Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir
Siyasət

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Türk dövlətləri arasında münasibətlər intensivləşməkdə davam edir. Təbii ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bir nümunədir və bu baxımdan ölkələrimiz arasında mövcud əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Respublika” xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin aprelin 19-da keçirilən iclasında söyləyib.

Komitə sədri diqqətə çatdırıb ki, gündəlikdə müzakirəyə çıxarılan Azərbaycanla Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq və gəlirə görə ikiqat vergitutma ilə bağlı sazişin imzalanması artıq günün tələbidir.

Qeyd edilib ki, ölkələrimiz arasında gəlirə görə ikiqat vergitutma ilə əlaqədar sazişin imzalanmasından artıq 20 il keçib və yeniliklər mütləqdir. Yəni, yeni sazişin imzalanmasına ehtiyac var.

S.Seyidov Azərbaycanla Albaniya arasında viza rejimi ilə bağlı sazişin imzalanmasına dair müzakirələrin də aparılacağını deyib.

Qeyd edək ki, iclasın gündəliyində iki məsələ müzakirəyə çıxarılıb. Bunlar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələridir.