İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Şahmatçımız uğurla irəliləyir

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında IV turun partiyaları oynanılıb. Hesabat turunda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova qazaxıstanlı, Səbinə Rzalı isə hindistanlı rəqibinə qalib gəlib. Nərmin Abdinova maksimum nəticə ilə vahid lider olub. Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.

İdmançımız beynəlxalq yarışın qalibi olub

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda kubokun sahibi olub. Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi turnirin final mərhələsinə yüksələn idmançı rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq buna nail olub.

Həndbol üzrə yığmamızın hazırlığı davam edir

Azərbaycanın 18 yaşadək oğlan həndbolçulardan ibarət yığması avqustun 12-dən 18-dək Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq. Milli komandanın hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. İlk öncə Tbilisidəki toplanışa qatılan komanda bu ilin martında Rusiyanın Həştərxan şəhərindəki turnirdə iştirak edib. Sonra taktiki-texniki plan üzrə hazırlığı Bakıda davam etdirib. Yenidən Həştərxana yola düşən həndbolçular toplanış çərçivəsində yerli komanda ilə 3 yoxlama matçı keçirəcəklər. İyunun 11-dək davam edəcək hazırlıq prosesində 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun ixtiyarında olacaq. Millimiz iyul ayında Mingəçevirin "Kür" Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq prosesi keçəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".