Azərbaycan ədaləti güc hesabına bərpa etdi
Siyasət

Azərbaycan ədaləti güc hesabına bərpa etdi

"2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu televiziya kanallarından biri olan "Euronews" kanalına müsahibəsi və müsahibə zamanı verdiyi mühüm mesajlar həm ölkədə, həm də dünyada böyük rezonans doğurub. Prezident İlham Əliyev müsahibə zamanı diqqətçəkən bir sıra məqamlara toxunub. Ölkə başçısı qeyd edib ki, sülh gündəliyi ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir və bu təklif masa üzərinə qoyulub. Hazırda hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində fəal danışıqlar aparılır. Ermənistan tərəfindən konstruktiv yanaşma olarsa, onda tezliklə sülh variantını da tapmaq olar. Bu bəyanat Azərbaycanın sülh mövqeyinin bir daha açıq şəkildə ifadəsidir. Prezident İlham Əliyev Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını, Ermənistandan da eyni mövqeyi nümayiş etməsini istədiyimizi bildirib.

Müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" nidası ilə başladığı Zəfər yürüşü 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdiyi kimi, "Əgər Ermənistan sülh istəyirsə, biz buna nail olacağıq" deməsi ilə bağlanacaq sülhə Azərbaycanın diktə etdiyi şərtlərlə nail olunacağına inam yaradır.

Azərbaycan hər zamankı kimi ədalətli mövqe nümayiş etdirir, bunu təkcə sözdə deyil, əməldə də göstərir. Vətən müharibəsi günlərində qazanılan şanlı Zəfərdən sonra, növbəti mərhələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülhün əldə olunmasıdır.

Lakin Ermənistan sözdə sülh istəsə də əməli olaraq bu istiqamətdə heç bir addım atmır. Təəssüf ki, 10 noyabr Bəyanatını imzaladıqdan sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Elə bu da Ermənistanın sülh prosesinə qeyri-konstruktiv yanaşmasının bariz nümunəsidir. Hazırda Ermənistan tərəfindən təxribatlardan başqa heç bir hərəkət görmürük. Regionda sabitliyi pozmaq, gərginlik yaratmaq Ermənistanın tarixi işi olub. Bu gün də Ermənistan beynəlxalq aləmə şou göstərməkdə davam edir. Ermənipərəst qüvvələr də bu şoulardan öz maraqları üçün istifadə edirlər. Həqiqət isə budur ki, Ermənistan hər zaman olduğu kimi, beynəlxalq birliyi aldatmaqla məşğuldur. Bu separatçı ölkə hələ də dərk etmir ki, bu kimi fəaliyyətlərlə sülhə nail olmaq mümkün deyil. Bununla yanaşı, Ermənistan normallaşma prosesində vasitəçiləri də çaşqın duruma salıb. Sülh razılaşması ilə bağlı ikitərəfli və üçtərəfli görüşlərdə Ermənistan rəhbərliyi qəbul etdiyi bəyanatları sonradan inkar edir. Yeri gəlmişkən, deyək ki, erməni lobbisi də Ermənistana təzyiq göstərir. Amma buna baxmayaraq, vasitəçilər öz işini davam etdirir. Yeni görüşlər üzərində danışıqlar gedir. Prezident İlham Əliyev müsahibəsində "Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər", - deyə bildirib.

Prezident İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərə xitabən onların da digər milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim hüququna malik olduqlarını xatırlatmışdır. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Qarabağda vəziyyətin normallaşması üçün tələb olunan əsas məqamlardan biri budur ki, bu bölgədə, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar məhz Azərbaycanda yaşadıqlarını qəbul etməlidirlər. Həmin insanlar, ölkə Prezidentinin dediyi kimi, digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Qarabağdakı ermənilər onlara daim yalan danışmış, dinc əhalini öz ambisiyalarının girovuna çevirmiş qondarma liderlərinin arxasınca getməməlidirlər. Ölkə başçısı "Euronews" televiziyasına müsahibəsində bir məqama diqqəti yönəldib ki, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, cəmiyyətdə bərabər imkanların və hüquqların qorunmasına öz töhfəsini verir.

Mustafa KAMAL,

"Respublika".