Göyçayda uğurlu meliorativ tədbirlər məhsuldarlığı artırıb
Region

Göyçayda uğurlu meliorativ tədbirlər məhsuldarlığı artırıb

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Göyçay rayonunda son illər görülən meliorativ tədbirlər nəticəsində rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artıb.

Sahələrin vaxtında və səmərəli suvarılması üçün Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən hər il mütəmadi olaraq bu işlər davam edir. Rayonda  26568 hektar suvarılan əkin sahəsinə xidmət edən idarə 3 su mənbəyindən istifadə edir. Həmin mənbələrdən biri olan Yekəxana Su Anbarından təsərrüfatlara su çatdıran Qarayazı beton kanalının ümumi uzunluğu 27 kilometrdir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 1722 kilometr suvarma kanalından istifadə olunur ki, bundan  206 kilometri təsərrüfatlararası kanal və 1517 kilometrə  yaxını təsərrüfatdaxili kanallardır. Təsərrüfatlararası kanallar üzərində 631 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu vardır. İdarə suvarma ilə yanaşı, Göyçay çayında baş verə biləcək sel hadisələrinin aradan qaldırılması istiqamətində də tədbirlər görür.

Bu ilin əvvəlindən etibarən Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən 136 kilometrə yaxın məsafədə lildən təmizləmə işləri aparılıb. O cümlədən Kürdşaban, Alpoud, Qızılağac, Hüngütlü, Mallı-Şıxlı, Hacıağabəyli, Ərəbşahverdi, Bəydövül və digər suvarma arxları da lildən təmizlənib. Artıq rayonun ucqar kəndlərində də işlər planauyğun aparılır.

Hazırda Bığır, Mirzəhüseynli, Qarabağlar, Bəydövül, Çərəkə, Qarabaqqal suvarma  arxlarında lildən təmizləmə işləri davam etdirilir. Bununla yanaşı, şəhər daxilindən keçən Mallı Şıxlı, Potu, Çərəkə, Qarabörk, Qəzyan və Şəhadət suvarma arxları da lildən təmizlənərək, çöküntülərin avtomaşınlarla daşınması təmin edilib.

Qeyd edək ki, Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-cü il  ərzində təmir planına əsasən Alxasafa suvarma arxı üzərində 1 ədəd, Yekəxana suvarma arxı üzərində 2 ədəd şlüz quraşdırılıb. Alpoud suvarma arxında 2 suburaxıcı şlüz və 1 ədəd şlüz boru ilə birlikdə, Hüngütlü kəndi ərazisində Xəlitli suvarma arxında 2 ədəd  subölüşdürücü  şlüz  və Şəkər suvarma arxında 1 ədəd şlüz quraşdırılaraq cari təmir işləri aparılıb.

N.CAVADOV,

"Respublika".