Bölgələr

"Biz bütün tarixi torpaqlara qayıdacağıq"

Tərtər rayonunun Səhlabad kəndində "Dərələyəzə, Paşalıya qayıtmaq arzusuyla Her-herlilərlə bir gün" adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tarixən dədə-baba torpaqlarımız olan doğma yurda qayıdışın tarixi zərurət olduğunu bildirib. Rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırladıb: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin".

Rayon rəhbəri bildirib ki, xalqımız əsrlər boyu tarixi torpaqlarında yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də, müxtəlif dövrlərdə amansız sınaqlara, yurd itkisinə məruz qalmışdır. XX əsrin sonu - XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan düşmən qüvvələrin himayəsi altında Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 il işğal altında saxlamışdır.

Əzəli türk yurdu sayılan Qərbi Azərbaycanda azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi torpaqlarından deportasiya olunmuşlar. 1988-ci ildə keçmiş SSRİ-nin süqutu ərəfəsində erməni separatizmi yaranmış dağıdıcı proseslərdən istifadə edərək, beynəlxalq hüquq, norma və prinsiplərə zidd olaraq uzun müddətdən bəri planlaşdırdıqları məkrli siyasəti gerçəkləşdirdilər. İlk növbədə, 250 min nəfər soydaşımız ağlasığmaz işgəncələrlə Qərbi Azərbaycandan qovulmuş, bundan sonra Qarabağ işğal edilmiş və 750 min nəfərdən çox insan öz vətənində məcburi köçkünə çevrilmişdir.

Tədbirdə Dərələyəz bölgəsinin Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev, Keşişkənd icmasının sədr müavini Məhəmməd Nəcəfli, Qərbi Azərbaycan İcmasının əməkdaşı, yazıçı-jurnalist Miraslan Bəkirli, "Dərələyəz" qəzetinin redaktoru Raqub Kamal, qəzetin əməkdaşı Mehdi Mehdiyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Paşalı rayonu, İstisu icmasının sədri, folklorşünas alim Alı Alıyev, Tərtər rayon Böyük Vətən Müharibəsi (1941-1945) Cəmiyyətinin sədri İman Almuradov, "Azərbaycan Bayrağı" ordenli şəhid Mehrac Mahmudovun bacısı Validə xanım Mahmudova və Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun qardaşı Aydın Orucov, 1988-ci ildə öz dədə-baba torpağından didərgin düşmüş Dərələyəz qaçqını Həqiqət Bəylərova, Paşalı rayonu, Her-her icmasının sədri Afaq Sadıqova, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov və digərləri çıxış ediblər.

Çıxış edənlər zaman-zaman xalqımıza qarşı edilən tarixi xəyanət haqqında danışaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırladıblar: "Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq, görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan, əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq".

Tədbirdə məktəblilər Dərələyəz əsilli, Xalq şairi Vahid Əzizin "Dərələyəz" poemasından parçalar söyləyiblər. Həmçinin iştirakçılara Dərələyəz folklorundan bayatılar, "Dərələyəz yallısı", Dərələyəzdən, Her-herdən gətirilən əşyaların sərgisi, Qərbi Azərbaycan, Dərələyəz və Her-her mətbəxi təqdim olunub.

Vəli VƏLİYEV,

"Respublika".