Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Sosial həyat

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Əvvəlcə Komissiyanın fevralın 1-də, 5-də və 11-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 65 saylı Salyan-Biləsuvar-Neftçala, 77 saylı Lənkəran şəhər və 81 saylı İmişli seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Media nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. MSK sədri Məzahir Pənahov fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq qurumlar tərəfindən daxil olan məktublarda seçkilərin yüksək qiymətləndirildiyini qeyd edib.

MSK sədri 7 fevral seçkilərinin uğurlarından da söz açıb: "Bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində əvvəlkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub. Prezident seçkiləri ölkəmiz üçün tarixi seçki idi. Çünki seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçirilirdi".

M.Pənahov əlavə edib ki, bu il həm də Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli rayonlarında, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: "Həmin vaxta qədər o yerlərə vətəndaşların köçürülməsi prosesi davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır".

Qeyd edək ki, bələdiyyə seçkilərinin keçiriləcəyi dəqiq tarix barədə hələlik məlumat verilməyib.

Tacir SADIQOV,

"Respublika".