Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Turkic World": Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb

Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycan tərəfindən sərhəd zonasındakı keçid məntəqələrindən birində saxlanılıb.

"Turkic World" saytının xəbərinə görə, sözügedən şəxs Ermənistan tərəfdən minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Müvafiq məlumat Çexiyanın Bakıdakı konsulluğuna göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir. Xəbərdə qeyd olunub ki, istintaq onun erməni postlarından necə keçdiyini, eləcə də xarici ölkə vətəndaşında minalanmış ərazilərin xəritələrinin olub-olmadığını araşdıracaq.

Yekunda o da qeyd olunub ki, son vaxtlar bir sıra Avropa ölkələrinin nümayəndələri Ermənistan-Azərbaycan sərhədini tez-tez ziyarət edirlər. Fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub. Bütün bunlar Qərb strukturlarının bu ərazidə kəşfiyyat apardığına işarə edə bilər.

"Pakistan Wise": Azərbaycanın sadələşdirilmiş viza sistemi pakistanlı turistlər üçün geniş imkanlar yaradır

Pakistanın məşhur "Pakistan Wise" texnologiya və biznes saytı Azərbaycanın ASAN Viza sistemini tətbiq etməklə pakistanlıların ölkəyə səfərini asanlaşdırması barədə məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, yeni sistem üç mərhələdən ibarətdir. Bu, həmçinin Azərbaycana daha çox pakistanlı ziyarətçilərin gəlməsinə və onların ölkənin mədəniyyətini tanımasına imkan verəcək.

ASAN Viza sistemi turistlərə iki seçim təklif edir ki, bunlar "standart" və "təcili" vizalardır. Standart vizaların qiyməti 20 ABŞ dollarıdır və verilməsi 3-5 gün çəkir, 30 günlük səyahət üçün daha əlverişli hesab olunur. Qiyməti 50 ABŞ dolları olan "təcili" vizalar isə 3-5 saat ərzində hazırlanır.

"Anadolu Agentliyi": Tərəfdaşlarının Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur

Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha aktualdır.

"Anadolu Agentliyi" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində paylaşım edilib.

"Tərəfdaşlarının Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur. Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib", - paylaşımda qeyd edilir.

Bildirilir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.

"Hellenic Shipping News": SOCAR BTC boru kəməri ilə nefti Tailanda göndərir

"Hellenic Shipping News" xəbər saytı məlumat verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ötürülən nefti Qırmızı dənizdən yan keçməklə Tailanda göndərib. Səbəb isə Yəməndəki husi qiyamçılarının Qırmızı dənizə hücumlarıdır. Bu da Süveyş kanalı və Qırmızı dənizdən keçən gəmilərə təhdid yaradıb. Buna görə də Azərbayancandan göndərilən təxminən 1 milyon barrel nefti daşıyan "Tilos I" tankeri Afrikadakı Ümid burnunun ətrafından keçməklə Tailanda getmək məcburiyyətində qalıb. Yükün martın 8-də Tailandın Şri Raça limanına çatacağı gözlənilir.

"Kafkazskiy Uzel": Azərbaycanda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb

"Kafkazskiy Uzel" yazır ki, fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. Rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb. Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.

"Pakistan Observer": Azərbaycanın biznes nümayəndələri Avstriyada səfərdədir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (SMBDA) nümayəndələri, Azərbaycan və Avstriyanın işgüzar dairələri, KOM-lar arasında əlaqələrin genişləndirilməsi, mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi, bu ölkədə biznesə dəstək üzrə məlumat və təcrübə mübadiləsi məqsədilə Vyanaya səfər ediblər.

Bu barədə "Pakistan Observer" xəbər saytı məlumat yayıb.

Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Avstriyanın biznesə dəstək verən müxtəlif qurumlarında görüşlər keçirilib. Avstriya Biznes Agentliyinin icraçı direktoru Rene Tritser və SMBDA-nın Direktorlar Şurasının sədri Orxan Məmmədov arasında keçirilən görüşdə hər iki ölkənin biznesə dəstək mexanizmləri barədə qarşılıqlı məlumat verilib, biznesin inkişafı ilə bağlı müzakirələr aparılıb.

"Respublika".