SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Sağlam ürəyə sahib olmaq üçün albalı şirəsi için

Amerikanın Delaver Universitetinin tədqiqatçıları albalı şirəsinin bir çox ölümcül problemlərə səbəb olan xolesterini aşağı salaraq ürək-damar sisteminin sağlamlığını qoruduğunu müəyyən ediblər. Mütəxəssislər iddia edirlər ki, bu meyvənin şirəsindən gündə iki stəkan içməklə infarkt və insultun qarşısını almaq mümkündür.

Albalı şirəsi polifenollar kimi sağlam bitki birləşmələri ilə zəngindir. Bu birləşmələr ürək-damar sağlamlığı üçün qoruyucu təsirə malikdir. Tədqiqatçılar müəyyən ediblər ki, bu içki iltihabı, oksidləşdirici stresi və pis xolesterin kimi tanınan LDL-ni 11 faiz azaldır. Həmçinin damarları möhkəmləndirir, arterial təzyiqi aşağı salır, aterosklerozun qarşısını alır. Antioksidantlarla da zəngin olan bu şirə həmçinin xərçəng əleyhinə təsirə malikdir.

Bundan əlavə, şirənin yuxu keyfiyyətini yaxşılaşdırmaq potensialına da malik olduğu ortaya çıxıb. Tədqiqatçılar bunu onun tərkibindəki melatoninlə əlaqələndirirlər. Hansı ki, bu hormon gündəlik yuxu rejimini tənzimləyir.

Üzümüzün temperaturu bu xəstəliklərdən xəbər verir

Çinli elm adamları üzün temperaturunun sağlamlıq barədə bir çox məlumat verə biləcəyini kəşf ediblər. Alimlər iddia edir ki, üz temperaturu vasitəsilə insanın yaşını, həmçinin yüksək qan təzyiqi və diabet kimi xəstəliklər riskini müəyyən etmək mümkündür.

Tədqiqat çərçivəsində 21-88 yaş arasında olan 800 çinli pasiyentin üz temperaturu ölçülüb və onların tibbi məlumatları təhlil edilib. Temperaturun səviyyəsi süni intellekt və istilik xəritələrindən istifadə etməklə müəyyən olunub. Şəkərli diabet və qaraciyər yağlanması kimi metabolik pozğunluqları olanların göz bölgələrində daha yüksək temperatur qeydə alınıb. Təcrübələr göstərib ki, yaşlılar gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə sahibdir. Bundan əlavə, məlum olub ki, yüksək qan təzyiqindən əziyyət çəkənlərin yanaqları yaşıdlarına nisbətən daha isti olur.

Tədqiqatçılar növbəti mərhələdə "termal yaş"ın ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdıracaqlar.

Onların insult riski daha çoxdur

Miçiqan Universiteti Sosial Araşdırmalar İnstitutunun alimləri uzunmüddətli tənhalığın yaşlılarda insult riskini artıra biləcəyini ortaya çıxarıblar.

"eClinicalMedicine" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatın ilk mərhələsində heç vaxt insult keçirməmiş 50 və daha yuxarı yaşda olan 12161 insana insult riskini ölçmək üçün suallar verilib. 4 il sonra araşdırmanın ikinci mərhələsində 8936 nəfərin ötən dövrdə insult keçirib-keçirməmələri ilə bağlı məlumatlar toplanıb. Tədqiqatçılar iştirakçıları tənhalıq səviyyələrinə görə 4 qrupa ayıraraq son 4 ildə insult keçirmiş yaşlılar haqqında məlumatları müqayisə ediblər. Onlar uzun müddət tənha yaşayanların insult keçirmə riskinin yalnızlıq səviyyəsi aşağı olanlara nisbətən 56 faiz daha yüksək olduğunu müəyyənləşdiriblər. Alimlər belə qənaətə gəliblər ki, tənhalıq yaşlılarda insult ehtimalını artıra bilər.

Yemişi bu qidalarla qarışdırmayın

Qarpızdan sonra yay mövsümünün ən sərinləşdirici meyvələrindən olan yemiş A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar və qidalı liflərlə zəngin olduğu üçün sağlamlığa faydalı təsir edir.

Tərkibindəki karotenoid sayəsində xərçəng hüceyrələrini məhv edir, qanın laxtalanmasını tənzimləməklə insult və ya ürək xəstəliyi riskini azaldır. Bu qida böyrək xəstəliklərinin müalicəsində də faydalıdır. Səhərlər yemiş istehlakı böyrək sağlamlığını qorumağa kömək edir. Bundan əlavə, yemiş tərkibindəki A, B və C vitaminləri sayəsində yaşlanmanın da qarşısını alır.

Bütün bu faydalı xüsusiyyətlərilə yanaşı, yemiş həm də ağır və çətin həzm olunan qida sayılır, qarında ağrı, köp, ishal kimi hallara səbəb ola bilir.

Qida mütəxəssisləri yemişin yeməkdən sonra, desert kimi yeyilməsini doğru hesab etmirlər. Onu səhər yeməyində ac qarına qəbul etmək tövsiyə olunur. Çünki digər qidalarla qarışanda yemiş tez-tez həzm problemlərinə səbəb olur. Bu səbəbdən yemişi yeməkdən iki saat əvvəl və ya iki saat sonra yemək məsləhət görülür. Bu qidadan sonra soyuq su, qatıq, kefir, süd içmək olmaz. Onunla yanaşı, spirtli içkilər qəbul olunarsa, bu ağır ishala səbəb ola bilər.

Yemişi balla eyni vaxtda yemək olmaz. Onu balla birlikdə yeyəndə mədə-bağırsaq sistemi daha ağır yüklü qida qəbul etmiş olur, şəkər mübadiləsinin pozulmasına gətirib çıxarır ki, bu da bir çox hallarda qəbizliyə səbəb olur.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".