54 il əvvəl - bu gün
Tarix

54 il əvvəl - bu gün

14 iyul 1969-cu il Azərbaycanın tarixində dönüş günü, xalqımızın yaddaşında əlamətdar gün kimi qalır. Respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün müstəsna rolu olub. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsidir. Biz bu günü xalqın özünə qayıdış tarixi də adlandıra bilərik. Həmin gün müdrik şəxsiyyət, nəhəng Sovetlər ölkəsində təşkilatçılıq qabiliyyətinə görə alternativi olmayan Ulu Öndər Heydər Əlirza oğlu Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəlib. Ümummilli Lider Heydər Əliyev öz uzaqgörən siyasəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərib. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirib. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin edib. 

Ulu Öndər hələ sovet dövründə sanki gələcəyi görür, böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışırdı. O vaxtlar Azərbaycandan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd isə azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bunun mahiyyətini bilən Ulu Öndərin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Heydər Əliyev, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər.

Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr həm də milli özünüdərkin, özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi təyin olunduğu il tarixdə yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu.  Beləliklə, Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi. Bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması İttifaqda böyük hadisəyə çevrildi. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. 1969-1982-ci illəri Azərbaycanın intibah dövrü adlandırılır. Heydər Əliyevin SSRİ-nin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilməsi, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması Azərbaycanda əsl bayram əhvali-ruhiyyəsi yaratmışdı. Çünki bir azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyətində yüksək vəzifədə olması qürurverici idi.

1990-cı illərin əvvəllərində, dövlət müstəqilliyinin bərpasının olduqca ağır keçən ilk dönəmlərində ölkədə görünməmiş xaos və anarxiya hökm sürürdü. O dövrün hakimiyyətinin səriştəsizliyi Azərbaycanı uçuruma sürükləyirdi. 1993-cü ilin yayında siyasi və iqtisadi böhran kulminasiya nöqtəsinə çatdı. Yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalq gözünü Heydər Əliyevə dikmişdi. Hamı belə bir yekdil fikirdə idi ki, ölkəni fəlakətdən yalnız bu müdrik insan qurtara bilər. Beləliklə, Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdaraq, ölkəni xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. O, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin Qurtuluşu idi. Hakimiyyətə gəldikdən sonra Ümummilli Liderin ən böyük arzusu və məqsədi Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin arzularını cənab Prezident İlham Əliyev reallaşdırdı. Ata vəsiyyətini yerinə yetirən ölkə rəhbərinin iradəsi sayəsində bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Nuranə DAXİLQIZI,

"Respublika".