Sosial həyat

"Əmim kimi mən də şəhid olacam"

Pəncalı Hüseynov da Vətənin ən gənc şəhidlərindən biridir. Cəmi 19 il yaşadı, adı dillər əzbəri oldu.

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da hər kəsə tanıtdı. Neçə-neçə igid oğullarımız Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Belə qəhrəman Vətən övladlarından biri Pəncalı Hüseynov 7 may 2001-ci ildə Neftçalanın Qaralı kəndində doğulub. 2007-2018-ci illərdə 2-ci Qaralı kənd orta məktəbində təhsil alıb. Xoş rəftarı, mülayim xasiyyətiylə həm məktəbdə, həm də ətrafında hər kəsin sevgisini qazanıb.

Yaşadığı kənddə hər kəs onu mərd, cəsur oğul kimi tanıyırdı. Məktəb illərində dərs tapşırıqlarını həll edib, boş vaxtlarında valideynlərinə kömək edərdi. Beləcə Pəncalı ailəsinə dəstək olmağı balaca yaşlarından öyrənmişdi.

"N" saylı hərbi hissədə xidmətə başlayan Pəncalının təlimlərdə, hərbi hissə daxilində davranışlarına görə 2 dəfə ailəsinə təşəkkür məktubu göndərilib. Hərbçi olmaq istəyən Pəncalı sənədlərini də təqdim edib. Avqust ayında türkiyəli və azərbaycanlı hərbçilərin birgə təlimlərinin iştirakçısı olub. Vətən müharibəsində ilk gündən döyüşlərə qatılıb. Murov-Kəlbəcər uğrunda vuruşub və sentyabrın 28-də şəhid olub. 2 oktyabrda kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhadətindən sonra Pəncalı Hüseynov "Vətən uğrunda" medalı ilə təltif olunub.

Atası Bəhmən Hüseynov: Arzuları çox idi. Əsgər getməzdən öncə ona toy kimi yolasalma mərasimi keçirdim. 2019-cu il 2 iyulda hərbi xidmətə yollandı. Getməzdən bir neçə gün öncə anası və bacısı ilə söhbətində deyib ki, müharibə olsaydı, gedib erməni mənfurlarını qırıb şəhid olardım. Anası deyib ki, müharibə arzulama. Pəncalı da deyib, ölsəm, əmimdən artıq deyiləm ki".

Pəncalının əmisi Birinci Qarabağ savaşında Ağdərə istiqamətində şəhid olub. O, dilbər guşələrimizin işğal altında qalması ilə heç vaxt barışmırdı. Arzusu əmisinin və minlərlə şəhidimizin qanını erməni qəsbkarlarından almaq idi. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirən Pəncalı ötən ilin avqustunda türkiyəli hərbçilərlə birgə keçirilən təlimdə sərrast snayper kimi iştirak edib.

Pəncalı Hüseynovlar ailəsinin altı övladından biri idi. O, bacılarını çox sevər, həmişə onların qulluğunda dayanar, köməyini əsirgəməzdi. Şəhidin bacısı Şərafət Hüseynovanın xatirələrindən: "Qardaşım həmişə bizə dəstək olurdu. Baxmayaraq ki, yaşı az idi, evimizə dəstək olurdu. Çox zəhmətkeş qardaş idi. Həmişə qardaşımın sinəsində XTQ hərflərini görəndə fəxr edirdim. Bu gün də fəxr edirəm, qardaşım adını tarixə yazdı".

Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Pəncalı kimi bütün şəhidlərimiz sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. İllər keçsə də gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

Müşfiq CƏFƏROV,

"Respublika".