Aqro və sənaye parkı fəaliyyətə başlayır
Region

Aqro və sənaye parkı fəaliyyətə başlayır

Laçın

Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni bir səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan Laçının təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.

İki il bundan əvvəl Laçın rayonunda Qalib Ali Baş Komandan İlham Əliyevin təməllərini qoyduğu infrastruktur layihələrin icrası artıq başa çatdırılır, yeni iş yerləri yaradılır, dayanıqlı məskunlaşma üçün bütün tədbirlər ardıcıllıqla həyata keçirilir. Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, respublikamızda Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla, fədakarlıqla icra olunur. Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi oldu. Hazırda Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ermənilərin viran etdiyi şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələr uğurla və sürətlə icra olunur. Dövlətin keçmiş məcburi köçkünlərə hərtərəfli qayğısı onların həyat ümidini və gələcək arzularını, fəal vətəndaş mövqeyini xeyli artırır, Prezidentə və onun qəbul etdiyi qərarlara münasibət həmişə birmənalı olur, əsl xalq məhəbbəti qazanır. Dövlət başçısının sosial sahəyə xüsusi önəm verməsi onun hər bir vətəndaşın yanında olduğunu göstərir.

Laçın Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir, ecazkar mənzərə yaranır. Doğma şəhərə qayıdan insanları burada rahat, işıqlı, modern üslubda inşa edilmiş evlər qarşılayır, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında xoşbəxt günlərə qovuşurlar. Laçınlılar deyirlər ki, öz evini tikməkdən, öz yurdunu gözəlləşdirməkdən böyük xoşbəxtlik ola bilməz. Bu sevinci laçınlılara yaşatdığına görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Qeyd edək ki, Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro və Sənaye Parkında müəssisələr işə salınır. Laçın şəhərində tikilən yeni Aqro və Sənaye Parkında işlər gecə-gündüz aparılır və tezliklə sənaye parkı fəaliyyətə başlayacaq. Burada fərqli sənaye parkları-heyvandarlıq və ətçilik sahələrini əhatə edən iş yerləri yaradılır. Sənaye parkında laçınlılar işlə təmin olunurlar. Laçın şəhərində təmir-tikinti işləri ilə bərabər, sosial layihələrin icrası da həyata keçirilir. Laçına hər ay keçmiş məcburi köçkünlərin köçü həyata keçirilir. Bu ay Laçına daha 75 ailənin gəlişi gözlənilir. Eyni zamanda 94 nəfərdən ibarət 21 ailə Zabux kəndinə geri dönüb. İndiyədək Laçın rayonuna 336 ailə, yəni 1299 nəfər köçürülüb. Bu günədək Laçında 430 nəfər işlə təmin olunub. Qeyd edək ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məşğulluq proqramı çərçivəsində sakinlərin işə qəbulu davam edir.

 Zerti kəndində aqro və sənaye parkı inşa edilib və fəaliyyətə başlayıb. Burada 400 nəfərdən çox laçınlı işlə təmin olunub. Laçın şəhər sakini Bəxtiyar Həsənov doğma yurdunda yaşamaqdan qürur duyduğunu deyib. Qürurla bildirib ki, Laçında yaşayıram və doğma yurdumda fabrikdə işləyirəm. Burada mənimlə birgə işləyənlərin demək olar, hamısı laçınlılardır. Fabrikdə iş üçün gözəl şəraitin yaradıldığını deyən B.Həsənov onların Laçına qayıdışına və işlə təmin olunmalarına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Ermənistanın işğalı illərində laçınlıların yaşadıqları bütün kədər və üzüntülər artıq geridə qalır.

 Digər azad edilmiş ərazilərimiz kimi, Laçının da yeni dövrü başlayıb, laçınlılar çox böyük sevinclə, qürurla öz doğma yurd yerlərinə qayıdırlar, şəhidlərimizə, qazilərimizə, zabitlərimizə, əsgərlərimizə, Ali Baş Komandana minnətdarlıq və şükranlıqla qurbanlar kəsilir, 30 il qaranlığa və səssizliyə bürünən torpaqlarımzda işığımız yanır, ocaqlarımız qalanır, dualar edilir, Qarabağda və Şərqi Zəngəzurda azan səsləri eşidilir, sevinc dolu gülüş səsləri ətrafa yayılır. Buna onların haqqı var, çünki gələcəyə inamla baxan, düşməndən intiqam alan, doğma yurd yerlərinə qayıtmağa hazırlaşan laçınlılar həyatın bütün sınaqlarına mərdliklə sinə gəriblər, ən çətin günlərdə ruhdan düşməyərək sıx birləşiblər, erməni işğalının gətirdiyi çətinliyi, kədəri birlikdə dəf ediblər və bircə gün də olsun doğma yurd yerlərini unutmayıblar. Erməni işğalından əziyyət çəkən laçınlıların həyatı artıq gələcəyin xoşbəxt, asudə günlərinə qovuşur.

Salman ALIOĞLU,

"Respublika".