Türkiyənin UNESCO-ya yenidən üzvlüyü ölkəmiz üçün uğurlu olacaq
Siyasət

Türkiyənin UNESCO-ya yenidən üzvlüyü ölkəmiz üçün uğurlu olacaq

Türkiyənin UNESCO-da və digər beynəlxalq və regional platformalarda fəal iştirakı Azərbaycan üçün faydalı ola bilər. Türkiyənin istər 1983-1989, istərsə də 2013-2017-ci illər arasında təşkilata üzv olduğu müddətdə atdığı birinci addım Ermənistanın işğalı nəticəsində maddi-mədəni nümunələrimizə dəymiş ziyanın dünya ictimaiyyətinin diqqətinə çatdırılması, ermənilərin vandallığının qarşısının alınması məsələsi olmuşdur. Bütün bunların hər biri özlüyündə müsbət addımdır və yeni üzvlüyü dövründə də biz Türkiyədən eyni siyasəti təkrar edəcəyinə əminik. Ərazilərimizin işğaldan azad edilməsindən sonra erməni vandalları tərəfindən dağıdılmış maddi-mədəni nümunələrimizin, tarixi irsimizin araşdırılması, yenidən tədqiq edilməsi məsələsinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin rolunun müstəsna olacağına heç bir şübhə yoxdur və hesab edirəm ki, bundan sonrakı mərhələdə də biz Türkiyənin bu qurumda Azərbaycanın da xeyrinə faydalı fəaliyyətinin şahidi ola bilərik.

Təəssüf ki, son günlərdə UNESCO Azərbaycana qarşı qeyri-dürüst yanaşma nümayiş etdirir. Erməni lobbisinin soyuq küləyi qurumda da özünü büruzə verir. Bu baxımdan Türkiyənin UNESCO-ya üzvlüyü bu məsələlərin də qarşısını alacaq. Bilirsiniz ki, Qız qalası, Qobustan Dövlət Qoruğu, həmçinin Şəki xan sarayı kimi mədəni irs nümunələrimizin UNESCO-nun siyahısına daxil edilməsində Türkiyənin böyük rolu var. İşğaldan azad olunan ərazilərdə ermənilərin urbisid cinayətlərinin aşkar olunması üçün Türkiyənin təşkilata üzvlüyü mütləq dərəcədə əhəmiyyətlidir. Düşünürəm ki, bundan sonrakı üzvlüyü dövründə qardaş ölkə regionda mədəni irsin qorunmasına böyük töhfə verəcək.

Samir HÜMBƏTOV,

politoloq.