AMALIMIZ ÖLKƏMİZİN İQTİSADİ İNKİŞAFINA TÖHFƏ VERMƏKDİR
Region

AMALIMIZ ÖLKƏMİZİN İQTİSADİ İNKİŞAFINA TÖHFƏ VERMƏKDİR

İqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının sürətli inkişafının nəticəsidir ki,  respublikada ümumi daxili məhsulda bu sahənin payı ildən-ilə artır.  Kənd təsərrüfatında reallaşdırılan genişmiqyaslı islahatların sayəsində  məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət nəticələr əldə olunmaqdadır.

Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrə müvafiq olaraq respublikanın rayonlarının sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınaraq kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir. Kənd təsərrüfatı məhsulları istehsalının artırılması, o cümlədən taxılçıLIĞIN və bağçılığın genişləndirilməsi, soyuducu anbarın yaradılması bu gün prioritet məsələrdəndir. Bu baxımdan, kənd təsərrüfatı yönümlü istehsal sahələrinin yaradılması emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, çoxşaxəli ailə təsərrüfatlarının formalaşmasına da imkan verir. İqtisadi inkişafın müasir mərhələsində mühüm məqsədlərdən biri idxalın məhdudlaşdırılması və bu əsasda yerli məhsul istehsalının stimullaşdırılması, nəticə etibarilə, ixracyönümlü məhsul istehsalının həcminin artırılmasından ibarətdir.  Bu məqsədlə  ixrac potensiallı kənd təsərrüfatı məhsullarının bu bazarlara çıxarılması üçün  sahibkarlar əzmlə çalışmaqdadır.  Qabaqcıl aqrar rayonlardan  olan Samux rayonunda da bu sahədə nümunəvi  işlər görülmüşdür. Qarayeri qəsəbəsində yaradılmış müasir tələblərə  cavab verən “Ata Agro” MMC Azərbaycanda yüksəkkeyfiyyətli müxtəlif növ saf, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidor, xiyar, çiyələk, üzüm, xurma, günəbaxan tumu, qarğıdalı dəni, buğda və arpa dəni və yüksəkkeyfiyyətli elit toxumları istehsalı ilə məşğuldur.  Şirkətin təsisçisi rayon ağsaqqalı, aqrar sahədə təcrübəli, tanınmış  mütəxəssis Məmməd Ələkbərov nümunəvi ailə təsərrüfatı yaratmışdır. Şirkətin rəhbəri Calal Ələkbərovla bu sahədə aparılan işlərin gedişi ilə bağlı həmsöhbət olduq.  Müsahibimiz qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, onun hər bir məqamı Türk dünyasının fenomeni, əbədiyaşar  Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən ümummilli lider Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş Dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Onun layiqli davamçısı, Milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirən praqmatik dövlət başçısı cənab İlham Əliyev ötən dövr ərzində ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərbər etmişdir. Hazırda Prezidentin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edərək sahibkarlığın inkişafına güclü təkan vermişdir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Bu baxımdan Azərbaycanın iqtisadi inkişafında sahibkarlar sinfinin rolu müstəsnadır.  Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar sinfinin daha da inkişaf etməsinə, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin tərəqqisində mühüm rol oynayır, həmçinin bir model olaraq iqtisadi inkişaf baxımından nümunəyə çevrilməkdədir. Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir.  “Ata Agro“ müəssisəsinin 120  hektar özəl torpaq sahəsi vardır.  Bu torpaqların 80 hektarında arpa-buğda, 15 hektarında qarğıdalı və 25 hektarında isə günəbaxan əkilir. 5 hektar ən yaxşı üzüm sortlarından olan  bağ mövcuddur ki, yüksək məhsulu ilə regionda fərqlənir.  Eyni zamanda, 2 hektar sahəsi olan istixanada təmiz və yüksəkkeyfiyyətli tərəvəz və bostan bitkiləri yetişdirilir. Onu qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsində vəsaitin daha da artırılması üçün mövcud olan imkanlardan biri də ölkənin ixrac potensialında orqanik (ekoloji təmiz) mənşəli məhsulların istehsalının genişləndirilməsi ilə bağlıdır. Bununla bağlı artıq 30 hektar sahədə müxtəlif çeşidli meyvələrin yetişdirilməsi üçün bağlar salmaq nəzərdə tutulmuşdur və hazırlıq işləri görülür. Artıq yerli məhsullara günü-gündən tələbat və ehtiyac artır. Şirkətin yarandığı gündən əsas məqsədi vətəndaşlarımızı təmiz, keyfiyyətli məhsullarla təmin etməkdir. Onu xüsusilə qeyd etmək yerinə düşərdi ki, pandemiyanın olduğu bir vaxtda müəyyən çətinliklərimiz olmasına baxmayaraq, 40 nəfər işçimiz fəaliyyət göstərir.

Bu gün əsas məsələlərdən biri də yığılan məhsulların saxlanması üçün şəraitin yaradılmasıdır. Bunu nəzərə alaraq, hazır məhsulların saxlanması üçün 850 ton tutumlu soyuducunun inşasına başlanmışdır ki, yaxın vaxtlarda istifadəyə veriləcək.  Sevindirici haldır ki, inkişaf etmiş dövlətlərin aciz vəziyyətə düşdüyü pandemiya şəraitində də Azərbaycan inkişaf kursunu davam etdirir. Belə ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda, belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərərçəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər edilmişdir. Tam əminliklə demək olar ki, praqmatik dövlət başçısı cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının istər mikro, istərsə də makro səviyyədə davamlı inkişafını daha da sürətləndirəcək,  yeni yaradılan azad iqtisadi zonalar, dəniz limanları, hava limanları, sənaye parkları, aqroparklar sənayenin və kənd təsərrüfatının  müxtəlif sahələrinin sürətli inkişafını, regionlarda işsizliyi tam aradan qaldıracaq, ixrac potensialını daha da artıracaq.

Zabit XƏLİLOV,

“Respublika”.