2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 100.1-100.6-cı maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli və həmin protokollar səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/43 və 6/44 saylı Qərarları ilə təsdiq edilmiş müvafiq İzahlarla Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə və dairə seçki komissiyalarının yekun protokolları nümunələrinin forma və mətni müəyyən olunmuşdur.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə seçkilər keçiriləcək seçki dairələrinin və seçki məntəqələrinin sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 100-cü maddələrinə uyğun olaraq qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun olaraq, habelə həmin komissiyaların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlansın.

2. Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsinə həvalə edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov