Sağlam həyat, ekoloji mühit
Ekologiya

Sağlam həyat, ekoloji mühit

Son yüzillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Bu problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdir.

Ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb. Yaşıllıqların artırılması və meşə zolaqlarının salınması ətraf mühitin qorunması sahəsində ən vacib tədbirlərdəndir. Genişmiqyaslı yaşıllaşdırmanın keçirildiyi Azərbaycan bununla özünün ekoloji vəziyyətini yaxşılaşdırmaqla yanaşı, qlobal iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə də töhfəsini verir.

Ötən il dekabrın 25-də Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Azərbaycanda ətraf mühitin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür.

Ətraf mühitin mühafizəsi, insanların ekoloji sağlam mühitdə yaşaması və təbii sərvətlərdən əhalinin rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə əvvəlki illə müqayisədə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat təşkil etmişdir. Bu vəsaitin 595 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olmuş, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənmişdir.

2023-cü ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb. Son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb.

Meşə sahələrinin seyrəkləşməsi

nin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 6850 hektar sahədə meşə fondu sahələrində bərpa tədbirləri həyata keçirilib. Görülmüş tədbirlər çərçivəsində 622,1 hektar sahədə meşə əkinləri, 415,9 hektar sahədə toxumsəpinləri aparılmış, 4 hektar sahədə meşə-bağlar, 8 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 5800 hektar sahədə təbii bərpa işləri görülmüşdür. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 18296,5 hektar təşkil edir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır. Belə ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki tədbirlər həyata keçirilib.

M.MİRZƏ,

"Respublika".