MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Dali Lives" muzeyi

Dünyaca məşhur sürrealist rəssam Salvador Dalinin vəfatının 30 illiyinə həsr olunmuş retrospektiv ekspozisiya Florida ştatının Sankt Piterberqs şəhərində inşa olunub. "Dali Lives" ("Dali yaşayır") adlandırılan muzey 2011-ci il yanvarın 11-də açılıb. Dalinin dostları Albert Reynolds Morse və Eleanor Rise Morse Klivlend cütlüyü tərəfindən yaradılan kompleks 36 milyon dollara başa gəlib. Rəssamın üz mimikalarını və hərəkətlərini təkrarlayan süni intellektin üzərində "Goodby Silverstein & Partners" (GS&P) reklam agentliyi çalışıb. 2010-cu ildə "HOK Architect Weymouth" şirkəti muzeyi nüfuzlu "Novum Dizayn Mükəmməlliyi" mükafatına layiq görüb. Binanın açılış mərasimində İspaniyanın İnfantası və Palma de Mallorka hersoginyası Kristina iştirak edib.

900-dən çox üçbucaqlı şüşə panellərdən hazırlanan və boru şəklində dizayn edilən "eniqma" düzbucaqlı dəmir-beton binanın giriş hissəsində yerləşir. İspaniyadan kənarda Dalinin əsərlərinin ən böyük kolleksiyasına malik muzeyə Salvador Dalinin 96 yağlı boya tablosu, 100-dən çox akvarel və rəsm əsərləri, 1300 qrafik işi, fotoşəkillər, heykaltəraşlıq və bədii əşyalar, eləcə də geniş arxiv kitabxanası daxildir. Məşhur tablolar arasında "Yeni insanın doğulması", "Abraham Linkolnun portreti", "Hallüsinogen Toreador" və Kristofer Kolumbun "Amerikanın kəşfi" əsəri var.

Sükut Kapellası

Finlandiyanın paytaxtı Helsinkidə "K2S" memarlıq bürosunun memarları Mikko Summanen, Kimmo Lintula və Niko Sirolanın layihəsi əsasında qeyri-adi dini bina tikilib. Rayonun Narinkkatori meydanında ucaldılan abidə Şəhər Planlaşdırma Departamenti tərəfindən 2008-ci ildə sifariş edilib. Sükut Kapellası adlandırılan abidənin tikintisi 2012-ci ildə başa çatıb. Mənəvi və sosial mərkəz kimi fəaliyyət göstərən kilsəni elə həmin il təxminən 250 mindən çox insan ziyarət edib. Finlandiya milli memarlığının ənənələrinə uyğun olaraq tikilən dini binanın qurbangahında olan xaçı Fin zərgəri Antti Nieminenin bəzəyib. Məbədin tekstil rəssamı isə Tiina Uimonen olub. Enerji istehlakına qənaət edən binada işıqlandırma, ventilyasiya və kondisioner sistemi xüsusilə düşünülüb.

Nüfuzlu memarlıq mükafatına layiq görülən Sükut Kapellası minimalist Fin dizaynının kvintessensiyasıdır. Əyri forması və xüsusi atmosferi ilə seçilən taxta kapellanın əsas zalının hündürlüyü 11,5 metrdir. 352 kvadratmetr sahəsi olan və ekoloji cəhətdən təmiz materialdan tikilən ibadətgahın pəncərəsi yoxdur. Burada psixoloqlar, sosial işçilər və dinindən asılı olmayaraq kilsəyə gələn hər kəsə dəstək verməyə hazır olan keşişlər çalışır.

Media-İKT binası

"Cloud 9 Architecture" memarlıq şirkətinin 22-ci eksperimental zona üçün hazırladığı "Media-İKT" binası Barselonada inşa olunub. Qeyri-adi layihənin müəllifi şirkətin rəhbəri ispan dizayner Enrik Ruiz Geli olub. Fərqli fasadı ilə seçilən kompleksin tikintisi Zona Franca de Barselona konsorsiumunun sifarişi ilə həyata keçirilib və 28 milyon avroya başa gəlib. Ekoloji dizaynın ən ideal nümunələrindən olan "Media İKT" ofis binası Dünya Memarlıq Festivalı WAF Mükafatları çərçivəsində "2011-ci ilin ən yaxşı binası" seçilib. Futuristik görünüşə malik bina fotovoltaik dam örtüyü, yağış sularının toplanması və istifadəsi sistemi, həmçinin mərkəzləşdirilmiş soyutma sistemi ilə təchiz olunub.

24.000 kvadratmetrdən çox ərazini tutan binada temperatur, rütubət və təzyiq sensorları, eləcə də günəş panelləri yerləşir. Fasadın rənglənməsində istifadə edilən mineral boya sayəsində fosfor effekti yaranır və bina qaranlıqda işıq verir. Kompleksin özəlliyi daxili məkanların termorequlyasiyasını təmin edən şişən elementlərin olmasıdır. Cənub fasadında isə şüşəni əvəz edən şəffaf termoplastik ETFE polimeri ilə örtülmüş bir neçə üçbucaq formalı seqmentlər yerləşir. Soyuq mövsümdə fasad membranları açılır, istilik itkisinin qarşısını alan hava boşluğu əmələ gətirir və beləliklə, istilik sisteminə qənaət etməyə imkan verir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".