2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanması qaydası haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanması qaydası haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 104.1-ci maddəsinə əsasən məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2013-cü il 5 iyun tarixli 5/28 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq bildirişin forması, sayı və hazırlanmasına dair tələblər Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır.

Göstərilənlərlə əlaqədar olaraq seçicinin soyadı, adı, atasının adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları da özündə əks etdirən bildirişin forması respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla mətbəə üsulu ilə hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü və 104.1-ci maddələrinə və yuxarıda göstərilən Qaydaların 2.1-ci bəndinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin forması təsdiq edilsin.

2. Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 524 203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) ədəd müəyyən edilərək mətbəə üsulu ilə hazırlansın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov