2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan seçicilərin seçici siyahılarına daxil edilməsi üçün seçki dairələrinin siyahısının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan seçicilərin seçici siyahılarına daxil edilməsi üçün seçki dairələrinin siyahısının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 29.2-ci və 47.4-cü maddələrinə görə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər seçki dairələri üzrə siyahıya alınırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında prezident seçkiləri zamanı göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq edir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşaması faktı, habelə uzunmüddətli xarici ezamiyyətlərdə olması faktı əsas götürülür.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan və uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar Xarici İşlər Nazirliyi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında seçicilərin seçicilər siyahısına salınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.2-ci, 35.6-cı və 47.4-cü maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləridə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin seçici siyahılarına daxil edilməsi üçün seçki dairələrinin siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                            Məzahir Pənahov

Katib                Arifə Muxtarova

Katib                Mikayıl Rəhimov