DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: RUSİYA SIRADAN BİR DÖVLƏT DEYİL

“Rusiyalı həmkarım Vladimir Putinlə son müzakirəmdə onun “G20” sammitində iştirakının daha məqsədəuyğun olacağını demişdim. O isə bildirmişdi ki, mən düşünüb, sizə xəbər verəcəm”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bəyan edib.

“Görünür, Putin öz komandası ilə bu barədə məsləhətləşib və qərarını verib. Bu, özlərinin bildiyi işdir”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Eyni zamanda, Ərdoğanın sözlərinə görə, qarşıdakı günlərdə Putinlə gələcək perspektivlər barədə fikir mübadiləsi aparmaq niyyətindədir. O, Rusiyanın sıradan bir dövlət deyil, güclü dövlət olduğunu xatırladıb.

Türkiyə lideri qeyd edib ki, başda ABŞ olmaqla Qərb Rusiyaya demək olar ki, sərhədsiz hücum edir, Rusiya isə buna qarşı müqavimət göstərir.

 

İTALİYA VƏ FRANSA ARASINDA MİQRANTLARLA BAĞLI GƏRGİNLİK

Xilas etdiyi 234 miqrantla 20 gündən artıqdır Aralıq dənizində liman axtaran “Ocean Viking” gəmisi Fransa ilə İtaliya arasında gərginliyə səbəb olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, qaçqınların əleyhinə çıxışı ilə tanınan İtaliyanın yeni baş naziri Corciya Meloninin sözügedən gəminin limana yanaşmasına icazə verməməsi ilə başlayan gərginlik Paris və Romanı üz-üzə gətirib.

Corciya Meloni baş nazir olana qədər dəfələrlə tənqid etdiyi Fransa prezidenti Emmanuel Makron gəminin Tulon limanında lövbər salmasına könülsüz icazə verib.

Məlumata əsasən, “Ocean Viking” humanitar gəmisinin nəhayət liman tapması iki ölkə arasındakı təzyiqi aşağı salmayıb. Belə ki, Fransanın daxili işlər naziri İtaliyanın yanaşmasını “qeyri-insani” adlandırıb, İtaliyanın daxili işlər naziri isə Fransanı aqressivlikdə ittiham edib.

Xatırladaq ki, Fransa və İtaliya 2018-ci ildə də oxşar gərginliklə üzləşib. Paris Romanın qəbul etmədiyi 630 miqrantı daşıyan “Aquarius” gəmisinin öz limanlarına yanaşmasına icazə verməyib. Bundan sonra İspaniya gəminin Valensiya limanında lövbər salmasına “yaşıl işıq” yandırıb.

 

ALMANİYA UKRAYNAYA TƏHLÜKƏSİZLİK ÜÇÜN 1 MİLYARD AVRO AYIRIB

Almaniya hökuməti Ukraynanı dəstəkləmək üçün 2023-cü ilin federal büdcəsindən əlavə 1 milyard avro vəsait ayırıb. “Report”un xəbərinə görə, bu barədə “Röyters" agentliyi məlumat yayıb. Bildirilir ki, bu vəsait həmçinin kiberməkanda təhlükəsizliyin təmin edilməsinə sərf olunacaq.

“Ukraynanın büdcəsi açıq şəkildə göstərir ki, dəstəyimiz mühüm və zəruri silah tədarükündən çox-çox kənara çıxır”, - deyə “Röyters” Ukraynaya dəstək məsələləri ilə məşğul olan Almaniyanın “Yaşıllar” partiyasının nümayəndəsi Robin Vaqerdən sitat gətirib.

Eyni zamanda, partiya nümayəndəsi bildirib ki, bu məbləğin bir hissəsi insan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı sübutları qeydə alan qruplara dəstək məqsədilə istifadə olunacaq.

Bununla yanaşı, sözügedən vəsait, həmçinin Belarus, Rusiya və Ukraynada jurnalistlərin müdafiəsi də daxil olmaqla, daha geniş regionda vətəndaş cəmiyyətinin dəstəklənməsinə sərf olunacaq.

 

BÖYÜK BRİTANİYA KRALINA YUMURTA ATAN ŞƏXSƏ QEYRİ-ADİ CƏZA VERİLİB

Böyük Britaniyada Yorkşir qraflığına səfəri zamanı III Çarlz və həyat yoldaşı Kamillaya yumurta atan tələbə həbsdən buraxıldıqdan sonra gülünc cəzadan şikayətlənib. “Teleqraf.com”un xəbərinə görə, 23 yaşlı tələbə Patrik Telvellin sözlərinə görə, o, krala 500 metrdən yaxın olmamaq və ictimai yerlərdə toyuq yumurtası ilə görünməmək şərti ilə zaminə buraxılıb.

