Antalyada
Siyasət

Antalyada "Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr" mövzusunda panel iclası keçirilib

Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr" mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan çıxış ediblər.

İclasda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh danışıqları, bu müstəvidə atılan və atılacaq addımlar, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, burada davamlı sülhün təmin edilməsi əsas məqsəddir. Bu, iki ölkə və bölgə ilə yanaşı, Avropa İttifaqı üçün də mühüm məsələdir. Azərbaycan Ermənistan tərəfindən bəzi məsələlərə aydınlıq gətirilməsini, o cümlədən sülh müqaviləsinin bağlanılması və ümumiyyətlə bölgədəki məsələlərlə bağlı Ermənistandan bəzi addımların atılmasını gözləyir. Azərbaycan da öz növbəsində bu addımları atır və atmaqda davam edir. Hazırda Azərbaycan gördüyü işlərlə bölgədə yeni əməkdaşlıq əlaqələrinin artırılması istiqamətində də fəaliyyətini davam etdirir.

Qeyd edilib ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Türkiyə də öz səylərini göstərməkdədir.

Hikmət Hacıyev sülh müqaviləsinin hansısa yan qüvvələrin təsiri olmadan Bakı ilə İrəvan arasında imzalanmasının və gələcəkdə bu müqavilənin şərtlərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Cənubi Qafqazın transformasiyasını, sülh, təhlükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.

Ruben Rubinyan Ermənistanın Azərbaycan daxilində hansısa ərazi iddiasının olmadığını, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını, bunun Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı müzakirələrdə də qeyd olunduğunu deyib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.