Ağsuda torpaq məcralı kanallar beton üzlüyə alınır
Sosial həyat

Ağsuda torpaq məcralı kanallar beton üzlüyə alınır

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Ağsu Suvarma Sistemləri İdarəsi 2023-cü ilin tədbirlər planına uyğun olaraq meliorativ tədbirlərini davam etdirir.

“Respublika” xəbər verir ki, bu məqsədlə ilin əvvəlindən etibarən bütün hazırlıq işləri yekunlaşıb. 37 min hektardan artıq əkin sahəsinə xidmət edən idarənin balansında 974 kilometr  suvarma kanalları mövcuddur. Bundan 74 km-i beton kanallardır. Yerdə qalan hissə isə torpaq məcralıdır. Torpaq kanallarda isə su itkiləri daha çox olur. Bunun qarşısını almaq məqsədilə hər il kanallar beton üzlüyə alınır. Növbəti belə işlərdən biri rayon ərazisində əkin sahələrinin böyük bir hisssəsini su ilə təmin edən, ümumi uzunluğu 35.6 km olan Maşın Qolu kanalında aparılır.

Ağsu Suvarma Sistemləri İdarəsinin balansında olan kanallarda ilin əvvəlindən etibarən lildən təmizləmə işləri də davam edir. Bundan başqa kanallar üzərində olan hidrotexniki qurğular, balansda olan 33 ədəd subartezian quyuları da təmir olunur. Qeyd edək ki, rayonun əsas su mənbələri Girdimançay, Ağsu çay, Yuxarı Şirvan kanalı, onun Ağsu Maşın Qolu kanalı və Cavanşir su anbarıdır. Bundan başqa idarənin balansında sel sularından mühafizə məqsədilə 7 kilometr  daş-beton bəndlər də mövcuddur.

Nəriman   Cavadov,

“Respublika”