Bununla yanaşı, gəncin sözlərinə görə, həbsdən çıxandan sonra onu kütlənin hücumundan qorumaq üçün dostları qarşılayıb.

“Həbs olunarkən kütlənin nə olduğunu gördüm. Onlar məni öldürmək və başımı dirəyə çırpmaq istəyirdilər”, - deyə tələbə bildirib.

III Çarlza niyə yumurta atmaq qərarına gəldiyini soruşduqda Telvell bunu krallara inanmadığı üçün etdiyini deyib. “Mən bütün insanların bərabərliyinə inanıram”, - deyə o əlavə edib.

Xatırladaq ki, noyabrın 9-da kral şəhər rəsmiləri ilə görüşən zaman ona tərəf yumurtalar atılıb.

 

COZEF BAYDENDƏN İQLİM BÖHRANI İLƏ ƏLAQƏDAR DÜNYA ÖLKƏLƏRİNƏ ÇAĞIRIŞ

ABŞ prezidenti Cozef Bayden ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə, o cümlədən istixana qazları tullantılarının azaldılması ilə bağlı yeni təşəbbüslərini elan edərək, dünya ölkələrini iqlim böhranını həll etmək üçün tədbirlər görməyə çağırıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə C.Bayden Misirdə BMT-nin İqlim Konfransında çıxışı zamanı bildirib.

“Bu gün əminliklə deyə bilərəm ki, biz 2030-cu ilə qədər tullantıların azaldılması hədəflərimizə nail olacağıq”, - deyə Cozef Bayden vurğulayıb. O qeyd edib ki, ABŞ-ın məqsədi 2005-ci illə müqayisədə 2030-cu ilə qədər istixana qazı tullantılarını 40 faiz azaltmaqdır.

Eyni zamanda, Cozef Bayden əlavə edib ki, 2030-cu ilə qədər tullantıları 87 faiz azaltmağa kömək edəcək yeni metan tullantılarının azaldılması qaydaları qüvvəyə minəcək.

Bundan əlavə, ABŞ prezidenti qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq və istixana qazlarının tullantılarını azaltmaq üçün ölkələri öz səylərini birləşdirməyə çağırıb.

 

İRAN ZƏNGİNLƏŞDİRİLMİŞ URAN EHTİYATLARINI YENİDƏN ARTIRIB

İran bu ilin sentyabr ayından bəri 60 faizədək zənginləşdirilmiş uran ehtiyatlarını 6,7 kiloqram artırıb. “Report” agentliyinin “Politico” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatında qeyd olunur.

Bildirilir ki, İran sentyabrda analoji hesabatın hazırlanmasından sonra mövcud uran ehtiyatlarını artırıb: “İranda oktyabrın 22-nə qədər 62,3 kiloqram 60 faizədək zənginləşdirilmiş uran olub. Bu da sentyabr ayı ilə müqayisədə 6,7 kiloqram çoxdur”.

Hesabatda həmçinin qeyd edilib ki, bu ölkədə zənginləşdirilmiş uranın ümumi miqdarı 3673,7 kiloqram təşkil edib və bu da sentyabr ayı ilə müqayisədə 267,2 kiloqram azdır.

Eyni zamanda, nüvə silahının yayılmaması sahəsi üzrə ixtisaslaşmış ekspertlərin fikrincə, İranda 60 faizə qədər zənginləşdirilmiş uranın hazırkı ehtiyatları daha zənginləşdirmə şərti ilə bir atom bombası istehsal etmək üçün kifayətdir.

Bununla yanaşı, AEBA-nın digər hesabatında vurğulanır ki, İran agentliyə bəyan edilməmiş üç nüvə obyektində uran hissəciklərinin mənşəyi ilə bağlı hələ izahat verməyib.

 

“AMAZON” 1 TRİLYON DOLLAR DƏYƏR İTİRƏN İLK ŞİRKƏT OLDU

Ən böyük elektron ticarət şirkəti olan “Amazon” bazar dəyərini 1 trilyon dollar itirən dünyanın ilk ictimai təşkilatı oldu. “Trend”in xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Açıqlamaya əsasən, 2022-ci ilin üçüncü rübü üçün şirkətin mənfi nəticələrinin dərc edilməsi fonunda investorlar rekord sayda “Amazon” səhmlərini satıblar.

Eyni zamanda, qeyd edilir ki, 2021-ci ilin iyulunda Amerika şirkətinin bazar kapitallaşması ən yüksək həddə - 1,88 trilyon dollara çatıb.

Noyabrın 9-da keçirilən ticarət zamanı “Amazon”un səhmləri 4,3 faiz ucuzlaşaraq şirkətin bazar dəyərini 879 milyard dollara qədər azaldıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.