Fransanın mənimsədiyi mədəni irs geri qaytarılmalıdır
Siyasət

Fransanın mənimsədiyi mədəni irs geri qaytarılmalıdır

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Həmin dövr ərzində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsində saxlayıb.

Məsələn, Afrika ərazilərinin təxminən 35 faizi 300 il tamamilə Fransanın nəzarətində olub. Sözsüz ki, müxtəlif vaxtlarda bu dövlət müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Lakin forma etibarı ilə dəyişsə də, mahiyyət baxımından, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, məqsəd və məram olduğu kimi qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrinin, xüsusilə Əlcəzair və Ruandanın təbii sərvətlərini istismar edib. Yerli əhalinin, xalqın etirazının qarşısı isə zorakılıqla alınmışdır. Azadlıq, müstəqillik istəyən millətlərə qarşı soyqırımları həyata keçirilib. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin demək olar ki, əksəriyyəti məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edib sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini öldürüb.

Fransanın müstəmləkəyə çevirdiyi ərazilərdə ağır silahlardan da istifadə etməklə, ötən əsrin 30 ili ərzində Fransız Polineziyasında 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Polineziya və Əlcəzair xalqları nüvə sınaqlarının ağır fəsadlarını bu gün də yaşayırlar. Lakin Yelisey sarayı nüvə sınaqlarının yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən hələ də boyun qaçırır.

Dünyaya özünü demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi sırımağa çalışan Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırmışdır. Təəssüf ki, hələ də həmin mina xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Ermənistanın işğalçılıq siyasətini müdafiə edən, silahlanmasında bilavasitə canfəşanlıq göstərən Fransa öz "təcrübələrini" himayəsində olan dövlətlərdə də təbliğ edir. Bu gün Azərbaycan da işğaldan azad etdiyi ərazilərində Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq minanın düzgün xəritəsini tələb etsə də hələ ki, müsbət cavab ala bilməyib. Nəticə etibarilə Əlcəzair Azərbaycan kimi dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələr sırasında ön yerdə durur. Fransanın 132 il davam etdirdiyi işğal dövründə Əlcəzairin onu 1,5 milyondan artıq vətəndaşı qətlə yetirilib. Ona görə də onu "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Bu dövlətin törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitmək bilmir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də Fransa işğalın ağır fəsadlarını yaşayır.

Məsələn, Mərakeşdə 1907-ci ilin avqustunda iki günlük hücum nəticəsində "Kasablanka döyüşü" kimi tarixdə qalan hərbi əməliyyatlar da 3 minə yaxın mərakeşli qətlə yetirilmişdi. 29 noyabr 1947-ci ildə isə Vyetnamda törədilən qətliamda fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüb, 400-ə yaxın evi yandırmışdılar. Eyni ssenari, oxşar hadisələr 1961-ci ildə Tunisdə həyata keçirilmiş, Fransa hərbi bazasının bağlanmasını tələb edən 5 minə yaxın tunisli işgəncələrlə öldürülmüşdü.

Fransa müstəmləkə siyasəti nəticəsində ən böyük faciələrə, işgəncələrə və vəhşiliklərə məruz qalan xalqlardan biri əlcəzairlilərdir. Hələ 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə 12 min insan qılıncdan keçirilmişdi. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, həmçinin 5 minə yaxın insan həbs olunmuş, 99 nəfər edam və 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa müstəmləkəsinə etiraz olaraq Parisdə nümayişə çıxarkən polisin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər insan qətlə yetirilmiş, mindən çox şəxs həbs olunmuşdur. Bu hadisə tarixə "Sena qətliamı" kimi daxil olub. 1830-1962-ci illər ərzində Fransa tərəfindən bu ölkədə bütün təbii sərvətlər talan olunmuş, insanlar qul olaraq satılmışdı.

Dünyada mədəniyyət mərkəzi kimi təbliğ edilən, məhəbbət və sevgi şəhəri kimi arzulanan Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülən 18 min döyüşçünün kəllə sümükləri saxlanılır. Həmçinin Afrika ölkələrinin mədəni irsinin ən yaxşı nümunələri Fransa muzeylərindədir. Bu günlərdə Əlcəzair dövləti müstəmləkəçilik dövründə ölkədən çıxarılan mədəni sərvətlərinin siyahısını Fransaya təqdim edib. Məsələ ilə bağlı "Agence France-Presse" məlumat yayıb. Mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında Əlcəzair tərəfindən təhvil verilib. Siyahıya Fransanın müxtəlif muzeylərində saxlanılan artefaktlar daxildir. Məlumat üçün onu da qeyd edək ki, artefakt keçmişdə mexaniki təsirə məruz qalmış, məqsədyönlü arxeoloji qazıntılar və ya hər hansı tək, bəzən təsadüfi hadisə nəticəsində aşkar edilmiş obyektlərə deyilir. Məsələ ilə bağlı Əlcəzair Prezidenti Əbdülməcid Tebbun deyib ki, mədəni irs güzəşt və kompromis mövzusu olmamalıdır və Əlcəzair bu məsələlərə obyektiv baxılmasını gözləyir.

Ramidə YAQUBQIZI,

"Respublika".