DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏ PREZİDENTİNİN İRAQA SƏFƏRI ZAMANI 26 SƏNƏD İMZALANIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də 13 illik fasilədən sonra İraqa rəsmi səfər edib. O, İraqın paytaxtı Bağdadda həmkarı Əbdüllətif Camal Rəşidlə görüşüb. “TRT” telekanalının verdiyi xəbərə görə, danışıqlar zamanı Türkiyə ilə İraq arasındakı ikitərəfli əlaqələr, Qəzza zolağındakı əməliyyatlar, regional və qlobal məsələlər, terrorla mübarizə mövzuları müzakirə olunub.

Görüş zamanı Ərdoğan Türkiyənin İraqdan PKK terror təşkilatı ilə mübarizə üzrə gözləntilərinin olduğunu, bu ölkənin hər cür terrordan təmizlənməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı iki ölkə arasında 26 sənəd imzalanıb. Sənədlər təhlükəsizlik başda olmaqla, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələri əhatə edir.

İraqın sabitliyi üçün rəsmi Bağdad ilə Şimali İraq Regional İdarəçiliyi arasında əlaqələr, o cümlədən türkmanların layiq olduqları mövqeyi ilə bağlı söz açan Ərdoğan İsrailin Qəzza zolağındakı əməliyyatını dayandırmaq üçün səylərin davam etdiyini və müsəlman ölkələrin bu prosesdə birlikdə hərəkət etməli olduğunu diqqətə çatdırıb.

Xəbər verilir ki, Türkiyə prezidenti bir günlük səfəri çərçivəsində Bağdadda baş nazir Məhəmməd Şiə əl-Sudani ilə də görüşüb.

QLOBAL HƏRBİ XƏRCLƏR REKORD HƏDDƏ ÇATIB

Dünya üzrə hərbi xərclər tarixdə ən yüksək səviyyəyə çatıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu qənaətə Stokholm Sülh Tədqiqatları İnstitutunun (SIRPI) hesabatından gəlmək olar.

Məlumata əsasən, 2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 faiz çoxdur.

Verilən xəbərə görə, 2023-cü ildə müdafiəyə ən çox pul xərcləyən ilk on dövlət arasında ABŞ, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və Ukrayna yer alıblar.

Bildirilir ki, ABŞ bu məqsədlə 916 milyard, Çin isə 296 milyard xərcləyib. Bütün qlobal müdafiə xərclərinin təxminən yarısı Vaşinqton və Pekinin payına düşüb.

Ötən il Rusiyanın hərbi xərclər

i 2022-ci illə müqayisədə 24 faiz artaraq 109 milyard dollar təşkil edib. 2014-cü ildən bəri Rusiyanın bu sahədəki xərcləri 57 faiz artıb.

Qeyd edilir ki, Ukrayna bu siyahıda səkkizinci yerdə qərarlaşıb. Ölkənin hərbi xərcləri 2023-cü ildə 64,8 milyard dollar təşkil edib.

DONALD TRAMP VƏSAİT ÇATIŞMAZLIĞI İLƏ ÜZLƏŞİB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp mart ayında vəkillik xərclərinə 4,9 milyon dollar xərcləyib. Hazırda onun 6,8 milyon dolları qalıb və vəkil xidmətləri üzrə xərcləri ödəmək üçün vəsait çatışmazlığı ilə üzləşə bilər. Bu barədə “Bloomberg” agentliyi onun seçki kampaniyasının maliyyələşdirilməsinə dair hesabatlara istinadən xəbər verib.

Agentliyin məlumatına görə, Respublikaçıların Milli Komitəsi D.Trampın vəkillərlə bağlı hesablarını ödəməkdən imtina edib.

Hazırda Tramp donorlardan ianələri qəbul etmək hüququna malik olan “Amerikanı xilas et” siyasi komitəsinin köməyindən faydalınır. Bu ilin yanvar ayından komitə vəkillik xərclərinə təxminən 60 milyon dollar xərcləyib.

Qeyd edək ki, ABŞ qanunları kampaniya komitəsinin keçmiş prezidentin hüquqi xərclərini birbaşa maliyyələşdirməsini qadağan edir.

Xatırladaq ki, ABŞ-da Donald Trampa qarşı bir neçə cinayət işi açılıb. Xüsusilə, keçmiş Amerika lideri və prezidentliyə namizəd ABŞ-ın nüvə arsenalı ilə bağlı sənədləri düzgün saxlamamaqda ittiham olunur.

