COP29-a mütəşəkkil hazırlıqlar davam edir
Bölgələr

COP29-a mütəşəkkil hazırlıqlar davam edir

Ölkəmizin dünyanın ən mötəbər tədbirlərindən biri COP29-a ev sahibliyi etməsi Azərbaycanın növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlükdən sonra dövlət başçısının xarici siyasətdəki ən böyük uğurlarındandır. COP kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək ölkəmiz qarşısında yeni üfüqlər açacaq. Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında bildirib: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".

Azərbaycan Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac edəcək. Göründüyü kimi, əsas məqsəd planetimizin ən qlobal problemlərindən biri qlobal istiləşmə və bunun qarşısının alınması məsələsidir. COP tədbirinin əsas hədəfi isə əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir. Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yüksək dizaynlı Ekoloji Park Kompleksinin salınması ölkə Prezidenti cənab İlham Əliyevin gəncəlilərə və bölgəyə diqqət və qayğısının təzahürüdür. Gəncəçayın sağ sahilində yerləşən bu kompleks 11 hektar ərazini əhatə edir. Unikallığı və yaşıllığı ilə seçilən kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılıb. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdirilir və şəhərin ərazilərində əkilir. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda burada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Kompleksin ərazisində yeni yollar çəkilib, yaşıllıq zonaları salınıb, rahat avtomobil dayanacağı qurulub, müasir işıqlandırma sistemi yaradılıb, istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfindəki ərazisində yüzlərlə sərv ağacı əkilib. Təbiətə antropogen təsirlərin çoxaldığı bir zamanda şəhər ərazilərində ekoloji parkların, yaşıllıqların salınması olduqca vacibdir. Yeni yaradılmış bu məkanlar ekosistemin qorunmasına öz töhfəsini verəcək. "Gəncə-Daşkəsən" iqtisadi zonasına daxil olan şəhər və rayonlarda da geniş və mütəşəkkil ağacəkmə aksiyaları keçirilir və yaşıllıq zonaları yaradılır. Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində boş ərazilərdə yüzlərlə ağac əkilir, yeni yaşıllıq zolaqları salınıb. "Təbiəti də sağaldaq" devizi ilə keçirilən ağacəkmə aksiyasında mütəşəkkil qaydada şəhərin faunasına uyğun ağaclar əkilib. Ağac əkməklə yanaşı, həmçinin ərazidə təmizlik-abadlıq işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb, tinglərə aqrotexniki qaydada qulluq göstərilib.

Naftalan şəhərində də ağacəkmə aksiyaları keçirilir. Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"ndə mütəşəkkil ağacəkmə aksiyaları geniş vüsat alıb. Diqqətçəkən məqamlardan biri də odur ki, şəhərin sakinləri, təşkilat rəhbərləri ilə birgə, Naftalanda müalicə alan xarici turistlər də bu tədbirlərdə iştirak edirlər. 2023-cü ildə Naftalanda 5000-dən çox müxtəlif növ ağac əkilib. Bu il "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 6 ayda 3000-dən çox ağac əkilib ki, onların arasında da zeytun, oleandr ağacları çoxluq təşkil edir. Ən böyük əraziyə malik aqrar rayonlardan olan Goranboyda da bu məsələlər daim diqqət mərkəzindədir. "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" devizi altında şəhərin özündə və kənd ətraflarında yaşıllıq zolaqları salınıb, 4000-dən çox müxtəlif növ ağac əkilib, ərazidə təmizlik-abadlıq işləri aparılıb, ərazi alaq otlarından, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

Ümumiyyətlə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Göygöl rayonunda da "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" devizi altında keçirilən tədbirlər davam etdirilir. Burada 750 ədəddən çox Eldar şamı tingləri və xeyli sayda kol bitkiləri əkilib. Samux rayonunda da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində mütəmadi ağacəkmə və təmizlik aksiyaları təşkil olunur. Samux şəhəri Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında, rayonun Qarayeri qəsəbəsində, bütün kənd yollarının kənarlarında təmizlik aksiyaları keçirilir, ətraf ərazilər tullantılardan təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Keçirilən ağacəkmə aksiyasında bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib. Onu qeyd edək ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonda baramaçılığın daha da yaxşı inkişaf etdirilməsi üçün 30 min ədəd tut tingləri əkilib. Bütün bu aksiyaların əsas məqsədi ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq zolaqların genişləndirmək və ekoloji mədəniyyəti təbliğ etməkdir.

Zabit XƏLİLOV,

"Respublika".