünün yayılma sahəsi 12 hektar, ümumi həcmi 200 min kubmetr olmuşdur. Vulkanın püskürməsi zamanı atılmış qəlpələr 1 km məsafəyə qədər yayılmışdır.
Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Neft-qaz yataqlarının müəyyən edilməsində palçıq vulkanları kəşfiyyat quyusu rolunu oynayır. Onun gili faydalı qazıntı hesab olunur. Vulkanlar seysmik zəlzələlərin baş verməsi və bu kimi hadisələrin vaxtında aşkarlanmasında əhəmiyyət daşıyır.
Palçıq vulkanların müalicəvi əhəmiyyəti vardır. Mineral duzlar, üzvi maddələr və mikroelementlərlə zəngin olan vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir. Son dərəcə yüksək balneolji xassələrinə görə vulkan palçığından dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteohondrozu və s. bir sıra xəstəliklərin müalicəsində, həmçinin ginekologiyada, urologiya və kosmetologiyada istifadə olunur.
Vulkan palçığı tərkibinə görə, əsasən silisium oksidindən ibarətdir. Bununla yanaşı, onda müalicəvi baxımdan yod, bor, brom, kalsium, maqnezium, natrium, xlor, litium, dəmir, selen, manqan, sink və s. aşkarlanıb. Qoruqda bu qiymətli palçığın ehtiyatı olduqca böyükdür.
Qoruq əməkdaşları xüsusi mühafizə statusu almış 43 palçıq vulkanında mütəmadi olaraq elmi stasionar müşahidələr aparmaqla təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayırlar.
Kamil İSMAYIL,
"Respublika".