YENİ PANDEMİYAYA SƏBƏB OLA BİLƏCƏK VİRUSUN ADI AÇIQLANIB

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Guardian” qəzeti beynəlxalq araşdırmaya istinadən məlumat yayıb.

Bildirilir ki, araşdırmada dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “X Virus”unun bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.

“Qrip hər qış ortaya çıxır. Bu epidemiyaları kiçik pandemiya adlandırmaq olar. Onlara az-çox nəzarət edilir, çünki səbəb olan müxtəlif ştammlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq”, -  deyə Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsiya bildirib.

Eyni zamanda, vurğulanır ki, sorğuda iştirak edən alimlərin 15 faizi “Sars-CoV-2”nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.

İRAN PREZİDENTİ PAKİSTANDA

İran prezidenti İbrahim Rəisi üçgünlük rəsmi səfər proqramı ilə Pakistanın paytaxtı İslamabada gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Pakistan Xarici İşlər Nazirliyi səfərin aprelin 24-dək davam edəcəyini açıqlayıb.

Məlumata əsasən, İran prezidentini yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Heyətə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər kabinet üzvləri də daxildir.

Bildirilir ki, səfərin məqsədi iki ölkə arasında ticari-iqtisadi əməliyyatların həcmini 10 milyard dollara çatdırmaq, həmçinin regional və qeyri-regional əməkdaşlığı inkişaf etdirməkdir.

Xatırladaq ki, yanvarın 18-də iki ölkə arasında hərbi gərginlik yaşanmışdı. İranın Pakistan ərazisinə qanunsuz hava zərbələrinə cavab olaraq, Pakistan qırıcıları bu ölkənin ərazisinə daxil olaraq bir sıra hədəflərə zərbələr endirmişdi. İbrahim Rəisinin İslamabada ikitərəfli müansibətlərdəki problemləri həll etmək üçün gəldiyi güman edilir.

BRİTANİYADA İKİ NƏFƏR ÇİNƏ CASUSLUQDA İTTİHAM OLUNUR

Böyük Britaniya parlamentində tədqiqatçı kimi çalışan şəxs Çinin xeyrinə casusluqda ittiham olunur. “Politico” nəşrinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Prokurorluğu məlumat yayıb.

Açıqlamaya əsasən, Mühafizəkarlar Partiyasının xarici əlaqələr komitəsinin sədri Alisiya Kirns tərəfindən tədqiqatçı kimi işə götürülən Kristofer Keş digər şəxs Kristofer Berri ilə birlikdə Çinə məlumat sızdırmaqda ittiham olunur.

Bununla yanaşı, ittihamları açıqlayan Prokurorluğun terrorla mübarizə şöbəsinin rəhbəri Nik Prays bildirib ki, komandasına Metropolitian Polisinə iki nəfəri casusluq cinayətlərində ittiham etmək səlahiyyəti verib.

Məlumata əsasən, 32 yaşlı Kristofer Berri və 29 yaşlı Kristofer Keşin işi ilə bağlı  aprelin 26-da məhkəmə iclası keçiriləcək.

Polisin Terrorla Mübarizə Departamentinin rəhbəri Dominik Merfi isə vurğulayıb ki, onlar “çox ciddi iddialar olan son dərəcə mürəkkəb istintaqa” nəzarət ediblər.

ABŞ 11 MİN HƏRBÇİNİN İŞTİRAKI İLƏ FİLİPPİNDƏ TƏLİMLƏRƏ BAŞLAYIB

ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 kilometr aralıda keçiriləcək. ABŞ-ın Filippində yerləşdirdiyi “SM-6” zenit-raketləri təlimdə istifadə edilməyəcək.

Eyni zamanda, bildirilir ki, təlimlər Filippinin şimalında, Tayvana 300 kilometrdən az məsafədə yerləşən Kaqayan və Batanes əyalətlərində keçiriləcək.

“Balikatan 2024”ün iştirakçıları həmçinin informasiya müharibəsi taktikası, dəniz təhlükəsizliyi və inteqrasiya olunmuş hava və raketdən müdafiə üzrə təcrübə keçəcəklər.

Bildirilir ki, mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcək. Asiya və Avropanın 14 ölkəsi onlara müşahidəçi qismində qoşulacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.